Şahmar Mövsümovla bağlı ciddi irad
11:14 24-12-2013
İQTİSADİYYAT
Şahmar Mövsümovla bağlı ciddi irad
Neft Fondunun büdcəsi şəffaflıqdan niyə uzaqlaşır?
Ötən həftə Neft Fondunun illik büdcəsi ilə yanaşı Fondun 2014-cü ildə idarə edilməsi üçün xərclər smetası da təsdiqləndi. Yeni smetada nəzərə çarpan ilk dəyişiklik əvvəlki illə müqayisədə xərclərin azalmasıdır.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, Fondun gələn ilki xərcləri 33% və ya 28 milyon manat azaldılıb. Fond 2014-cü ili 58,1 milyon manatla yola verməli olacaq. Azalmanı şərtləndirən səbəb Fondun inzibati binasının tikintisinə ayrılan vəsaitin 2 dəfə azaldılaraq 30 milyon manata endirilməsidir. Bundan başqa qrant ödənişləri 6 dəfə, malların satın alınması isə 50% artırılıb.
Xərclər smetası ilə tanış olduqda iki məsələ diqqət çəkir:
1. Neft Fondunun büdcəsinin təsdiqinin ləngidilməsi artıq ənənə halını alıb. 2014-cü ilin büdcəsi dekabrın 19-da təsdiq edilib. 2013-cü ilin büdcəsi isə hətta ilin son iş günü - dekabrın 30-u təsdiqlənmişdi. Əvvəlki illərin büdcəsində də oxşar vəziyyət müşahidə edilib. 2011-ci ilin büdcəsi dekabrın 29-da, 2010-cu ilin büdcəsi dekabrın 28-də təsdiqlənmişdi. Halbuki bu hal qanunvericiliyin birbaşa pozulmasıdır. Prezidentin 12 sentyabr 2001-ci il tarixli, 579 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına görə, Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilməlidir. Ancaq təcrübə göstərir ki, Fondun büdcəsi ənənəvi olaraq dekabrın son günləri təsdiq edilir.
2. Fondun əməyin ödənişi fondu 51% artıb. Gələn ilki büdcədə əməyin ödənişi fondu təxminən 2 milyon manat artaraq 5,9 milyon manata yüksəlib. Bu xərc maddəsinin açılışı verilmədiyindən bu məbləğin hansı hissəsinin əmək haqqına, o cümlədən ştatda olanların maaşlarına, hansı hissəsinin isə digər ödənişlərə aid olduğunu müəyyənləşdirmək çətindir. Ancaq Fondun əvvəlki illərin xərc smetalarının təhlili göstərir ki, ştatda olan işçilərin əmək haqqı xərcləri orta hesabla 2,5 milyon manat təşkil edib. Fonda 110 nəfər işlədiyini nəzərə alsaq, deməli, artımdan öncə qurumda işləyənlərin orta aylıq məvacibi 1880 manat olub. Bu isə ölkə üzrə orta aylıq əmək haqqından ən azı 4,5 dəfə çoxdur. Artımdan belə nəticə çıxartmaq olar ki, yeni inzibati binaya köçməklə əlaqədar işçilərin sayı artırılacaq. Eyni zamanda son qiymət artımlarını kompensasiya etmək üçün işçilərin maaşlarının artırılması da istisna edilmir.
Ölkədə şəffaf qurumlardan hesab olunan Fond son 2 ildə Fondun xərclər smetası məhdud qaydada açıqlanır. Fond xərclərini ancaq maddə səviyyəsində açıqlamaqla kifayətlənir. Halbuki vahid büdcə təsnifatına uyğun olaraq xərclər bölmə, yarımbölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində açıqlanmalıdır. Yəni əməyin ödənişi üçün ayrılan xərclərin hansı hissəsinin ştatda olan və olmayan işçilərin əmək haqqı, hansı hissəsinin Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, hansı hissəsinin icbari sığorta ödənişləri və s. təşkil etdiyi bilinməlidir.
Oxşar qapalılıq digər xərclərə də aiddir. Fondun bank xərclərinin 7,4 milyon manat və ya ümumi xərclərinin 13%-ni təşkil etməsi isə heç bir məntiqə sığmır. Məlumat üçün bildirim ki, büdcə təsnifatına görə, bank xərcləri idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərdir. Bu xərclərin həcmi isə 1%-dən çox ola bilməz. Ən yüksək xidmət haqqı ilə götürsək bank xərcləri 7,4 milyon manat yox, 580 min manat olmalıdır.
Bütün bu deyilənlər isə Şahmar Mövsümovun rəhbərlik etdiyi qurumun şəffaflıqdan tədricən uzaqlaşdığını söyləmək üçün isə əsas yaradır. Şəffaflığın olmadığı yerdə isə yalnız korrupsiya üçün geniş imkanlar yarandığını söyləmək, fikrimizcə, artıqdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53