Tağı Əhmədovun karyerası təhlükə qarşısında
12:14 25-12-2013
İQTİSADİYYAT
Tağı Əhmədovun karyerası təhlükə qarşısında
Bakı metropolitenindəki nasazlıqlar onun vəzifədən ayrılmasına gətirib çıxara bilər
Son vaxtlar Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun yalnız müstəqil deyil, hökumətə yaxın KİV-lərdə də tənqid edilməyə başlaması təsadüfi görünmür. Böyük ehtimalla artıq metropoliten rəhbərliyində dəyişikliklərin, kadr islahatlarının vaxtının çatdığına dair qənaətlər güclənir və belə mümkün dəyişikliklərə hazırlıq kimi də Əhmədovun ünvanına ciddi irad və qınaqlar səslənməyə başlayır. Bunu adının çəkilməsini istəməyən məlumatlı mənbə qəzetimizin əməkdaşı ilə söhbətində bildirib.
Tağı Əhmədovla bağlı narazılıqların qüvvətlənməsinin iki əsas səbəbi göstərilir. Bunun biri onun davamlı şəkildə müxtəlif mətbuat orqanları ilə ixtilaf yaşaması və sonda bu ixtilafların metropoliten rəisinin ictimai rəydə xoş görünməyən obrazının yaranması ilə yekunlaşmasıdır.
İkinci və önəmli səbəb isə son vaxtlar Bakı Metropolitenində nasazlıqların adiləşməyə başlamasıdır. Belə ki, son dörd gündə metroda ikinci dəfə ciddi "ÇP" yaranıb. Belə ki, dekabrın 20-də Dərnəgül-Həzi Aslanov istiqamətində qatarların ləngiməsi biabırçı mənzərə - basabas yaratmışdı. Amma bu deyəsən, metropoliten rəhbərliyini hərəkətə keçirmək üçün kifayət etmədi və nəticədə dekabrın 22-si saat 23 radələrində metroda yenə qatarların işində fasilə yarandı. Həmin gecə Memar Əcəmi Həzi Aslanov istiqamətində sərnişinlər azı 15-20 dəqiqə ərzində qatar gözləməli olublar. Bundan iki gün sonra da günorta saatlarında eyni xətt üzrə ləngimələr olub. İndi çoxluq bunu düşünür: metroda nə baş verir? İnsanlar hələ çoxmu bu vəziyyətdə getməlidir? Daha ciddi fəsadların baş verməyəcəyinin təminatı varmı?
Təəssüf ki, bu suallara metropoliten rəhbərliyi, - başda Tağı müəllimin özü olmaqla, - aydınlıq gətirmək istəmirlər. İki gün əvvəl ANS TV-nin hazırladığı reportajda qeyd edilirdi ki, «mətbuatdan küsüb. And içib ki, heç kimə açıqlama verməyəcək. O gündən də andına sadiqdir. Başa düşürük, Sadiq onun təxəllüsüdür və o, Tağı Sadiq təxəllüsü ilə gözəl sevgi şerləri yazır. Amma Tağı müəllimin qəlbində millətə sevgi də olmalıdır və bu sevgi ilk növbədə özünü millətin böyük bir qisminin gündəlik istifadə etdiyi Metropolitenin işində göstərməlidir».
Tağı Əhmədovun «vurulma» ehtimalını ciddiləşdirən amillərdən biri də Bakı metropoliteninin tikinti işləri həyata keçirilərkən müəyyən qanunsuzluqların yaşandığına dair deyilənlərdir. Məsələn, 7-ci mikrorayonda məcburi köçkünlərin də yaşadığı ərazidə Bakı Metropoliteni yeni tikintiyə başladı. Bununla əlaqədar sakinlər ərazidən köçürüldü. Köçürülmə şərtləri isə qane edici olmadığından məsələ hədsiz şişdi, köçürülmə şərti ilə razılaşmayan 30-dan artıq sakinlə iş isə məhkəməyədək uzandı. Halbuki ölkə rəhbərliyi bu cür hallarda məsələlərin sakit, heç bir vətəndaşın incidilməməsi, narazı salınmaması şəraitində həllini tələb edir, məmurlara da məhz bu yöndə tapşırıqlar verilir. Amma Bakı Metropoliteninin yeni stansiya və depo tikintiləri zamanı davamlı şəkildə vətəndaşlarla intriqa yaşaması, müəyyən sakinlərdə narazılıqlar yaratması adi hala çevrilib ki, bu da «metro şefi»nin görəvdən alınacağı təqdirdə əsas səbəblərdən biri kimi göstərilə bilər.
Xatırladaq ki, 65 yaşlı Tağı Əhmədov 40 ilə yaxındır metro sistemində çalışır. O, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləmişdir. Son 15 ildə isə metropolitenin rəisi postunu tutan Əhmədovun əvəzlənməsi vaxtının çatdığı hələ ötən ay dilə gətirilmişdi.
Hesab edilir ki, bir şəxsin uzun müddət eyni vəzifədə qalması onun rəhbərlik etdiyi sahədə tədricən müxtəlif «ÇP»lərin, qüsurların meydana çıxmasına, bir müddət sonra ciddi problemlərə çevrilməsinə gətirib çıxarır. Elə metropolitenin işində son vaxtlar ardıcıl şəkildə yaşanan nasazlıqlar da məhz bu dediklərimizin təsdiqi sayıla bilər.
O ki qaldı ictimai rəydə və KİV-də Bakı metropoliteni rəisinin əvəzlənəcəyinə dair əhval-ruhiyyənin güclənməsinə, bu haqda birmənalı danışmaq çətindir. Bu ehtimalın doğrulub-doğrulmayacağını bizə yalnız qarşıdakı zaman kəsimi göstərəcək. Odur ki, yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17