Oqtay Şirəliyevin nazirliyinin pul çəkişməsi
12:16 25-12-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyinin pul çəkişməsi
Şəkərli diabet xəstələrinin pulsuz dərmanlarla təmin edilməsi ilə bağlı problem niyə səngimək bilmir?
Gəncədə hər ayın əvvəli diabet xəstəliyindən əziyyət çəkənlər pulsuz dərmanlarla təmin edilsələr də dekabr ayının sonu olmasına baxmayaraq, xəstələr hələ də dərman preparatlarını ala bilməyiblər. Faktı gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev də təsdiqləyib.
Onun verdiyi məlumata görə dərmanların verilməsində gecikməyə səbəb şəhərdə yeni diabetli xəstələrin aşkar edilməsidir. Onun sözlərinə görə, bu il 700-ə yaxın yeni şəkərli diabet xəstələri aşkar edilib ki, bunların da dərman preparatları ilə təmin edilməsi üçün vəsait lazımdır. Artıq bununla bağlı Maliyyə Nazirliyinə müraciət edildiyi və ordan cavabı gözlədikləri bildirib.
Məlumata görə, Gəncədə hazırda 10 min 11 nəfər şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxs var. Onlar hər ay 10 adda müxtəlif həblər və 6 adda insulin preparatı ilə dövlət hesabına pulsuz təmin edilirlər.
Qeyd edək ki, Azərbaycanda şəkərli diabet xəstələrinin narazılıqları çoxdan mövcuddur. Məsələ burasındadır ki, dünyada diabet yalnız tibbi deyil, həm də ağır sosial-iqtisadi problem sayıldığı üçün bu xəstəliyə düçar olan şəxslər bu və ya başqa səviyyədə dövlət yardımı ilə əhatə olunurlar. Azərbaycanda sovet dövründə belə yardım mexanizmi işləsə də (diabet xəstələrinə pulsuz insulin və həblərin verilməsi, onların pulsuz müayinəsi və sair), 90-cı illərdə bu mexanizm demək olar ki, bütünlüklə unudulub. 2003-cü il dekabrın 23-də Milli Məclis tərəfindən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun qəbul edilməsi ilə yeni bir mexanizmin əsası qoyulub. 2004-cü ilin 12 fevralında qanunun tətbiqinə dair fərman imzalayan dövlət başçısı həmin sənədlə Nazirlər Kabinetinə 2 ay müddətində diabet xəstələrinə qayğının mexanizmini əks etdirən proqram hazırlamağı tapşırıb. Tapşırığın icrası yaradılan işçi qrupuna həvalə edilib. Qrupun hazırladığı proqram layihəsi bir sıra dəyişikliklərlə 2005-ci ilin 7 iyununda Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Proqram şəkərli diabetə tutulmuş insanlarla bağlı məlumatları əks etdirən registrin yaradılmasından tutmuş, onların insulin, həblər və özünənəzarət vasitələri ilə dövlət hesabına təminatı, endokrinoloq-həkim və orta tibb heyətinin bacarıqlarının artırılması, orta məktəblərdə xəstə uşaqların təhsilinin təşkilinə qədər çoxşaxəli istiqamətləri əhatə edir. 2006-cı ildə onun icrasına 6 milyon, 2008-ci ildə 12 milyon, 2009-cu ildə isə 7,6 milyon manat vəsait ayrılıb. Diabet xəstələrinin illik artım tempi nəzərə alınaraq, proqramın icrasına hər il əvvəlki illə müqayisədə 15 faiz artıq vəsaitin yönəldilməsi qərara alınsa da, göründüyü kimi, 2009-cu ildə bu artım məlum səbəblərdən baş tutmayıb. Sonrakı illərdə də bu istiqamətdə dövlət vəsaitinin ayrılması davam edib.
Tibb mütəxəssislərinin böyük əksəriyyəti proqramın kifayət qədər təkmil sənəd olduğunu vurğulayırlar. Lakin təəssüf ki, hələlik bu sənədin icra vəziyyəti onun nəticələri ilə bağlı nikbinliyə əsas vermir. Belə ki, diabet xəstələri üçün nəzərdə tutulan vəsaitlər rayonlarda yerli səhiyyə, icra və maliyyə orqanlarının çəkişmə obyektinə çevrildiyi üçün xəstələrin bir çoxu onlara çatası insulin və həbləri ya ümumiyyətlə ala bilmirlər, ya da gec alırlar. Elə Gəncədə baş verənlər də bu istiqamətdə problemin hələ də davam etdiyinin göstəricisidir.
Şəkərli diabet xəstələri pulsuz dərmanlarla təmin edilmək sarıdan yaranan problemlərə görə birbaşa Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyini günahlandırırlar. Nazirlik isə digər qurumlarla bu istiqamətdə çəkişməyə aydınlıq gətirə bilmədiyindən tənqid və ittiham hədəfinə çevrilir. Şirəliyevin uzun müddətdir (artıq 9 ilə yaxın) səhiyyə naziri postunu tutmasına rəğmən məlum çəkişməni yoluna qoya bilməməsi təbii ki, maraq doğurur.
Eyni zamanda həyatları təhlükə altında olan insanların sağlamlığının müxtəlif dövlət orqanlarının çəkişməsinin predmetinə çevrilməsi təəssüf və heyrət doğurur. Məmur maraqlarının vətəndaşların sağlamlıq məsələsinin önünə keçməsi xoşagəlməz haldır.
Artıq bu məsələyə nöqtə qoymağın zamanı gəlib. Necə? Qoy bu sualın cavabını da Oqtay Şirəliyevin nazirliyi ilə digər aidiyyatı orqanlar tapsınlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17