Türkiyədə rüşvət əməliyyatının arxasında ABŞ dayanır?
Türkiyədə rüşvət əməliyyatının arxasında ABŞ dayanır?

Ərdoğanla Fətullah Gülən arasında iplər tamamilə qopdu

ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyənin bəzi media orqanlarında ABŞ-ın Ankaradakı səfiri Frenk Rikkardone (Francis Ricciardone) haqqında çıxan xəbər və iddialarla bağlı qardaş ölkənin "Vatan" qəzetinə açıqlama verib.

Adının çəkilməsini istəməyən amerikalı nümayəndə deyib: "Bəzi Türkiyə media orqanlarında Amerika səfiri, digər yüksək səviyyəli ABŞ nümayəndələri, bəzi ABŞ vətəndaşları, beynəlxalq media təmsilçiləri haqqında iftiralar və hücumlar dərin narahatlıq doğurur".
ABŞ Dövlət Departamentini təmsilçisi Türkiyə hökumətini bu kampaniyaya reaksiya verməyə çağırıb: "Ümid edirik ki, Türkiyə hökuməti bu iddiaları təkzib edəcək, hücumları qınayacaq və həyati önəmə sahib ikitərəfli əlaqələrimizi qoruyacaq".
Qeyd edək ki, Türkiyənin iqtidara yaxın mediası rüşvət və korrupsiya əməliyyatının arxasında ABŞ-ın dayandığını bildirir və səfir F. Rikkardonenin ölkədən qovulmasını tələb edir.

İrandan Rza Zərrabla bağlı açıqlama

İran Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunmuş iş adamı Rza Zərrabla bağlı açıqlama verib. "Mehr" xəbər agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini İbrahim Rahimpur bildirib ki, Türkiyədəki son hadisələr tək R.Zərrabla bağlı deyil: "Məsələ bu ölkədəki quruluşun pərdə arxasında cərəyan edən qarşıdurmalardan qaynaqlanır".
Onun sözlərinə görə, soyadını Sərraf olaraq dəyişdirmiş iş adamı haqqında bəzi iddialar ortaya atılıb: "Biz mövzunu hələ araşdırdığımızdan, bir qiymətləndirmə edə bilməyəcəyik. Düzdür, İranla bağlı bəzi iqtisadi əlaqələr gündəmə gətirilib. Lakin bu məsələ Türkiyənin daxili məsələsidir. Mövzu qarmaqarışıq olduğundan, mühakimə üçün şərtlər əlverişli deyil".
İ.Rahimpur R.Zərrabın rəsmi şəxs və dövlətlə əlaqəsi olmadığından, onun həyata keçirdiyi bank əməliyyatlarının İranla nə qədər əlaqəli olduğu haqqında məlumatlara malik olmadığını deyib: "Son bir həftədəki bütün məlumatlar medianın ortaya atdığı məlumatlardır. Ancaq həyata keçirilən həbslər mövzunun ciddiliyini göstərir".

Türkiyənin daxili işlər naziri Rza Zərrabla görüşdüyünü etiraf etdi

Adı rüşvət və korrupsiyaya qarışan və ötən həftə keçirilən şərti adı "Böyük rüşvət işi" olan əməliyyat çərçivəsində oğlu həbs edilən Türkiyənin daxili işlər naziri Muəmmər Gülər həyata keçirilən əməliyyatın detalları və bu işdə adının hansı formada keçdiyi barədə danışıb.
Türkiyədə dərc olunan "Posta" qəzetinin yazarı Nadaş Tolqa İşıqlı ilə danışan daxili işlər naziri deyib ki, əməliyyatlar başlayandan sonra baş nazir Ərdoğana istefa vermək istədiyini və işdən kənarlaşdırılması da daxil olmaqla, hər şeyə hazır olduğunu bildirib. Baş nazir isə ona deyib ki, nə lazımdısa, o özü şəxsən edəcək.
Korrupsiya əməliyyatlarının əsas hədəfi olan Azərbaycan əsilli iş adamı Rza Zərrabla tanışlığı və onun tapşırığı ilə bir polis rəisini işdən çıxarması barədə yayılan telefon danışıqları barədə də açıqlama verən nazirin sözlərinə görə, həmin polis rəisi Zərrabı təhdid edərək, ondan 1 milyon dollar istəyib. Nazir bildirib ki, polis rəisi Zərraba bu pulu verməyəcəyi təqdirdə onunla bağlı əməliyyat keçirəcəklərini söyləyib. Buna görə də həmin rəis barədə araşdırma aparılıb.
R.Zərrabla tanışlıqlarından da bəhs edən M.Gülərin sözlərinə görə, iş adamını oğlu vasitəsilə tanıyıb: "Oğlumun 2004-2008-ci illərdə bizneslə məşğul olduğu bir qohumumuz var idi. Həmin adam oğlumu aldadıb ona borc yüklədi. Bu borcları isə sənədləşdirdi. Sonra həmin sənədləri də ödəməkdən imtina etdi. Daha sonra öyrəndik ki, həmin şəxs R. Zərrabın Çindəki işlərinə rəhbərlik edir. Oğlum da dedi ki, əgər bu adam R.Zərrabın yanındadırsa və pul qazanırsa, mən də pulumu ala bilərəm. Sonra da bu məqsədlə Zərrabla tanış olur. Adı çəkilən iş adamı ilə tanışlığımız da belədir".
Oğlunun evində tapılan pullarla bağlı danışan daxili işlər naziri deyib ki, həmin pullar B. Gülərin satdığı villasının pullarıdır, sadəcə sənədləşmə məsələsində bir ipoteka problemi yaşandığı üçün pulları banka qoymaq mümkün olmayıb.
Həbs edilən R.Zərrabla bir dəfə görüşdüyünü etiraf edən nazir bildirib ki, iş adamının barəsində gizli araşdırmalar getdiyindən xəbərsiz olub: "Mənə "davam edən bir araşdırma var, onunla görüşməyin" deyə bilərdilər. Ancaq demədilər. Bu, cinayətdir".

Ərdoğandan
Fətullah Gülənin
qarğışına yeni cavab

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən "rüşvət qalmaqalı" məsələsində adı çəkilən Fəthullah Gülən ona qarşı ittihamlara cavab verib. Hətta, F.Gülən ötən həftə etdiyi video müraciətində haqqında bu cür şayə yayanlara qarşı qarğış da edib.
Baş nazir Rəcəb Təyyib Ərdoğan isə Fətullah Gülənin sözügedən qarğışına cavab verib. Baş nazir Pakistana səfəri zamanı təyyarədə Fətullah Gülənə yaxın olan "Zaman" qəzetinin Ankara nümayəndəsi və köşə yazarı Mustafa Ünal ilə söhbəti zamanı deyib: "Bu necə qarğışdır, axı kimə edir? Əgər doğru adamdırsa, o zaman qarğışı kimə etdiyini də söyləsin, ad versin! Əgər mübarizə aparırsansa, bunu açıq şəkildə aparmaq lazımdır".

Oğlu tutulan nazir
Fətullah Gülənlə görüşüb

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan sentyabr ayında din xadimi Fəthullah Güləni ziyarət edib. Bu barədə türk mətbuatı məlumat yayıb.
Bildirilib ki, Zəfər Çağlayan sentyabr ayında ABŞ-ın Pensilvaniya ştatına gedib. Bu səfər zamanı isə o F. Gülənlə görüşüb. Lakin, görüşün təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Zəfər Çağlayanın oğlu Kaan da məlum əməliyyat zamanı rüşvət və korrupsiya ittihamı ilə həbs olunub.

Ebru Gündeş Rza Zərraba görə cərimələnəcək

Türkiyəli müğənni Ebru Gündeş Yeni il konsertini ləğv etdiyi üçün cərimə ödəyə bilər. Qardaş ölkə mətbuatı xəbər verir ki, rüşvət və qaçaqmalçılıq əməliyyatında saxlanan iş adamı Rza Zərrabın həyat yoldaşı olan müğənninin Kiprdə "Nuhun gəmisi" otelində səhnəyə çıxacağı gözlənilirdi. Onun fanatları müğənninin konserti üçün 3 min 750 türk lirəsi ödəyib və oteldə boş yerin qalmadığı bildirilib.
Ebru Gündeşin bu qərarından sonra isə otel müdriyyəti Muazzez Abacı və Səlami Şahinlə razılığa gəlib. Müğənni bu qərarına görə otelə cərimə ödəməli ola bilər.
Qeyd edək ki, o, "Nuhun gəmisi"ndə 250 min lirə qarşılığında çıxış edəcəkdi.

Avropa Birliyindən
Ərdoğana xəbərdarlıq

Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana xəbərdarlıq edib.
Türkiyə mediası xəbər verir ki, Füle qardaş ölkədə baş verən son rüşvət olaylarının Ankranaın Avropa Birliyinə daxil olmasını təhlükə altına atdığını diqqətə çatdırıb: "Polis müdirlərinin işdən çıxarılması və polisə qarşı ittihamların səsləndirilməsi, istintaq işlərinin müstəqil olmaması ciddi narhatlıq yaradır. Bu vəziyyət Avropa Birliyinin daha öncə tövsiyyə etdiyi hüquqi və müstəqil polis sisteminin yaradılması ehtiyacını yaradır".
Kənan Rzaquliyev