Korrupsioner məmurlara prezidentdən növbəti sərt xəbərdarlıq
12:51 26-12-2013
İQTİSADİYYAT
Korrupsioner məmurlara prezidentdən növbəti sərt xəbərdarlıq
Vətəndaşların narazı qaldıqları məmurlar və dövlət qurumları çətin vəziyyətdə qala bilər
Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə bəzi məmurlara sərt xəbərdarlıq edib. Ölkə başçısı dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı zamanı sağlamlıq imkanları məhdud insanlarla görüşündəki çıxışında məmurların müəyyən sahələrdə yaratdığı problemləri qeyd edib və kəskin fikirlər səsləndirib.
"Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur" deyən dövlət rəhbəri qeyd edib ki, hər yerdə ədalət olmalıdır: "Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaqdır. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər".
Dövlət başçısı əmindir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəkdir: "Artıq işlər başlanıb. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq. Bilirsiniz, beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalət pozulur. Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Ədalət yoxdur, əlbəttə. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə".
İlham Əliyev daha sonra deyib: "Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır".
Xatırladaq ki, bu il ərzində dövlət rəhbəri bir neçə dəfə belə kəskin xəbərdarlıqlarla çıxış edib. Hələ bu ilin fevralında prezident Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında məmurlara sərt xəbərdarlıq edib: "Özləri üçün təmtəraqlı toylar, yübileylər düzəldirlər. Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirtmişəm. Bu mənim təbiətimdir. İkincisi yol göstərirəm. Belə olmaq lazımdır.Təmtəraqlı toylar, ad günüləri, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Kim bunu edirsə, o bilir mən kimi nəzərdə tuturam".
Ölkə başçısı daha sonra demişdi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndikləri adamları mən təyin etmişəm vəzifəyə. Mən də çıxardacam, lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Bundan sonra da prezident çıxışlarında məmurlara xəbərdarlıqlarını davam etdirib və onun belə bəyanatları cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Dövlət başçısının üç gün əvvəlki çıxışı da göstərir ki, ölkə rəhbərliyinin Azərbaycanda məmur özbaşınalığı və korrupsiyanı dayandırmaqla bağlı qəti iradəsi var.
Qeyd etmək lazımdır ki, prezidentin bu sərt xəbərdarlıqlarından nəticə çıxarmalı olan çoxsaylı məmurlar var və onlar ölkə başçısının bu çıxışlarına baxmayaraq əvvəlki əməllərinə davam edəcəkləri təqdirdə cəzalandırılacaqlarına şübhə yoxdur. Hazırda mətbuatı ardıcıl şəkildə izlədikdə bir çox iri məmurların və rəhbərlik etdikləri qurumların fəaliyyətindən narazılıqların nəinki səngimədiyini görürük; hətta onlardan gələn şikayətlərin intensivləşdiyinin şahidi oluruq.
Müşahidələr göstərir ki, hazırda ən çox şikayət olunan dövlət qurumları arasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbəri olduğu paytaxt meriyası, Kərəm Həsənovun Əmlak Məsələləri Dövlət Komitəsi, Əli Həsənov və sədri olduğu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Ziya Məmmədov və rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi, bir çox rayonların icra hakimiyyətlərinin başçılarının adları ön plana çıxır. Həmin məmurların və qurumların ölkə başçısının sərt xəbərdarlıqlarına yaxşı qulaq asması məsləhətdir. Əks halda bu, onların vəzifə karyeralarının bitməsi üçün münbit zəminin hazırlanmasına rəvac verəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17