Məmur balalarının miyonluq maşınları
Məmur balalarının miyonluq maşınları

Qoyulan rəsmi və qeyri-rəsmi qadağalara baxmayaraq "papalarının gül balaları" şıltaqlıqlarını davam etdirirlər

Bahalı avtomobillər hər zaman diqqət mərkəzində olub. Dünyanın ən bahalı avtomobilləri və onların sahibləri həmişə ictimai maraq doğurub. Belə olmasaydı, nüfuzlu "Forbes" jurnalı mütəmadi olaraq sözügedən mövzuya diqqət ayırmaz və həmin yazılar oxunma göstəricilərinə görə rekord qırmazdı.

Bahalı avtomobil sahibləri ölkəmizdə də az deyil, onların böyük əksəriyyəti isə ya şou-biznes ulduzlarıdır, ya da məmur övladları..
Bu haqda bir qədər sonra, indilik isə dünyanın ən bahalı avtomobil markaları ilə tanış olaq.

Dünyanın 10 ən bahalı avtomobili bunlardır

Bu maşınların qiymətləri dodaq uçuqladır. "Unikal" qəzeti bu göz oxşayan, cib yandıran sərvət dəyərindəki maşınlardan bəzilərini, onların fantastik qiymətlərini oxucularına təqdim edir.
Superkar "Ferrari 275 GTB" - Amerika keçirilən hərracda 27,5 milyon dollara satılıb. Bu, markanın satış qiyməti üzrə rekord olub. Avtomobil satılmamışdan öncə Eddi Smit ailəsinə, məşhur "National Wholesale Company" şirkətinin sahibkarına məxsus olub.
"Mercedes-Benz W196R" - Formula 1 yarış avtomobili 30 milyon dollara satılıb. Bu maşın hərracda satılan,"Formula 1"-in və "Mercedes" şirkətinin fəaliyyət dövründə dünyaca ən bahalı avtomobili sayılır. Bu yaxınlarda Cenevrədə ən böyük avtosalonlardan birində "Lamborghini Veneno"un prototipi satılıb. "Forbes" jurnalı bu maşına "2013-cü ildə dünyanın ən bahalı maşını" adı verib. Bu gözəlçənin qiyməti 3,9 milyon dollar təşkil edir. Prototip istehsalçının 50 illiyi yubileyinə həsr olunaraq buraxılıb. Mühərriki 750 at gücünə bərabərdir və 100 km sürəti 2.8 saniyədə yığır. Maksimal sürəti isə saatda 357 km-dir.
"Bugatti Veyron" 2012-2013-cü illərin ən bahalı avtomobillər siyahısında yer alıb. Avtomobilin qiyməti 2,6 milyon dollar təşkil edir. "Bugatti"nin maksimal sürəti 415 km/s (258 mil/s).
"Ferrari SP12 EC" avtomobili xüsusi olaraq şəkildə gördüyünüz məşhur gitara ifaçısı Erik Klepton üçün istehsal olunub.
Qeyd edək ki, Erikin həm də maşın kolleksiyası var. "McLaren F1 LM" avtomobilinin qiyməti 4 millyon dollardır.
"Aston Martin One-77" - qiyməti 1 milyon 700 min dollar. Məşhur aktyor Ceyms Bond məhz bu markanın avtomobillərini sevir və bir neçəsinə sahibdir.
"Koenigsegg CCXR Trevita 2010" - 4,8 milyon dollar. "Trevita"dan ancaq 3 nüsxə buraxılıb. İsveç dilindən tərcümədə "Trevite" "üç ağ" deməkdir. Dünyada ən bahalı maşınlar siyahısında olmaqla yanaşı, həm də 10 ən sürətli avtomobillər siyahısındadır. Maksimal sürəti 402 km/s və 2.9 saniyədə 100km/s yığır.
"Rolls-Royce Hyperion Pininfarina 2008" - 6 milyon dollar. Bu yeganə maşındır ki, bu markanın tarixində kapriolet stilində, Roland Xoll-un sifarişi ilə hazırlanıb.
Onun arabası var...

Hazırda Azərbaycanda da kifayət qədər bahalı, dəyəri milyonlarla ölçülən avtomobil markaları var. Onların sahibləri isə bir qayda olaraq ya məmurlar, ya da məmur övladlarıdır. Bahalı avtomobillərə isə, adətən, məmur övladlarında daha çox rast gəlinir. Məmurların özləri hər ehtimala qarşı "ehtiyatı əldən verməməyə", bahalı avtomobillərdən uzaq durmağa çalışsalar da, bunu onların övladları haqda demək olmaz. Hər halda, görünən odur ki, məmur övladları bütün qadağalara rəğmən içlərindəki bahalı avtomobil sevgisini söndürə bilmir.
Məsələ ondadır ki, ölkə rəhbərliyi hələ bir neçə il öncə Azərbaycana qiyməti 250 min dollardan baha olan avtomobillərin gətirilməsinə qeyri-rəsmi şəkildə qadağa qoymuşdu. Lakin son vaxtlar Bakıda qiyməti 250 min dolları da keçən maşınlar - "Bentley", "Bugatti", "Mazeratti", "Ferrari", "Yaquar" və s. markalı bahalı eksklüziv avtomobillər gözə dəyir. Aydın məsələdir ki, bu cür bahalı avtomobili orta statistik azərbaycanlı sürə bilməz. Bu zaman isə ortaya belə bir sual çıxır...

Kimdir,
bu avtomobillərin
sahibləri...

Hazırda "Bentley"in Neftçilər prospektində yerləşən ofisində əsasən "Continental" modellər satılır. Burada ən bahalı model 2011-ci ildə istehsal olunmuş "supercar"dır; qiyməti 333500 dollar. 6000 kub/sm mühərrikli bu avtomobilin indiyədək Bakıda bir neçəsi alınıb. "Bentley"in satıcıları müştəriləri haqda məlumat verməsələr də, araşdırmalarımız zamanı bəlli olub ki, bu avtomobilə sahib olanlar sırasında məmur övladları çoxluq təşkil edir. Necə deyərlər, bu cür bahalı avtomobil satışı ilə məşğul olan salonlar elə onlar üçün fəaliyyət göstərir.
Əldə etdiyimiz məlumatlara görə, hazırda iriranqlı məmurların bir çoxunun övladları məhz dəyəri yüz minlərlə ölçülən bahalı avtomobillərdə gəzirlər.
Bununla bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə, ölkə rəhbərliyinin qəti tapşırığından sonra özünü bir qədər "yığışdıranlar" da olub. Məsələn, adını çəkmək istəmədiyimiz bir məmur günü bu gün də övladına çox bahalı olan avtomobilini idarə etməyi qadağan edib. Digər bir nazirin oğlu isə bir müddət öncə ölkəyə qiyməti 1 milyon dollar olan "Ferrari" gətirmək istəyib. Lakin onun maşını gömrükdən geri qaytarılıb.
Bir məqamı da qeyd edək ki, bütün qadağalara baxmayaraq, əksər məmur övladlarının bahalı və eksklüziv avtomobilləri var. Sadəcə olaraq, onlar gündəlik istifadə üçün digər avtomobillərdən istifadə edirlər. Çox bahalı, eksklüziv avtomobilləri isə bir növ prestij kimi saxlayırlar.

Orxan Həsənli