Bahalaşmanın anonsunu verən sirli məmur kimdir?
Bahalaşmanın anonsunu verən sirli məmur kimdir?

Yaxud, hakimiyyətin hələ atmağa hazırlaşdığı addımlar mətbuata necə ayaq açır?

Ötən ilin sonunda benzin və dizelin qiymətindəki məlum bahalaşma vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılandı. Düzdür, Azərbaycan hökuməti məlum bahalaşmanın iqtisadi əsəslandırmasını versə də bu heç də qərarın böyük ictimai dəstək şəraitində həyata keçirilməsilə müşaiyyət olunmadı. Bu isə təbiidir, dünyanın bütün ölkələrində səbəbindən asılı olmayaraq bütün növ bahalaşmalar ictimai müqavimətlə qarşılaşır.

Hökumətin qərarları
əvvəlcədən
necə faş olur?

Bütün bunlar öz yerində, amma bahalaşma ilə bağlı diqqətləri çəkən və medianın diqqətindən yayınan olduqca ilginc məqam isə planlaşdırılan bahalaşma ilə bağlı hansısa gizli qüvvələrin əvvəlcədən xəbər verməsidir. Prosesləri diqqətlə izləyənlər də təsdiqləyər ki, istənilən ciddi addımlar, o cümlədən bahalaşma reallaşmamışdan öncə bütün təfərrüatlar mətbuata ötürülür və necə deyərlər, hökumət yalnız bundan sonra rəsmi qərarını açıqlayır. Aydın məsələdir ki, bu qəbildən olan dəqiq məlumatlar yalnız hökumət içindən sızdırıla bilər. Ən azından həm də ona görə ki, həmin məlumatla bir qayda olara çox kiçik istisnalarla çox dəqiq olur və elə bu amil şübhələrin hökumət içinə yönəlməsini diqtə edir. Bu haqda bir qədər sonra, hələliksə bir suala cavab axtarmağa çalışaq: Məlum bahalaşmanın iqtisadi əsaslandırılması vardımı, kimlərinsə həvəslə anonsunu verdiyi "Yanvardan sonra yenidən bahalaşma olacaq" təbliğatının həqiqət payı nə qədərdir?

Neftimiz tükənir
və ya bahalaşma niyə qaçılmaz idi?

Ölkədə benzinin və dizel yanacağının qiymətlərinin artırılacağı qabaqcadan bəlli idi. Belə ki, təkcə, gələn il Rusiyada benzinin qiymətinin yüksələcəyinə istinad edərək ölkəmizdə də belə ehtimal olduğunu yazmışdıq. Bununla heç də yanacaq məhsulları sarıdan şimal qonşumuzla hansısa əlaqəmiz olduğuna əsaslanmırdıq. Sadəcə, neft məhsullarının qiymətlərinin kənar təsirlərə həssas olduğuna diqqəti çəkərək, qonşu ölkələrdə, o cümlədən dünya bazarlarında anoloji vəziyyətdən çox da fərqli siyasət yürütmək mümkün olmadığını nəzərə çatdırdıq.
Ancaq başlıca səbəb bu deyil. Məsələ ondadır ki, Azərbaycanda neft hasilatı 2011-ci ildən başlayaraq enir: 2010-cu ildə 50, 2011-ci ildə 45, 2012-də isə təqribən 43 milyon ton neft hasil edilib. Bu isə o deməkdir ki, ölkənin gəlirlərinin səviyyəsi və dövlət büdcəmizin həcmi getdikcə azalır. İlk dəfə məhz gələn il - 2014-cü ilin dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transferin həcminin azaldılması (17,7 %) da bunun göstəricisidir. Neft hasilatı səviyyəsinin enməsi öz nəticəsini təkcə ölkəyə maliyyə axınlarının azalmasında deyil, neft məhsulları istehsalında da göstərməli idi. Daxili bazarda həmin məhsullara tələbat durmadan artdığı şəraitdə isə, bu tendensiya şübhəsiz ki, bir az da tez büruzə verməli idi.
Doğrudanmı 2014
bahalaşmalar ili olacaq?

İndi isə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də ilk günlərini yaşadığımız 2014-cü ildən başlayaraq bahalaşma dalğasının yenidən qayıdacağı haqda əndişələrdir. Hər kəsdə belə bir şübhə var ki, yanacağın qiymətinin bahalaşmasından sonra digər sahələrdə də mütləq qiymət artımları müşahidə olunacaq. Əslində bunun iqtisadi əsaslandırılması da var və bu baxımdan həmin narahatlıqları heç də əsassız hesab etmək doğru olmazdı. Çünki, istənilən halda benzin və dizelin qiymətindəki son artımlar bütün növ məhsulların daşınma xərclərinə də öz təsirini göstərəcək ki, bu da total bahalaşmaya yol açacaq.
Amma indi bundan daha çox əhalini bir sual maraqlandırır: Görəsən, benzin və dizelin yenidən bahalaşması gözlənilmir ki... Çünki bu haqda həm sosial şəbəkələrdə, həm də ölkə mətbuatında mütəmadi olaraq anonslar verilir ki, benzinin qiyməti yaxın zamanlarda 1 manata qədər bahalaşa bilər.

1 manat xofu və
YDM-lərində
uzun növbələr

Bu şayiələr isə paytaxtın yanacaqdoldurma məntəqələrində (YDM) nəhəng növbələr yaradıb. Elə ötən gün də bunun şahidi olduq. Bununla bağlı müşahidələr aparan "Unikal"ın əməkdaşı xəbər verir ki, artıq bir neçə gündür ki, paytaxtın əksər YDM-lərində əvvəllər müşahidə olunmayan uzun növbələr yaranıb. Maşınlar 4 cərgədə dayanıb növbə gözləyirlər, benzin doldurmaq üçün bura gələn avtomobillərin axını isə davam edir.
Sürücülər bildirib ki, belə uzun növbələrin yaranmasına səbəb yanacağın qiymətinin yenə də artırılacağı barədəki xəbərlərin yayılmasıdır. Avtomobil sahibləri bu xəbəri eşidəndən sonra "bir qədər artıq benzin tədarük etmək" qərarına gəliblər.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda benzinin yanvarın 7-də yenidən bahalaşdırılacağı barədə məlumatlar yayılıb. Tarif Şurası bu xəbəri təkzib etsə də bu quruma etimadını itirən insanlar aldadılmaqdan ehtiyatlanaraq YDM-lərə axışıblar. Görünən isə odur ki, artıq ölkə vətəndaşları Tarif Şurasından, dövlət qurumlarından daha çox bu informasiyanı yayan "sirli mənbə"yə inanırlar. Təcrübə də göstərib ki, "sirli mənbə" daha etibarlıdır. Bu baxımdan yalnız bir faktı xatırladaq ki, hələ dekabr ayının əvvəllərində Tarif Şurası benzinin bahalaşmayacağını bəyan edir, "sirli mənbə" isə "hökmən bahalaşacaq" açıqlamasında israr edirdi. Nə oldu: Dekabrın 3-də gecəykən benzinin və dizelin qiymətində bahalaşma baş verdi.
Bu isə haqlı olaraq ortaya belə bir sual çıxarır.

Bu məlumatları
mətbuata
hansı məmur ötürür?

Yuxarıda da qeyd etdiyimiz kimi, hökumətin hələ reallaşdırmadığı, atmağa hazırlaşdığı addımların ictimailəşməsi bütün bunların başında hökumət içindəki şəxsin və ya şəxslərin dayandığı versiyasının inandırıcılıq əmsalını artırır. Baş verənlərlə bağlı isə yalnız iki ehtimal həqiqətə daha yaxın görünür. Birinci ehtimala görə, bütün bunlar hökumətin məqsədyönlü fəaliyyətidir, yəni, informasiyanı bilərəkdən ictimailəşdirməklə bir növ cəmiyyətin "nəbzini yoxlayır" və buna uyğun olaraq növbəti addımlarını atırlar. Digər bir ehtimal isə ondan ibarətdir ki, hansısa məmur və ya məmurlar şəbəkəsi bu cür informasiyaları dövriyyəyə buraxmaqla müəyyən məqsədlərini həyata keçirməyə çalışırlar. Bu məqsədlərin konkret olaraq nədən ibarət olması haqda isə dəqiq nəsə iddia etmək asan deyil.

Orxan Həsənov