İran-AEBA danışıqlarının yeri və vaxtı açıqlandı
İran-AEBA danışıqlarının yeri və vaxtı açıqlandı

Beynəlxalq müfəttişlər Cenevrə razılaşmasının icrasına nəzarət üçün Tehran səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri yanvarın 18-də İrana səfər edəcək. İran mətbuatının verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi açıqlama verib.

Onun sözlərinə görə, İranla "altılıq" ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Proqramının həyata keçirilməsinin böyük bir hissəsi rəsmi Tehranla agentlik arasındakı anlaşmalarla bağlıdır: "Ancaq həmin müfəttişlərin Cenevrə razılaşmasına uyğun olaraq İranda vəzifələndirmələri bu ölkədə davamlı qalacaqları mənasına gəlmir. Beynəlxalq agentliyin İranda daimi nümayəndəliyi olacağı ilə bağlı xəbər yalnız İran deyil, agentlik tərəfindən də təkzib edilib. Çünki belə bir mövzu əsla mümkün deyil".
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında nüvə sahəsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq Birgə Fəaliyyət Proqramının yanvarın 20-də icraya yönəlməsi ilə Tehran 20% həddində zənginləşdirdiyi 196 kiloqram uranın yarısını 6 ayda 6 etapda oksidləşdirməli, digər yarısını isə azaltmalıdır. Bu əməliyyatın da texniki baxımdan 6 aydan az bir müddətdə reallaşacağı ifadə edilir.

Ketrin Eşton İrana
səfər edəcək

Dünən o da məlum olub ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İrana səfər edəcək. "Radiofərda"nın verdiyi məlumata görə, hazırda Küveytdə səfərdə olan Ketrin Eşton jurnalistlərə açıqlamasında İrana səfərə dəvət edilməsini alqışlayıb: "Mənim bu səfəri gələn həftə gerçəkləşdirmək niyyətim var".
Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K. Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb. Diplomatik mənbələr isə İranla "altılıq" ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün müzakirələrin fevral ayında başlayacağını açıqlayıblar.
Avropa İttifaqı İrana
qarşı sanksiyaları
yanvarın
20-də ləğv edəcək

Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları yanvarın 20-də ləğv edəcək. "Fars" xəbər agentliyinin verdiyi xəbərə görə, Aİ rəsmiləri arasında bununla bağlı razılıq əldə olunub.
Aİ Cenevrə razıalşmasına uyğun olaraq 6 ay müddətinə İranın neft, sığorta və neft-kimya sektoruna, o cümlədən qızıl və digər qiymətli metalların mübadiləsinə tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq.
Qeyd edək ki, İranla "altılıq" ölkələri Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramının yanvarın 20-dən icrası barədə razılığa gəlib. Beləliklə, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq. İran isə uranın 20% zənginləşdirilməsini təxirə salacaq, həmçinin hazırda əlində olan 196 kq uranın yarısını oksidləşdirəcək, yarısını da azaldacaq. Eyni zamada İranın ölkə xaricindəki dondurulmuş 4,2 milyard dolları 6 ay müddətində azad ediləcək.

İran-AEBA danışıqları
fevralın 8-də
Tehranda keçiriləcək

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları fevralın 8-də Tehranda keçiriləcək. İSNA-nın məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib.
Onun sözlərinə görə, İranla AEBA arasında növbəti nüvə danışıqları yanvarın 21-də Tehranda keçirilməli idi: "Ancaq İranla "altılıq" ölkələri arasında nüvə sahəsində əldə olunmuş Cenevrə anlaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının yanvarın 20-dən icraya yönəlməsi ilə barədə razılığın əldə olunması İran-AEBA danışıqlarının təxirə salınmasına səbəb olub".

ABŞ-la İranı
yaxınlaşdıran
başlıca amil

ABŞ-la İran biri-birini uyğun olaraq, "şər bucağı" və "böyük şeytan" adlandırdığı halda son zamanlar anlaşmağa başlayıb. "Assoşieyted press"-in məlumatına görə, buna səbəblərdən biri kimi Yaxın Şərqdəki "xaotik vəziyyət" göstərilir.
Agentlikdə çap olunan yazıya görə, ABŞ Milli təhlükəsizlik şəbəkəsi təşkilatının icraçı direktoru Con Bredşou deyib: "Hər iki tərəf biri-birinə yaxınlaşmaqdadır".
Onun fikrincə, Əfqanıstan hər iki tərəfi narahat edən əsas nöqtədir: "Çünki onların heç biri talibanı hakimiyyətdə görmək istəmir. Vaşinqton və Tehranı Əfqanıstandan ixrac olunan narkotik maddə axını da rahatsız edir".
Mütəxəssislərin sözlərinə görə, hə iki tərəf Yaxın Şərqdə yarışır, bu onların əməkdaşlığı demək deyil, onlar bölgədəki bir sıra problemlərin həllində əməkdaşlı edəcək.

İran xarici işlər naziri "Hizbullah"ın baş katibi ilə nə danışdı?

Bu arada Beyrutda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Livanın "Hizbullah" təşkilatının baş katibi Seyid Həsən Nəsrullah arasında görüş keçirilib. "Mehr" xəbər agentliyinin verdiyi xəbərə görə, görüşdə İranın Livandakı səfiri Qəzənfər Röknabadi də iştirak edib.
Görüşün detalları barədə ətraflı məlumat verilməsə də, Livandakı vəziyyət və regional məsələlər barədə fikir mübadiləsi aparıldığı bildirilib.
Qeyd edək ki, İran xarici işlər naziri hazırda İraqda səfərdədir.

İran prezidentinin
Xuzistan vilayətinə səfəri niyə təxirə salındı?

Dünənki bir başqa xəbərə görə, İran prezidenti Həsən Ruhaninin Xuzistan vilayətinə uzun müddətdir gözlənilən səfəri təxirə salınıb. İSNA-nın verdiyi məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır.
Xəbərdə bildirilir ki, dünən səhər saatlarında duman səbəbindən Xuzistan vilayətinin Əhvaz şəhərinə bütün reyslər ləğv edilib. Ona görə də İran prezidentinin təyyarəsi bir neçə saatlıq gecikmə ilə üzləşib. H.Ruhaninin Xuzistan vilayətinə səfərinin duman azaldıqdan sonra həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, H.Ruhaninin İranda hakimiyyət başına gəlməsindən sonra ölkənin vilayətlərindən birinə ilk səfəri olacaqdı.
Murad İbrahimli