Mübariz Mənsimovun adı ətrafında misli görünməmiş qalmaqal dalğası
11:50 17-01-2014
İQTİSADİYYAT
Mübariz Mənsimovun adı ətrafında misli görünməmiş qalmaqal dalğası
Niyə azərbaycanlı məşhur iş adamı ilə bağlı ard-arda ilginc məlumatlar yayılır?
Türkiyədə yaşayan və orada işləyən məşhur azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adı ətrafında qalmaqallı xəbərlərin ard-arası kəsilmir. Dünən isə məlum olub ki, Mənsimovun ailəsi dağılır. Bu barədə Türkiyənin haber7.com portalı yazıb.
Bildirilir ki, Türkiyə vətəndaşı olan Mübariz Qurban oğlu Mənsimov ona qarşı boşanma iddiası qaldıran həyat yoldaşı ilə savaşa girib.
Xəbərdə deyilir: "Forbes” jurnalının dünyanın ən zənginləri siyahısında yer alan Mənsimov 13 il əvvəl ailə qurduğu Tamara Qurbanoğlu (əslində Mənsimovun xanımı Tamara Mənsimova ad-soyadını daşıyır-red) ilə dünya evinə girdi. 13, 9 və 2 yaşlarında 3 uşaqları olan cütlüyün xoşbəxtliyinə kölgə düşdü.
Cütlüyün evlilik həyatı iş adamının Azərbaycanda sahibi olduğu jurnalın U.G. adlı redaktoru ilə yaşadığı iddia edilən əlaqə üzündən alt-üst oldu. Tamara Mənsimova boşanma davası açdı. Ərinin 6 milyard dollarlıq sərvətinin yarısını tələb etdi. Əri ilə nigahdan kənar münasibətlər yaşayan U.G. haqqında isə 1 milyon lirəlik təzminat iddiası qaldırdı. 3 milyard dollarlıq boşanma davası davam edərkən iş adamı ilginc bir həmlə etdi.
Mübariz Mənsimovun vəkili 2 polisin müşaiyəti ilə Tamara Qurbanoğlunun oturduğu Beşiktaşdakı lüks villaya getdi. Qarajda olan "Bentley” və "Audi” markalı 2 avtomobili alaraq evdən ayrıldı”.
Qeyd edək ki, bu, Mənsimovla bağlı son bir həftədə ikinci sensasion xəbərdir. Bundan əvvəl isə - yanvarın 9-da M.Mənsimovun Türkiyəni silkələyən, 17 dekabrda keçirilən və şərti adı “Böyük rüşvət işi” olan rüşvət əməliyyatındakı vacib fiqur Barış Gülərlə görüşməsi barədə xəbər yayılıb.
Belə ki, azərbaycanlı iş adamı Metris həbsxanasında sabiq daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərlə görüşüb. O, bunun üçün Bakırköy Ədliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə alıb. O da məlum olub ki, elə həmin gün Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar da korrupsiya və rüşvət əməliyyatı zamanı həbs olunan keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayanla görüşüb. Sabiq nazirin görüşə icazə almaq üçün baş prokuror Hadi Salihoğlu ilə görüşdüyü deyilir. Türkiyə mətbuatının yaydığı fotoda da M.Mənsimov Ağarla birgə həbsxana önündə görüntülənib.
Qeyd edək ki, Türkiyədə korrupsiyaya qarşı əməliyyat çərçivəsində tutulan iş adamı Rza Zərrabla Barış Gülərin əlaqələri barədə istintaqda təkzibedilməz sübutlar var.
Çətinə düşəni, xüsusilə tutduğu əməldən asılı olmayaraq həbsxanada olan adamı ziyarət etmək əlbəttə ki, savab əməldir. Bununla belə, bəzi KİV-lər hesab edir ki, M. Mənsimov bu ziyarətlə “heç tanımadığı Rza Zərrabın” ən yaxınındakı adamla-həbsdə olan sabiq nazir oğlu ilə əlaqəsini təsdiq edir...
Ötən ayın sonlarında isə bəzi KİV-lər bildirmişdilər ki, Türkiyədəki 17 dekabr rüşvət əməliyyatında Mənsimovun da həbsi gündəmə gəlibmiş, onu həbs dalğasından qurtaran onun iş ortağı olub. Belə ki, əməliyyat haqda hələ aylar öncə Fətullah Gülən camaatının “ağır toplarından” sayılan Mənsimovun şəriki İhsan Kalkavan xəbərdar olub və ”Palmali" şefini bu həbs təhlükəsindən qurtarıb. “Mənsimov Türkiyə vətəndaşlığı alarkən, onun işlərini yoluna qoyan və Türkiyə Daxili İşlər Nazirliyinin bu vətəndaşlıqla bağlı yaratdığı problemləri qısa zamanda həll edən Beşiktaş Dənizçilik Şirkəti İdarə Heyətinin sədri İhsan Kalkavan bu dəfə də şərikinə yardımını əsirgəməyib. Araşdırmaları aparanlar və içərisində nazir oğullarının da olduğu rüşvət izləmələrini hazırlayanlar Kalkavanın dostu Mənsimovu “görməzdən” gəliblər. Təbii ki, holdinqini İstanbuldan idarə edən “Palmali” şefi də dostuna qulaq asaraq, əməliyyatın hədəfində olanlardan uzaq durub və özünü sığortalayıb" yazan bəzi KİV-lərin bu məlumatını isə sonradan Mənsimov sərt bir dillə yalanlamışdı.
Eyni zamanda azərbaycanlı iş adamının adı ilə bağlı son günlər qısa fasilələrlə belə bir qalmaqal dalğasının - sensasion xəbərlərin ortaya çıxması maraq doğurur. İstisna edilmir ki, bunlar təsadüf də ola bilər.
Eyni zamanda əksər hallarda hansısa vəzifəli şəxs və iri biznesmenlərlə bağlı qaralama kampaniyalarının, yaxud ard-arda qalmaqallı xəbərlərin ortaya çıxması təsadüfi xarakter daşımır. Adətən bunların arxasında fərqli niyyətlərin, gizli məramların ola biləcəyi fikri ağıllara gəlir ki, indi “Palmali” Şirkətlər Qrupunun prezidenti ilə bağlı da oxşar situasiyadan danışmağın mümkün olub-olmadığını demək hələlik çətindir. Yəqin ki, bu barədə suallara yaxın vaxtlarda aydınlıq gələcək.
İndilikdə isə yalnız onu demək olar ki, Mənsimov mümkün olduğu qədər adının hər hansı qalmaqallarda keçməsinə baxmayaraq indi ya məqsədli, ya da məqsədsiz şəkildə bu cür informasiyaların “qəhrəmanlar”ından birinə çevrilir. Bunun hansı nəticələrə gətirib çıxaracağını isə, yuxarıda qeyd etdiyimiz kimi, qarşıdakı zaman kəsimi göstərəcək.
Elvin
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53