"Əcəl zəngi"nin çalındığı məkan: Mərkəzi Klinik Xəstəxana
11:51 17-01-2014
İQTİSADİYYAT
"Əcəl zəngi"nin çalındığı məkan: Mərkəzi Klinik Xəstəxana
Ölüm halları artmaqda davam edir; baş həkim Kamran
Musayevin müəmmalı susqunluğu isə şübhələrə yol açır
Ölkədə səhiyyə sahəsində ciddi problemlərin olduğu hər kəsə məlumdur. Bu məsələ hətta dəfələrlə ən yüksək səviyyədə müzakirə olunub ki, vətəndaşlarımızın adi müalicə və ya əməliyyat məqsədilə xarici ölkələrə üz tutması Azərbaycan səhiyyəsi üçün başucalığı gətirmir. Bu gün heç kəsə sirr deyil ki, əhalinin qismən aztəminatlı təbəqəsi səhiyyə xidməti almaq üçün İrana, maddi imkanları normal olanlar isə Avropa ölkələrinə üz tutur.
Bu isə haqlı olaraq belə bir sualı aktuallaşdırır: Onda Azərbaycan dövlətinin yüz milyonlarla vəsait xərcləyərək müasir standartlara cavab verən tibb ocaqları inşa etdirməsi, həmin müəssisələri ən müasir tibbi aparatlarla təmin etməsinin nəticələri niyə görünmür. Demək, ya ciddi kadr çatışmazlığı var, ya da həmin müəssisələrə ayrılan vəsait təyinatı üzrə xərclənmir. Belə müasir tibb ocaqlarından biri və bəlkə də birincisi Mərkəzi Klinik Xəstəxanadır. Amma son zamanlar vaxtilə şan-şöhrəti dillər əzbəri olan bu xəstəxananın adı daha çox xəstə ölümləri ilə yadda qalır.
Bilindiyi kimi, Mərkəzi Klinik Xəstəxanada pasientlərə ən müasir tələblər çərçivəsində xidmət göstərməsi üçün dövlət tərəfindən tam şərait yaradılıb. Yaxşı, bəs son illər bu xəstəxanadan ardıcıl şikayətlərin artmasına səbəb nədir? "Unikal" qəzetinə daxil olan şikayətlərdə isə burada ölüm hallarının nəzərəçarpacaq dərəcədə artmasından söhbət açılır. Mərkəzi Klinik Xəstəxanada həkim laqeydliyi nəticəsində həyatını itirmiş şəxslərin yaxınlarının müxtəlif vaxtlarda verdikləri açıqlamalara diqqət yetirək:
Məsələn, Əmircan qəsəbəsinin sakini, sözsügedən xəstəxanada həyatını itirən Nüşəddin Abbasovun atası İsmayıl Abbasov bildirib ki, onun oğlu bir müddət öncə bel ağrısından şikayətlənirmiş.
"Mənə Mərkəzi Klinik Xəstaxanasında dedilər ki, 10 min manat pul gətirin, əməliyyat edək və oğlunuzu sizə sağ-salamat verək".
İ.Abbasov deyir ki, birtəhər 10 min manatı düzəldib Mərkəzi Klinik Xəstaxananın kassasına köçürüb: "Bundan sonra oğlumu əməliyyata saldılar. Oğlum Nüşəddin üç gün reanimasiyada qaldı. Nüşəddin reanimasiyadan çıxanda ayılmışdı, amma danışmırdı, heç kimi tanımırdı".
Şikayətçinin sözlərinə görə, beləcə iki gün keçib. Daha sonra isə xəstənin vərəm olması aşkarlanıb (halbuki bu əvvəlcədən araşdırılmalı idi-red) və xəstə Ağciyər Xəstəlikləri İnstitutuna köçürülüb.Ora çatan kimi həkimlər baxıb dedilər ki, xəstənin vəziyyəti çox ağırdı, onu nahaqdan yollayıblar. Elə burada da o həyatını dəyişdi".
"18 yaşlı qızım
həkimlərin
məsuliyyətsizliyinin
qurbanı oldu"
Bakı şəhəri, II Zabrat kənd sakini Bahəddin Fərəcovun 18 yaşlı qızı Vüsalə Fərəcova dünyasını dəyişib. Ata övladının dünyadan nakam köçməsini həkimlərin səhlənkarlığında görür. Bahəddin Fərəcov qızının Mərkəzi Klinik Xəstəxanada müəmmalı şəkildə vəfat etməsini bildirir:.
"Qızım Vüsalə ali məktəbə qəbul imtahanı zamanı onda qəflətən başağrısı, ürəkbulanması yarandı. Mərkəzi Klinik Xəstəxanaya müraciət etdik. Mərkəzi Klinik Xəstəxanada bizə həkim dedi ki, xəstəxanaya 7 min manat köçürməliyik. Əlavə olaraq 2500 manat da oradakı analizlərə xərclədim. Qızımın müalicəsinin 18-ci günü Türkiyədən Kamal Konqurt adlı həkim gəldi. Uşağı müayinə edib dedi ki, sağaldacağam. Amma cərrahiyə əməliyyatı üçün 10 min manat tələb etdilər".
Bahəddin Fərəcov bildirir ki, 17 min manatı ödəmək üçün məcbur qalıb Zabratda 4 sot həyəti olan 4 otaqlı evini dəyər-dəyməzinə satır və tələb olunan məbləği ödəyir, amma nəticə yenə ölüm olub.
Təqdim etdiyimiz bu faktlar Mərkəzi Klinik Xəstəxanada baş verən qanunsuzluğun miqyasını göstərir. Adamlar xəstəxanaya güvənib həyatların onlara etibar edir, həkimləri isə puldan başqa heç nə maraqlandırmır. Bəs, bu kimi halar nədən qaynaqlanır və bu kimi hallarla mübarizə necə təşkil olunmalıdır. Bununla bağlı həkim-ekspert Firun Yusifov "Unikal"a açıqlama verib:
"Həkimlər qazanc xatirinə xəstəni cərrahiyə
masasına çıxardırlar".
Onun sözlərinə görə, "Ötən onilliklərlə müqayisədə son zamanlar ölkədə insan ölümlərinin sayında artım müşahidə olunmağa başlayıb. Mən bunu deyərkən yol qəzalarını, bədbəxt hadisələri, təbii ölümləri və s.-ni bir kənara qoyuram. Xəstələrə qoyulan yanlış diaqnozlar və bunun da nəticəsində aparılan yanlış müalicələr yersiz ölümlərə səbəb olur. Bu günlərdə mətbuatda oxudum ki, bölgələrimizdə istifadəyə verilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibbi diaqnoistika mərkəzlərindəki bahalı aparatları işlədəcək müasir səviyyəli mütəxəssislər yoxdur və bu mərkəzlər, faktiki olaraq, işlək durumda deyil".
Həkimin sözlərinə görə, "Respublikada yüksək səviyyəli mülaicə həkimlərimiz az deyil. Lakin son illərdə Azərbaycanda təhsil almış gənc həkimlərin səriştəsizliyi və ümumi tibbi səviyyəsi adamı ciddi şəkildə narahat edir. Tibbi təhsil ocaqlarında ciddi islahatlar keçirilməlidir. Əks təqdirdə yaxın illərdə ölkədə savadlı həkim problemi yaranacaq".
Firun Yusifov deyir ki, "Xəstəxanlarımızda çalışan həkimlər çoxlu qazanc xatirinə əksər hallarda xəstəni cərrahiyyə masasına çıxmağa razı salmağa cəhd edirlər. Hansı ki bu xəstələri konservativ üsulla da sağaltmaq mümkündür. Maraq aydındır: xəstədən daha çox pul qopartmaq. Nəticədə isə xəstəxanalarda ölüm halları tez-tez qeydə alınmağa başlayıb. Az qala, hər ay qeysəriyyə əməliyyatına məruz qaldıqdan sonra dünyasını dəyişən qadınlar haqqında məlumatlar yayılır. Və məlumatın sonunda da yazırlar ki, "Səhiyyə Nazirliyi faktı araşdırır". Amma bu araşdırmalar nəticəsində hansısa həkimin məsuliyyətə cəlb edildiyini eşitməmişik. Bu kimi məsuliyyətsizliklərin nəticəsidir ki, Azərbaycanda həkimlərə inam getdikcə azalır və xəstələr İrana, Türkiyəyə, Rusiyaya, daha imkanlıları isə Avropa ölklərindəki klinikalara axışırlar. Fikrimcə, bu kritik durumun qabağını almaq olar. Bunun üçün isə, birinci növbədə, tibbi təhsil ocaqlarındakı xoşaglməz durumu aradan qaldırmaq və hazırda fəaliyyətdə olan həkimləri attestasiyadan keçirtmək lazımdır".
Burada ölən xəstənin pulları qaytarılmır
Adıçəkilən klinik xəstəxanada baş verənlər azmış kimi, burada olan qiymətlər də od yağdırır. Xəstələr həkimin qəbuluna belə düşmədən, ödəniş etmək məcburiyyətində olurlar. Adi bir vətəndaşın ümumi müayinədən keçməsi üçün ən azı 1000 manatı olması vacibdir.
Ən dəhşətlisi isə odur ki, burada həyatını məhz həkimlərin məsuliyyətsizliyi ucbatından itirən şəxslərin yaxınlarının ödədiyi pullar da sonradan onlara qaytarılmır. Bu isə Mərkəzi Klinik Xəstəxanada təkcə "Hippokrat andı"na yox, digər mənəvi dəyərlərə də önəm verilmədiyi anlamına gəlir. Xəstəxananın baş həkimi Kamran Musayev isə illərdir ki, baş verənlərlə bağlı müəmmalı susqunluğunu davam etdirir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53