Məmurların “supermarket biznesi”nin qaranlıq tərəfləri
11:12 18-01-2014
İQTİSADİYYAT
Məmurların “supermarket biznesi”nin qaranlıq tərəfləri
Milyonların dövr etdiyi bu mağazalar bizi necə öldürür?
İndi Bakının bir çox iri supermarketləri alıcıları məyus edir - alınan bəzi ərzaq qablaşmalarını üzərində yararlılıq müddəti bitməsə də, məhsul keyfiyyətsiz çıxır.
anspress-ə danışan Yasamal rayonunda yaşayan Ramiz kişi əvvəllər yerli istehsal məhsulu olan badımcan kürüsünü tez-tez aldığını deyir: “İndi almaq istəmirəm. Evimizə yaxın marketdən bir banka aldım, məni məyus elədi. Həmişə aldığım marka idi. Yararlılıq müddəti bitməmişdi. Amma çox dadsız idi, içində ağ kiflər əmələ gəlmişdi. Dedim, yəqin bankanın hermetikliyi pozulub. İkincisini aldım, o da elə çıxdı. Ondan sonra başını buraxdım. Daha risk eləmirəm”.
Belə hallar Bakının, demək olar ki, bütün iri supermarket şəbəkələrində baş verir. Alıcılar bununla bağlı supermarket işçilərinə şikayət etdikdə satıcılar, “Əşi maldır, 1-i pis olanda, 3-ü yaxşı olar, fikir verməyin” deyərək birtəhər onları sakitləşdirirlər. Əslində isə bununla Bakının iri supermarket şəbəkələrində yararlılıq müddəti bitmiş qida məhsullarının böyük dövriyyəsi ört-basdır edilir.
Vaxtilə supermarket şəbəkəsində işləmiş gənc marketoloq Valid Həsənovun dediyinə görə, şəhərdə qiymət ucuzluğu ilə tanınan və güclü müştəri axını yaşanan supermarket şəbəkələrində satılan malların təxminən 30%-nin yararlılıq müddəti bitmiş olur. Lakin bunu alıcılar hiss etmir, çünki bağlamaların üzərində tarix çox ustalıqla dəyişdirilir. “Hadisə belə baş verir. Supermarket görəndə ki, müəyyən partiya, məsələn, 15 min manatlıq qida məhsulunun yararlılıq müddəti bitib, istehsalçı və ya topdansatışçı firmaya zəng edir, vəziyyəti deyir. Topdansatışçı isə supermarket şəbəkəsini əmin edir ki, yararlılıq müddəti bitsə də qida məhsulları sağlamlıq üçün təhlükəsizdir. Yəni rahatlıqla sata bilərsiniz. Adətən quru məhsulların - şəkər tozunun, düyünün, noxudun, lobyanın, yoqurt və süd məhsullarının, makaronların və bir sıra konservlərin yararlılıq müddətini elə supermarketlərin anbarlarında yeniləyirlər. Bunun üçün topdansatışçı və ya istehsalçı şirkət supermarketə ticarəçilərin “pistolet” adlandırdığı xüsusi aparat gətirir. “Pistolet”in özəlliyi ondadır ki, o, istehsal tarixinin yazıldığı boyanı götürür, fon boyasına isə toxunmur. Daha sonra elə həmin aparatla eyni yerə yeni yararlılıq müddəti vurulur və məhsul yenicə istehsal edilmiş mal kimi satışa çıxarılır. Qiymətdə isə 10-15 faiz endirim edilir ki, həmin mallar sürətlə satılsın. Əldə edilən pulun yalnız 50%-i topdansatış şirkətinə və ya istehsalçıya verilir, 50% isə supermarketə qalır. Və istehsalçı buna razı olur. Əks halda məhsulu satışdan çıxararaq tam məhv etməli olar”.
Qeyd edək ki, son vaxtlar Bakıda və tədricən ölkəboyu nəhəng ərzaq mağazalarının - supermarketlərin sayı sürətlə artmaqdadır. Yuxarıda deyilənlərdən göründüyü kimi, öz dəbdəbəli görünüşləri ilə müqayisədə bu supermarketlərdə satılan məhsulların keyfiyyəti nə onların komfort şəraitlərinə, nə də dövriyyələrinə uyğun deyil. Bununla bağlı çoxsaylı narazılıqların ortaya çıxmasına rəğmən problemlərin hələ də qalması və getdikcə özünü daha qabarıq biruzə verməsi isə belə supermarketlərin bir çoxunun orta və iri məmur təbəqəsinin nəzarətində olması, daha doğrusu, bəzi vəzifəli şəxslərə yaxın iş adamları tərəfindən himayə edilməsi ilə birbaşa əlaqəlidir.
Ekspertlər hesab edir ki, müəyyən məmurların biznes şəbəkəsinə daxil olan supermarketlərin bir çox hallarda «toxunulmaz” elan edilməsi yolverilməzdir. «Əslində supermarketlərin açılması təqdirəlayiqdir. Məsələn, məhəllə dükanları adətən vergidən yayınırlar. Supermarketlərdə bu mümkün deyil, istənilən müştəri kassa nəzarətindən keçməlidir. İri şəbəkələr bütün dövriyyənin ağ olmasına çalışırlar. Çünki bir mərkəzdən bütün dövriyyəyə nəzarət etmək imkanı yaradır. Yəni supermarketlərin belə üstünlükləri var. Amma onların bir çoxunun məmur maraqlarına bağlı olması problemlərə yol açır. İri supermarketlərdə himayəçi məmurlara güvənilərək istehlakçı hüquqlarının qorunması və əhalinin keyfiyyətli ərzaq və qida ilə təminatı sayəsində problemlər ortaya çıxır”.
Təbii ki, yazılanları bütün iri supermarketlərə aid etmək kimi bir fikrimiz yoxdur və hər bir məsələdə olduğu kimi, burada da ümumiləşdirmə aparmaq qeyri-obyektiv və ədalətsiz mövqe olardı. Amma Azərbaycan reallığında xeyli adiləşmiş məmur biznes maraqlarının əksər supermarketlərin işində vətəndaşların cibinə və sağlamlığına təhlükə yaratdığı da gerçəklikdir.
Bu gerçəkliklə barışmaq lazımdır. Barışmaqla kifayətlənməyib belə halların qarşısını almaq isə aidiyyatı qurumların əsas hədəflərindən biri olmalıdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53