Ərdoğanın qəzeti Fətullah Güləni "vurdu"
11:15 18-01-2014
İQTİSADİYYAT
Ərdoğanın qəzeti Fətullah Güləni "vurdu"
Türkiyə baş nazirin oğlu harada gizlənibmiş?
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ baş nazir Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın Azərbaycanda gizlənməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Millət vəkillərinin suallarını cavablandıran nazir bildirib ki, bütün bu xəbərlər yalandır: "Cənab Bilal Ərdoğanla bağlı bir millət vəkili dostumuz onun həbs olunması və saxlanılması ilə bağlı ifadə verdi. Amma Bilal Ərdoğanla bağlı heç bir qərar yoxdur və bunu da burada demək istəyirəm. Olmayan bir qərarın da ləğv edilməsi yalandır. Bilal Ərdoğanın Türkiyəni tərk etmədi, başqa bir ölkədə getməsi, gizlənməsi kimi yayılan məlumatlar tamamilə yalandır. Bunların hamısı hökumətimi, baş nazirimizi yıxmaq üçündür".
Qeyd edək ki, türk mətbuatında bir neçə gün öncə yayılan məlumata görə, Ərdoğanın oğlu Bilal Ərdoğanın da da rüşvət və korrupsiya əməliyyatında hallanır. O buna görə də, Türkiyədən qaçıb. Azərbaycan mətbuatında isə bildirilmişdi ki, B.Ərdoğan bu müddət ərzində Bakıda otellərdən birində gizlənirmiş.
Bu arada Türkiyənin t24.com.tr xəbər saytı baş nazir Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın Səudiyyə Ərəbistanından olan və Əl-Qaidə terror qruplaşmasını maliyyələşdirməkdə ittiham olunan Yasin əl-Qadi və onun oğlu Muaz Kadi ilə fotoşəkillərini yayıb.
Bundan başqa nazir oğlu "Star" qəzeti və "Kanal 24" telekanalının sahibi Tehvit Qaraqay, italyan memarı Federiko del Rosso, "Bosphorus 360" şirkətinin sahibi Çingiz Aktürk, Ərdoğanın keçmiş müşaviri Əbdülkərim Çayla da görüşüb.
Ərdoğan hökumətinə yeni şok: 6 məmur həbs edildi
Türkiyədə başda Radio Televiziya Ali Şurasının (RTÜK - Radio Televizyon Üst Kurulu) sədri Davud Dursun və qurumun sabiq sədri Zahid Akman olmaqla 6 nəfərin mühakimə olunduğu məhkəmədə hakim qərarını verib. "Vəzifədən sui-istifadə" və "rəsmi sənəddə saxtakarlıq" iddiaları ilə qaldırılan ittihamda şəxslər barəsində 1 il 3 ay həbs qərarı verilib, daha sonra bu qərar 1 il 15 günə endirilib.
Məlumata görə, həbs olunanlar RTÜK sədri Davud Dursun, qurumun üzvü Taha Yücel, RTÜK-ün sabiq sədri Zahid Akman, qurumun keçmiş üzvləri Abdulvahab Darendeli, Şaban Sevinc, Paşa Yaşardır. Məhkəmənin sədri həbslərin təxirə salınması barədə vəsatəti qəbul etməyib.
RTÜK-ün Milliyyətçi Hərəkat Partiyasından olan üzvü AKP (Hakim Ədalət və İnkişaf Partiyası) kvotasından seçilən üzvlərin cəzalandırılmasına etirazını bildirib.
Ərdoğanın qəzetindən
Fətullah Gülənə ittihamlar!
"17 dekabr (ötən ilin dekabrın 17-də keçirilən, şərti adı "Böyük rüşvət işi" olan rüşvət əməliyyatı nəzərdlə tutulur - red.) və 25 dekabr çevriliş planları ("Böyük rüşvət işi"nin Ərdoğanın oğlunun da adı keçən, amma hökumət tərəfindən əngəllənən ikinci dalğası nəzərdə tutulur - red.) çökdürülən Gülən qrupu indi demokratiya oyunu oynayır. Halbuki Gülən "28 Fevral" çevrilişinin bir nömrəli dəstəkçisi idi". Bu sözlər Türkiyədə nəşr olunan, baş nazir Rəcəb Taayib Ərdoğanın nəzarətiindəki "Sabah" qəzetinin xəbər mərkəzinin hazırladığı yazıda yer alıb.
Yazıda 17 dekabr çevriliş cəhdi uğursuzluqla nəticələnən Fəthullah Gülən təşkilatının indi də özünü zərər çəkən kimi göstərdiyi qeyd olunub. "Siyasəti etibardan salaraq hökuməti devirmə əməliyyatı zamanı cinayət başında tutulan Gülən təşkilatına bağlı media qurumları "28 Fevraldan betər" sayıqlamasına sarıldılar. 17-25 dekabr əməliyyatlarında cinayət başında tutulan Fəthullah Gülən təşkilatı məhkəmə və polis daxilindəki adamları vasitəsilə baş nazir Rəcəb Təyyib Ərdoğan və yaxın ətrafına - son 10 ildə Türkiyənin yenidən qurulmasında rol alan hər kəsə qarşı qaralama kampaniyasına başladı. Türkiyədə təmin edilən sabitlik üzündən mövqelərini itirən beynəlxalq və yerli qruplarla çirkli bir ittifaq quran Gülən təşkilatı cinayət başında saxlanıldığı üçün ictimaiyyət, hətta camaat arasında da etibarını xeyli itirdi"- xəbər mərkəzinin təhlilində deyilir.
"Əsgər daha demokratdır"
Türkiyənin inkişafını dayandırmaq üçün əməkdaşlıq etdiyi xarici güclərin təlimatı ilə 17 dekabrda hökuməti etibardan salmaq üçün çirkli bir əməliyyata başlayan Fəthullah Gülən təşkilatının istəyinə nail olmadığı üçün "hərbi çevrilişdən zərər çəkən" ədəbiyyata sığındığı bildirilir:
"17 dekabrda saxlanılanların ifadələrini məhkəməyə çatmadan belə istintaqın gizliliyini heçə sayaraq yayımlayan "Zaman" qəzeti Fəthullah Gülənin bir təşkilat lideri kimi Pensilvaniyadan iş adamlarına təlimatlar verməsi və bəzi iş adamları ilə çirkli əlaqələr qurması ilə bağlı səs qeydləri ortaya çıxanda "Telequlaq skandalı" deməkdən çəkinmədi. Qəzet dünən də "28 fevraldan betər" başlığı ilə "Sabah"a palçıq atmağa cəhd etdi. 28 fevral dövründə mühafizəkar təbəqənin məruz qaldığı təzyiqlərlə müqayisə etdi, dindarların yox edilməyə çalışıldığını yazmaqdan çəkinmədi. Halbuki həmin qəzet, ordunun daxilindəki xuntaçıların dövrün baş naziri Nəcməddin Ərbəkana "Get postunu burax" deyən xorunda yer almışdı.
Fəthullah Gülən 28 fevralda hərbi və media xuntasının yaratdığı xaos mühitində "fətva" kimi qiymətləndirilən şərhlər edərək "Rifah-Yol" hökumətinə yönəlik çevrilişə dəstək vermişdi. Təşkilatın media orqanı "Zaman" "Rifah-Yol" hökumətinin devrilməsindən sonra - 1 iyul 1997-ci il tarixində, Məsud Yılmazın rəhbərliyi ilə 55-ci hökumətin qurulması xəbərini "Xeyirli olsun" başlığı ilə vermişdi. 29 mart tarixində də camaatın televiziyası "Samanyolu TV"yə qonaq olan Fəthullah Gülən "Əsgər daha demokrat" sözləri ilə çevrilişin tərəfdarı olduğunu göstərmişdi. 18 aprel 1997-ci il tarixində bir çox qəzetlər Fəthullah Gülənin "Bacarmadınız, buraxın" çağırışını yazı başlığı etmişdilər. Fəthullah Gülən 16 aprel 1997-ci il tarixində qonaq olduğu bir televiziya proqramında hərbçilərlə bağlı "Səhv etsələr belə, bir savab qazanırlar" söyləmişdi".
Çevilişə dəstək başlıqları
1 iyul 1997-ci il: Bu gün "28 fevraldan betər" deyərək özlərini çevrilişdən zərər çəkənlər kimi aparan "Zaman" qəzeti "28 fevral" çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılan hökumətin yerinə qurulan hökuməti "Xeyirli olsun" başlığı ilə salamlamışdı. Bir baş xəbərin başlığı isə "Hədəf dinclik və uzlaşma" idi.
"Hurriyet" "Bacarmadınız, artıq buraxın" başlıqlı bir yazı vermişdi. Xəbərdə deyilirdi: "Fəthullahçıların lideri Fəthullah Gülən dünən "Kanal D"də verdiyi maraqlı şərhlərdə keçmişdən nümunələr gətirərək "Rifah-Yol"a əmanəti qaytarıb çəkilmə çağırışı etdi".
"Milliyet" "Gülən də xəbərdar etdi" başlıqlı yazıda belə yazır: "Fəthullah hocadan "Rifah-Yol" şok çıxış: Bacarmadınız, dərhal seçkiyə gedin". Bu xəbərin yanında yanında verilən bir karikaturada Ərbakan qurbanlıq qoyun, Məsud Yılmaz qəssab, Ecevit və Baykal isə ət gözləyən kasıblar kimi verilmişdi. Bıçağı Yılmaza verən Tansu Çillər "Bu bıçağı sənə verərdim, amma məqsədin məni qurban etməkdir" deyir.
P.S. Xatırladaq ki, bu yazıda yel alan fikir və faktlar "Sabah" qəzetindən götürülüb və bizim redaksiyanın mövqeyini əks etdirmir. Biz eyni zamanda əks tərəfin mövqeyini şərh edən yazılar da verir və beləliklə, qonşu ölkədə baş verənləri oxuculara obyektiv və tərəfsiz çatdırmağa çalışırıq.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17