Hüseynqulu Bağırovun kadrları ona problemlər yaradacaq
11:20 18-01-2014
CƏMİYYƏT
Hüseynqulu Bağırovun kadrları ona problemlər yaradacaq
Ekologiya və təbii sərvətlər nazirinin son kadr dəyişikliyinin gizlinləri: meşəbəyi departament rəhbərliyinə necə yüksəldi?
Fəaliyyəti cəmiyyət tərəfindən ciddi narazılıq doğuran dövlət qurumlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Xatırladaq ki, bu günə qədər adıçəkilən nazirliklə bağlı olduqca ilginc ittihamlar səslənib, bununla bağlı ölkə mətbuatında, demək olar ki, mütəmadi olaraq faktlar dərc olunub. Bu gün ölkənin ekoloji sabitliyinə təbii sərvətlərinin qorunmasına xidmət etməli olan qurum isə sanki bütün bunları qulaqardına vurur. Belə olmasaydı, ən azından, digər sahələrdə olduğu kimi bu sahədə də müəyyən irəliləyişlərin şahidi olardıq.
Qeyd edək ki, bu gün ölkənin regionlarından meşələrin kütləvi şəkildə qırılması, ağacların mebel sexlərinə daşınmasıyla bağlı həyəcan təbili çalınır. Bunun qarşısını almağa məsul olan dövlət orqanı kimi isə ETSN-dən reaksiya yoxdur. Bunun təsdiqi kimi çox da uzağa getmək lazım deyil, elə bu günlərdə minlərlə at və eşşək cəsədinin Xaçmaz meşələrində tapılması da meşə və qoruqlara olan nəzarətin hansı səviyyədə olmasının göstəricisidir.
Necə düşünürsünüz, əgər Xaçmazda ETSN-nin rəsmiləri işlərinə məsuliyyətlə yanaşsaydılar, hansısa işbazlar həmin meşələrdə özlərinin cinayət əməllərini rahatlıqla həyata keçirə, kəsilərək mal əti adı altında satılan at və eşşəklərin baş-ayaqlarını meşə massivinə ata bilərdilərmi? Həm də unutmayaq ki, bu bir gün içərisində baş verməyib, proses aylarla davam edib. Demək, meşələri mühafizə edənlər ya yerlərində deyil, ya da həmin cinayətkar şəbəkə ilə ortaq şəkildə fəaliyyət göstərirlər.
Təqdim etdiyimiz bu fakt isə yeganə deyil və anoloji problemlər digər bölgələrdə də müşahidə olunur. Bu gün heç kimə sirr deyil ki, qoruqların əksəriyyətinə pulla giriş mümkündür. Bu isə açıq şəkildə bu işə məsul olan işçilərin vəzifə səlahiyyətlərindən sui-istifadə faktıdır.
Təəssüf doğuran məqam isə həm də ondan ibarətdir ki, hörmətli nazir Hüseynqulu Bağırov da bütün bunlara göz yumur. Bir müddət öncə nazirin bir neçə departament rəhbərini vəzifəsindən uzaqlaşdırması və onların yeniləri ilə əvəz olunması hər kəsdə müəyyən ümidlər yaratmışdı. Amma bu təyinatlardan keçən müddətdə sözügedən sahələrdə heç bir inkişafın müşahidə olunmaması, əksinə vəziyyətin daha da pisləşməsi göstərdi ki, nazirin həyata keçirdiyi kadr təyinatları da kifayət qədər qüsurlu imiş. Bunun təsdiqi kimi bəzi məqamlara aydınlıq gətirək.
Məsələn, ETSN-nin Hidrometrologiya Departamentinə rəis təyin olunan Xəlil Ramazanovu heç cür uğurlu təyinat adlandırmaq olmaz.
Mənbənin “Unikal”a verdiyi məlumata görə, bu şəxsin rəhbərlik etdiyi sahəylə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Əvvəllər meşəbəyi kimi çalışan Xəlil Ramazanovun bu postda uğurla işləyəcəyi isə kifayət qədər şübhəlidir. Maraqlıdır, görəsən nazir hansı meyar və prinsipləri rəhbər tutaraq meşəbəyini nazirlikdə belə bir yüksək posta layiq görüb?
Yeni kadrlardan biri isə Yaşıllaşdırma Departamentinin rəhbəri Ramiq Əşrəfovdur. Bu təyinatın yerində olub-olmamasını isə meşə və parklarda kəsilmiş ağac kötüklərindən soruşmaq daha doğru olardı. Bu gün ölkənin ən ağrılı problemindən biri məhz yaşıllaşdırmayla bağlıdır. Sirr deyil ki, ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət ayırır, səhralaşan çöllərin yaşıllıqlara çevrilməsi məqsədilə milyonlarla vəsait xərclənir. Amma təəssüf hisssiylə qeyd etməliyik ki, bu sahəyə birbaşa cavabdeh olan ETSN və onun Yaşıllaşdırma Departamenti üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir.
Nazir Hüseynqulu Bağırovun belə “uğurlu” kadrlarından biri isə Meşələrin Mühafizəsi Departamentinin rəhbəri Şakir İsmayılovdur. Ölkədəki meşə massivlərinin hansı səviyyədə qorunması, daha doğrusu, qorunmaması haqda yuxarıda ətraflı bəhs etdiyimizdən bu mövzuya geniş toxunmaq istəmirik. Amma bu bir reallıqdır ki, bu gün ölkə meşələri qəddarcasına talan edilir və təəssüflər olsun ki, bir çox hallarda meşələrin mühafizəsinə məsul olan şəxslər də bu talanda əsas iştirakçılardan birinə çevrilirlər. Artıq bununla bağlı onlarla fakt aşkarlanıb və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Bu işdə əsas suç sahiblərindən biri də ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Xaliqverdi Məmmədovdur. Qeyd edək ki, bu şəxs də nazirin vəzifəyə yeni təyin etdiyi uğursuz kadrlardan biridir.
Paytaxtda ekoloji durumun daha kəskin olduğu isə kimsəyə sirr deyil. Günü-gündən çirklənən ekoloji durum, məhv olunan yaşıllıqlar isə paytaxt Bakını daha böyük ekoloji risklə üz-üzə qoyur. Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sədri Əlişah Rəcəbov isə baş verənlərlə bağlı sükutunu pozmaq və gərəkən tədbirləri həyata keçirmək niyyətində deyil.
Göründüyü kimi, Hüseynqulu Bağırovun cəmiyyətə kadr islahatları kimi təqdim etməyə çalışdığı bu təyinatlar problemləri nəinki həll etməyib, əksinə, yeni problem və çatışmazlıqların yaranmasına səbəb olub. Nazir Hüseynqulu Bağırov isə hələ də irəliləyişə nail olmaq üçün addım atmaq istəmir. Bəlkə də bu onun vaxt azlığı ilə bağlıdır....
P.S. Əldə etdiyimiz məlumatlara görə, son vaxtlar Hüseynqulu Bağırovun başı motosiklet sürməyə bərk qarışıb .
Orxan Həsənov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49