Əli Həsənov Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama verdi
11:25 30-01-2014
CƏMİYYƏT
Əli Həsənov Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama verdi
“Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir”.
Son günlər azərbaycanlıların total şəkildə Suriyaya gedib döyüşlərdə iştirak etmələri cəmiyyəti ciddi narahat etməyə başlayıb. Çox maraqlıdır ki, bir müddətə qədər azərbaycanlıların orda döyüşməsi ilə bağlı dürüst məlumat yox idi .Amma bir ay ərzində yüzə qədər azərbaycanlının qətlə yetirildiyi,minə qədərdə şəxsin orda olduğu aydınlaşıb.
Aparılan ilkin araşdırmalara görə azərbaycanlılar Suriyaya əsasən Türkiyə vasitəsi ilə aparılır və bu işdə Səüdiyyə Ərəbistanındakı müəyyən güclərində əli var. Qeyd edək ki, hələ Çeçen savaşı olan zamanda Azərbaycanda fəaliyyət göstərən xavariclər vasitəsi ilə azərbaycanlılar Çeçenistana aparılırdı. Ekspertlər hesab edir ki, bu gün Suriyada döyüşə gedənlərin bir qismi dinin təsiri ilə bu addımı atırlarsa,böyük bir qismi də məhz pul müqabilində bu döyüşlərdə iştirak edirlər. Ekspertlər bildirir ki, Səüdiyyə Ərəbistanında müəyyən güclər var ki, dünyada radikal dini qruplaşmaların yaranması üçün milyardlarla dollar həcimində pul xərcləyirlər. Elə Azərbaycan rəsmisinin verdiyi son açıqlamada bunu təsdiqləyir. “Azərbaycanın müvafiq dövlət qurumları vətəndaşlarımızın Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı məsələ ilə məşğuldur”. Bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: “Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”. PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: “Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir”.Maraqlıdır, bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Deyəsən suala artıq cavab tapılıb. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edir.Komitənin mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunmuş və növbəti təlim kursu yanvar ayının 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri “Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları”, “Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər”, “Dini radikallığın yaranma səbəbləri və təzahür formaları”, “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, “Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları”,
“Dini radikalizmlə mübarizədə dünya təcrübəsi” və digər aktual mövzularda mühazirələr oxuyublar. Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. G.İsmayılov bildirib ki, qeyd olunan sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır.
Daha sonra din sahəsində mövcud problemlər və onların həll yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının zəruriliyini qeyd edib. G.İsmayılov bildirib ki, cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcək.
Görünən odur ki, Dövlət Komitəsi vəhhabiliyin yayıldığı bölgələrdə, bu cərəyanın yayılmasının başlıca səbəblərindən olan – din xadimlərinin savadsızlığı və vəhhabilər qarşısında bir çox hallarda acizliyini aradan qaldırmaq üçün konkret tədbirlər təşkil edir. Yəqin ki, ruhanilərin bu istiqamətdə düzgün təhsili əhali arasında da radikallığa meylin azalmasına öz töhfəsini verəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33