Milli Məclis 2014-ün ilk iclasına toplaşdı
12:54 04-02-2014
CƏMİYYƏT
Milli Məclis 2014-ün ilk iclasına toplaşdı
Suriyada döyüşən azərbaycanlıların taleyi parlamentdə
Azərbaycan Milli Məclisi yaz sessiyasının ilk iclasını keçirir. 2014-cü ilin ilk iclasının gündəliyinə 14 məsələ daxildir.
1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında
3. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü-il yaz sessiyasının qanunvericilik işləri planı haqqında
4. "Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
5. "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
6. "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə
7. Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
8. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
9. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
10. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
11. "Beynəlxalq Telekommunikasiya Reqlamenti"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
12. "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
13. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
14. Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
Amma öncəliklə Azərbaycan parlamentinin İntizam və Hesablayıcı komissiyalarının tərkibi 2014-cü ilin yaz sessiyasında yenidən formalaşıb.
Komissiyanın tərkibi deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımoıv, Səttar Mehbalıyev, Fazil Mustafa, Səyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət olub.
Daha sonra Hesablayıcı komissiya yenidən formalaşdırıb. Komissiyaya deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Orucov və Mixail Zabelin daxil olub. Prosedura uyğun olaraq hər iki komissiya öz aralarında sədr seçəcək.
“Azərbaycanda olan
ictimai-siyasi sabitlik hansısa təşkilatlara
sərf etmir”
“Bəzi dövlətlərə və beynəlxalq qurumlara arxalanan təşkilatlar son vaxtlar Azərbaycana qarşı yeni təhdid metodu seçiblər”.
Bunu Milli Məclisin keçirilən plenar iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.O qeyd edib ki, son vaxtlar bəzi saytlarda Azərbaycanda güclü terror hadisəsi törədiləcəyi, bəzi hüquq-mühafizə və inzibati orqanlara qarşı terror təhdidləri haqqında xəbərlər geniş yayılmaqdadır: “Bu hədəni edən təşkilatların arxasında hansı dövlətlərin, beynəlxalq qurumların olduğu artıq bizə də məlumdur”.
S.Novruzov deyib ki, görünür, Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilatlara sərf etmir: “Onlar hədələmək yoluna keçiblər. Bu yola Azərbaycana qarşı hədələrini bildirmək istəyirlər. Bu gün Azərbaycanın iqtisadi və siyasi uğurları, eləcə də dünya ölkələrinin bir çoxunun beynəlxalq tədbirləri məhz ölkəmizdə keçirməsi, görünür, bir sıra xarici təşkilatları narahat edir. Bu istiqamətdə Azərbaycana qarşı təhdidlər, tələblər, şərtlər irəli sürməyə hazırlaşırlar. Lakin onlar hələ də bilmirlər ki, Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsası Heydər Əliyev tərəfindən qoyulub. Hazırda həmin siyasət də prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın güclü hüquq-mühafizə orqanları var. Eyni zamanda Azərbaycan xalqının dövləti və prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanın maraqlarından geri çəkilməsinə imkan verməyəcək, bunun dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu proses bundan sonra da davamlı şəkildə həyata keçiriləcək”.
“Terrora açıq çağırışlar edən saytlar var”
Milli Məclisdə çıxış edən deputat Fuad Muradov son zamanlar azərbaycanlı gənclərin əcnəbi ölkələrdə muzdlu döyüşçü kimi iştirakı ilə bağlı yayılan məlumatların araşdırılmasına çağırıb.
Azərbaycanda əhalinin çoxunun gənclər təşkil etdiyini deyən F.Muradov onların daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının gənclərlə bağlı yürütdüyü siyasəti, fərmanları bu təbəqənin inkişafına yönəldilib. “Mən bir məsələyə toxunmaq istəyirəm. Son zamanlar internetdə, sosial şəbəkələrdə xarici ölkələrdə döyüşən azərbaycanlı gənclərlə bağlı xəbərlər yayılır. Xaricdə vuruşmağa gedən bu şəxsləri təbliğ etmək lazım deyil. 2014-cü il başlayandan torpaqlarımızın düşməndən qorunması uğurnda gedən döyüşlərdə gənclərimiz şəhid olub. Vətən uğrunda həlak olmuş bu gənclərin təbliğatı aparılmalıdır”.
Deputat bildirib ki, internetdə terroru təbliğ edən açıq saytlar formalaşıb. “Açıq şəkildə demək istəyirəm. İnternetdə terrora açıq çağırışlar edən saytlar var. O saytlar mütləq bağlanmalıdır. Terrora dəstək verən internet resurslarına qarşı cinayət işi açılmalıdır”-deyə F.Muradov bildirib.
Deputat qeyd edib ki, bu heç bir halda vətəndaşların internetdən məlumat alma azadlığının pozulması demək deyil. “Ölkədə internet azadlığna heç bir məhdudiyət yoxdur. Vətəndaşlar bundan sərbəst şəkildə istifadə edirlər. Ancaq terrora dəstək verən internet resursları qanun qarşısında cavab verməlidirlər”-deyə deputat vurğulayıb.
Qənirə Paşayeva
çağırış etdi
Millət vəkili Qənirə Paşayeva müvafiq qurumları 15 il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb.
Millət vəkili deyib ki, 28 oktyabr 1999-cu ildə Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər. O deyib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. “ Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.”
Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran Q. Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. O, bildirib ki, bu gün ölkədə orqan köçürülməsi sadəcə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür: "Bununla da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı 15 ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Mən parlamentimizi bu qanunun tam yerinə yetirilməsinə ciddi nəzarət etməyə çağıram”.
Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.
“Psixoloji xidmət
haqqında” qanun qəbul edilməlidir
““Psixoloji xidmət haqqında” Qanun qəbul edilməlidir”. Bu təkliflə deputat Musa Quliyev çıxış edib.
O bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər. “Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır. Bunun qarşısını almaq üçün“Psixoloji xidmət haqqında” Qanun qəbul olumalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa bizim komissiya bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik. Spiker Oqtay Əsədov deyib ki, deputatın qaldırdığı məsələ çox aktualdır. “Amma indi bu məsələni qanun halına salmaq üçün yetərincə iş görməliyik. Elə onu qeyd edim ki, bizdə istənilən qədər psixoloq yoxdur”.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33