İpoteka siyasəti ümidləri doğrultmur
12:57 04-02-2014
CƏMİYYƏT
İpoteka siyasəti ümidləri doğrultmur
Xeyli müddətdir ki, ölkədə tətbiq erdilən ipoteka proqramı gözlənilən effekti vermir. Bu nəticəsizlik barədə ekspertlərin kifayət qədər açıqlamaları var, amma vəziyyət qətiyyən dəyişilmir.
Millət vəkili Fəzail Ağamalı Milli Məclisin dünənki iclasında bildirib ki, "2005- ci ildə Milli Məclis ipotek haqqında qanun qəbul edib. Biz keçən il ipoteka fonduna xeyli miqdarda pul ayırdıq. Bu, ipoteka problemini, qismən də olsa, aradan qaldırmadı. Burada maxinasiya var. Gənclərin evinin olmaması nəticəsində onların ailələrinin dağılmasının qarşısını almaq lazımdır. Bunun üçün ipoteka kerditləri ilə bağlı yeni qanunlar qabul etməlyik".
Iqtisadçı ekspert Samir Əliyevin “Unikal”a verdiyi açıqlamaya görə, “Sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün 2013-cü ilin dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin 2012-ci illə müqayisədə 20 milyon manat və ya 2% çox oldu. Cari ildə hökumət ölkədə ipotekanın mövcud şərtlərini yüngülləşdirəcək. Əgər hazırda Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu adi ipoteka kreditlərini maksimal məbləği 50 min manat təşkil etməklə, 25 illik müddətinə verilən kreditlər ilkin ödənişi 20% olmaqla, illik 8%-lə verilirdi. Sosial ipoteka üzrə isə bu şərtlər 30 il müddətinə maksimal məbləğ 35 min manat olmaqla, 15% ilkin ödəniş və illik 4% təşkil edirdi. Bu il ötən ilkindən fərqli olaraq, ilkin ödənişin ləğv ediləcəyi, faizlərin aşağı salınacağı və maksimal məbləğin artırılacağı gözlənilir”.
Ekspertin dediyinə görə, “Dövlət büdcəsindən müvvəkil banklara da pul ayrılır. Sosial ipoteka üçün ayrılan büdcənin hər il artması yaxşı nəticə olsa da, ayrılan büdcə dövlət büdcəsinin gəlirinə görə çox azdır. Dünya Təcrübəsindəki nəticələrə baxdıqda Azərbaycanda sosial ipoteka üçün ayrılan payın faizi aşağı səviyyədədir. Sosial ipotekanın əsas büdcəsi büdcə kreditləri maliyyəsindən və qiymətli kağızlar fondundan formalaşır. Azərbaycanda əhalinin artması, ailə quranların çox olması, ayrılan büdcənin az olması dediklərimizdə bir daha özünü göstərir. Artıq bir neçə il ərzində bu vəsaitlər Fondun sərəncamına ardıcıl qaydada toplanır. Bu gedişlə 2013-cü ildə Fondun kredit portfelinin həcmi 920 milyon manata çatdı. Bu, bir sıra layihələri maliyyələşdirməyə imkan verdi. Nəzərdə tutulan layihələrdən biri də Tikinti Əmanət Banklarının yaradılmasıdır. Bununla banka üzv olunur, depozit yerləşdirilir və 5-10 il ərzində faizin artması ilə bankdan ev almaq üçün lazım olan pul kreditlə götürülür. Bu əhalinin ev almasını daha da asanlaşdırmaq üçün çox gözəl addımdır”.
İqtisadçı ekspert Razi Abbasbəylinin “Unikal”a söylədiyinə görə, “Ölkədə tətbiq edilən ipoteka siyasəti əvvəlcədən yanlış qurulduğundan hazırda bu sahədə tam bir xaotik durum yaranıb. Məsələ burasındadır ki, mənzil əldə etmək istəyən gənc ailələrə nəqd pul halında kredit verilməsi və onlara yeni tikilən binalardan mənzil təklif edilməsi praktik olaraq özünü doğrultmur. Çünki yeni tikilən binaların əksriyyəti texniki şərtlərə cavab vermədiyindən texniki pasportlar əldə etmək mümkün olmur. Belə olan halda isə bank həmin mənzillərə pul ayırmaqdan yayınır. Bu günə qədər ipoteka krediti ilə alınmış mənzillərin siyahısına diqqət yetirəndə məlum olur ki, onların 90%-i köhnə evlərdir. Bu da məlumdur ki, bir müddətdən sonra “xruşşovka” deyilən bu binaların hamısı söküləcək və yenicə mənzil əldə edənlər yeni problemlərlə üzləşməli olacaqlar”.
Ekspertin dediyinə görə, ipoteka siyasətində yaranmış bu hərc-mərcliyi aradan qaldırmaq üçün konkret təkliflər hazırlanıb hökumətə təqdim edilsə də, hələ ki bunlara cavab verilməyib: “Biz təklif etmişik ki, ipoteka kreditləri dövlət zəmanəti ilə verilsin. Məlum qanunvericilikdəki digər naqislik bundan ibarətdir ki, yalnız yüksək maaşı olan və dövlət işində çalışanlara ipoteka krediti ayrılır. Nəticədə gənc ailələrin xeyli hissəsi bu proqramdan yararlana bilmir. Təklifimiz qəbul edilsə, həm şəhərsalma baxımından faydalı olacaq, həm də özəl sektorda çalışanlar da mənzil əldə edə biləcəklər”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49