Ukraynada Avromaydan hərəkatı kritik həddə yaxınlaşır
10:55 05-02-2014
İQTİSADİYYAT
Ukraynada Avromaydan hərəkatı kritik həddə yaxınlaşır
Ölkə vətəndaş müharibəsinin astanasındadır
Ukraynda gedən Avromaydan hərəkatı kritik həddə yaxınlaşmaqdadır. Müxalif UDAR partiyasının lideri Vitali Kliçko Ukraynadakı vəziyyətin diktaturaya gətirib çıxaracağını istisna etməyib və ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu deyib:
“Ölkəmizdə olan problemlər vətəndaş müharibəsinə gətirib çıxara bilər. Belə olan halda çoxlu sayda insan həlak olacaq. Biz Ukraynanı itirə bilərik, burada diktatura tətbiq olunacaq”.
Bununla yanaşı V.Kliçko qeyd edib ki, ölkədə vəziyyət son dərəcə kritikdir və istənilən an dəyişə bilər.
Bu ölkədə gedən prosesləri son dərəcə narahatlıqla izləyən Rusiya isə yenə də Qərbi ittiham edib. Rusiya xarici işlər nazirinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov bildirib ki, “Ukraynaya bütün müdaxilələr dayandırılmalıdır. Avropa Birliyi ölkələri və ABŞ-ın rəsmi şəxsləri Maydanda çıxışları zamanı Ukrayna xalqını “Avropaya çağırışa”, faktiki olaraq qarşıdurmaya, onun gərginləşməsinə səsləyirdilər. Bunu Ukraynanın daxili işlərinə qarışmaqdan başqa bir şey kimi qiymətləndirmək olmaz. Bütün bunlar qərbli siyasətçilərdən eşitdiyimiz demokratik şüarlarla uyğun gəlmir”.
Prezident Yanukoviçin sözləri kimi onun Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko isə bildirib ki, “Əgər indiki danışıqlar prosesində siyasətçilər ümumi razılığa gələ bilməsələr, Ukrayna prezidenti növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinə hazırdır. Bu halda növbədənkənar seçkilər ölkədəki böhran vəziyyətindən çıxış üçün yeganə vasitə olacaq”.
Onun sözlərinə görə, etiraz edənlərə qarşı güc variantı müzakirə olunmur. Bu yaxınlarda Regionlar Partiyasının parlament fraksiyası ilə görüşən Yanukoviç də deyib: “Bizim güc tətbiq etməklə administrasiya binalarını, hətta Maydanı azad etmək imkanımız var. Amma mən heç vaxt buna getməyəcəyəm, çünki onlar da bizim vətəndaşlarımızdır”.
Bu ölkdə proseslərin sonrakı gedişatı hansı yöndə ola bilər?
Politoloq Rasim Ağayevin “Unikal”a bildirdiyinə görə, pisi odur ki, Ukraynada gedən proseslər həm iqtidarın, həm də müxalifətin nəzarətindən çıxıb: “Artıq bu proseslərə Avropa və Rusiya ton verməyə başlayıb. Düşünürəm ki, bu ölkədəki vəziyyət çox ciddi sonluqla başa çata bilər. Yəni Ukraynanın parçalanması və yaxud federasiyaya çevrilməsinin gündəmə çıxma ehtimalı çox yüksəkdir. Bununla belə hesab edirəm ki, həm Qərb ölkələri, həm də Rusiya Ukraynada vətəndaş müharibəsinin baş verməsinə və yaxud hansısa xoşagəlməz ssenarinin baş tutmasına imkan verməyəcəklər. Bu cür ifrat variantlar nə Qərbə sərf edir, nə də Rusiyaya. Yəqin ki, Ukrayna krizisini qaydaya salmaq üçün Suriya variantından istifadə ediləcək. Yəni Qərbin və Rusiyanın aktiv təşəbbüsü ilə beynəlxalq konfrans və ya digər bir formatda tənzimləmə tədbiri gerçəkləşdiriləcək”.
Politoloqun sözlərinə görə, “Hazırda Ukraynada baş verənlər, birinci növbədə, Rusiyaya ziyandır. Rusiya geopolitik uçurum qarşısında durub. Ukraynanı itirmək onun keçmiş SSRİ məkanı ilə bağlı bütün planlarına ağır zərbə vuracaq. Təbii ki, Rusiya bu durumla barışmaq fikrində deyil və revanş götürmək üçün Güney Qafqaza təzyiqlərini artıracaq. Ən xoşa gəlməyəni budur ki, bu təzyiqlər daha çox Azərbaycana və Qərbə inteqrasiya qətiyyətini açıqca bəyan etmiş Gürcüstana qarşı yönələcək”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclunun “Unikal”a verdiyi açıqlamaya görə, “Ukraynanın bölünmə ehtimalını irəli sürənlər Şərqi Ukraynada yaşayan Rusiyameylli sakinlərin tutacağı mövqeyə istinad edirlər. Zənnimcə, bu güman reallığa əsaslanmır. Şərqi Ukraynada yaşayanlar da sivil dünyaya can atırlar. Rusiyanın onlara verəcəyi nə olacaq? Buna görə də hesab edirəm ki, Ukraynanın bölünmə ehtimalı çox zəifdir”.
Politoloqun qənaətinə görə, “Yaranmış situasiyada artıq Ukrayna prezidenti Viktor Yanukoviçin başqa çıxış yolu qalmayıb və müxalifətin tələbləri ilə razılaşmalıdır. Hesab edirəm ki, oradakı proseslər müxalifətin və Qərbin nəzərdə tutduğu ssenari ilə inkişaf edəcək”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53