Azərbaycan Müəllimlər İnstitutunu kimlər hədəfə alıb?
10:56 05-02-2014
İQTİSADİYYAT
Azərbaycan Müəllimlər İnstitutunu kimlər hədəfə alıb?
Təhsil ocağı ilə bağlı məqsədli şəkildə xüsusi ajiotaj yaradılır, AMİ-nin illərlə qazandığı nüfuzu zərbə altında qoymaq istəyirlər
Məlum olduğu kimi, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ilə bağlı qalmaqal artıq hüquqi müstəvidə araşdırılır. Adıçəkilən filial tərəfindən verilmiş saxta diplomların aşkarlanması bu yöndə təhqiqatları zəruri edib və bu kimi addımları yalnız alqışlamaq lazımdır. Hər halda təhsil sistemimizdə müşahidə edilən nöqsanların vaxtında aşkarlanması və bu hallara qarşı barışmaz mübarizənin başlanması təqdirəlayiq olaydır. Bu öz yerində, amma baş verənlərlə bağlı müəyyən görünməyən məqamlar var ki, bu yazımızda məhz həmin qaranlıqlara işıq tutmağa çalışacağıq. Bundan öncə isə Azərbaycan Müəllimlər İnstitutunu daha yaxından tanımağa çalışaq. Beləliklə...
Nüfuzlu təhsil ocağı: dünəndən bu günə
Gəlin, bu gün ölkə mətbuatının əsas müzakirə mövzusuna çevrilmiş Azərbaycan Müəllimlər İnstitutunun yaranmasından bu günə qədər keçdiyi fəaliyyət dövrünə qısa da olsa nəzər salaq. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının 15 iyun 1999-cu il tarixli 168 ¹–li sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”na müvafiq olaraq “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 ¹–li prezident fərmanının 10-cu bəndi əsasında, Azərbaycan pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması baş institutu bazasında Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə (Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Şamaxi, Quba, Salyan, Cəlilabad, Ağcabədi, Şəki, Zaqatala şəhərlərində) filialı və Lənkəran Tədris-Məsləhət məntəqəsi yaradılıb. Qısa müddətdən sonra, Naxçıvan filialı Müstəqil Müəllimlər İnstitutuna çevrilib. Bu fərmana görə, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ-nin) və onun filiallarının funksiyalarına aşağıdakı sahələr daxildir:
- Pedaqoji kadrların ilkin hazırlığı (bakalavr təhsil pilləsi);
- Pedaqoji kadrların ixtisasının artırılması;
- Pedaqoji kadrların yenidən hazırlanması;
- Müəllimlərin təkmilləşdirilməsi.
Bundan əlavə, hazırda baza institutunda təhsilin magistratura pilləsi üzrə də pedaqoji kadrlar hazırlığı həyata keçirilir. İnstitutda 3 fakültə, 11 kafedra, 5 kabinet , 2 mərkəz, fundamental kitabxana, kompüter mərkəzləri və s. fəaliyyət göstərir.
Yalnız baza institutunda 200-ə yaxın əməkdaş, o cümlədən, 100 nəfərdən çox professor-müəllim heyəti çalışır. İnstitutun 11 filialında 20-dən artıq fakültə, 40-a qədər kafedra, 32 metodik kabinet, 12 laboratoriya, kompüter mərkəzləri, kitabxanalar fəaliyyət göstərirlər. Ümumilikdə filiallarda 1000 nəfərə yaxın əməkdaş, o cümlədən, 500 nəfərdən çox professor müəllim heyəti çalışır. Bütün bunları bir daha xatırlatmaqda məqsədimiz isə son vaxtlar KİV-də Azərbaycan Müəllimlər İnstitutu haqqında heç də nüfuzuna yaraşmayan yanaşmaların özünə yer tapmasıdır. Biz “Unikal” qəzeti olaraq mövzunun aktuallığını və əslində nəyin necə olduğunu əyani şəkildə izləmək məqsədilə AMİ-dən reportaj hazırlamaq qərarına gəldik. Orada müşahidə etdiklərimiz isə təhsil ocağıyla bağlı KİV-lərdə yer alan yanaşmayla ziddiyyət təşkil edirdi.
Müəllimlər İnstitutunda gördüklərimiz
Son günlərin baş mövzusuna çevrilmiş Azərbaycan Müəllimlər İnstitutundakı real durumu obyektiv şəkildə müşahidə etmək məqsədilə buraya rəhbərliyin xəbəri olmadan yollandıq. Qış-imtahan sessiyasının qızğın çağı olduğundan institutda qələbəlik ilk baxışdan diqqətimizdən yayınmadı. Elə bu fürsətdən istifadə edərək, foyedəcə tələbələrlə söhbətləşmək imkanımız oldu. Söhbətləşdiyimiz tələbələr həm təhsilin səviyyəsindən razılıqlarını ifadə etdilər, həm də imtahanların şəffaf keçirilməsini xüsusi vurğuladılar. Elə buradaca öyrəndik ki, hansısa tələbənin imtahanla bağlı narazılığı olursa, onun müraciəti əsasında yaradılan xüsusi komissiya məsələni yerindəcə araşdırır. Tələbələr bildirdilər ki, elə bu səbəbdən də hər hansı narazılıq hallar müşahidə olunmur. İmtahanların nəticələri isə bəlli vaxtda institutun saytında dərc olunur ki, bu da şəffaflığın daha bir göstəricisi sayıla bilər. Ümumi nizam-intizam və tələbə-müəllim münasibətlərinin yüksək səviyyədə olduğu AMİ-də diqqətimizi həm də o çəkdi ki, bura heç də mətbuatdan “göründüyü” kimi deyilmiş. Hər halda institutda olduğumuz müddət ərzində tələbələrin dilindən nə imtahanlarla bağlı, nə də digər problemlə əlaqəli heç bir şikayət eşitmədik. Bu isə belə düşünməyə əsas verir ki, kimlərsə ələ düşmüş məlum fürsətdən istifadə edərək AMİ-nin nüfuzuna məqsədli şəkildə zərbə vurmaq istəyir...
Diplomlar necə verilir: saxtakarlıq mümkündürmü?
Son günlərin ən qalmaqallı olayı diplomların saxta yollarla verilməsi olduğundan institutda olduğumuz müddətdə diplomların verilmə prosedurları ilə maraqlandıq. İnstitutun əməkdaşları bizi diplom şöbəsi və onun iş prinsipləri ilə tanış etdi. Öncə bir məqamı vurğulayaq ki, diplom şöbəsi xüsusi nəzarət altındadır və buraya hər hansı kənar müdaxilə demək olar ki, mümkün deyil. Bunu da bildirdilər ki, yekun olaraq Dövlət Attestasiya Komissiyasının protokolları və müvafiq strukturların təqdimatları əsasında məzunlar üçün diplom verilməsi və tələbə sırasından xaric olunma əmri hazırlanır və Təhsil Nazirliyinə məktubla müraciət olunur. Orada məzunların siyahısı araşdırıldıqdan sonra diplomlar təhsil nazirliyindən verilir. Bütün bunlardan sonra isə AMİ rəhbərliyini saxta diplom işində günahlandırmaq nə dərəcədə doğrudur? Axı yuxarıdakı prosedur qaydalardan da göründüyü kimi, bu iş çox yüksək səviyyələrdən idarə olunmalıdır. İndiki halda isə AMİ-nin hansısa filialında bu kimi hallar baş veribsə bu işdə həmin filial rəhbəri ilə yanaşı həm də TN-nin məsul şəxsləri də məsuliyyət daşıyır.
Aşkarlanmış nöqsan öz yerində, amma bu hücumlar üçün əsas verirmi?
Təbii ki, AMİ-nin Gəncə filialında aşkarlanmış fakt ciddi qanun pozuntusudur və bunu hüquq-mühafizə orqanları araşdırır. Amma bu fakt bütövlükdə ölkənin ən qədim təhsil ocaqlarından olan AMİ-nin məqsədli şəkildə hədəfə alınmasına əsas yaradırmı? Müəllimlər İnstitutuna qarşı qərəz nədən qaynaqlanır? Məlum olduğu kimi, AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvani də filiallarda baş verən qanun pozuntuları ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini bildirib. Eyni zamanda o da gün kimi aydındır ki, saxta diplomların verilməsi işi ali məktəb səviyyəli məsələ olmayıb, daha böyük miqyası əhatə edir. Bu işdə Təhsil Nazirliyinin bəzi yüksək çinli məmurlarının iştirakı da müzakirələr mövzusudur. Təbii ki, bütün bunlar araşdırılır və baş vermiş cinayətdə əli olan hər kəsin öz layiqli cəzasını alacağına şübhəmiz yoxdur.Bunu da qeyd edək ki, bir müddət öncələrə qədər müəyyən qanunsuz sexlərdə saxta pullardan tutmuş, aksiz markalarına qədər qiymətli kağızlar hazırlanırdı. Amma hüquq-mühafizə orqanları bunun qarşısını ciddi şəkildə ala bildilər. Görünür indi də hansısa işbazlar saxta diplom istehsal etməklə, ölkənin ali məktəblərinin , o cümlədən də AMİ-in nüfuzuna zərbə vurur və ciddi qanun pozuntusuna yol verirlər.
Amma bütün bunlar ölkənin təhsil sistemində özünəməxsus yeri və rolu olan Azərbaycan Müəllimlər İnstitutunun hədəfə alınması anlamına gəlməməlidir. Hər halda etiraf olunmalıdır ki, Azərbaycan Müəllimlər İnstitutu fəaliyyət göstərdiyi illər ərzində özünün müsbət ənənələri ilə diqqəti cəlb edib. Belə bir ali təhsil ocağının nüfuzdan salınmasına yönəlmiş məqsədyönlü fəaliyyət isə istənilən halda yolverilməzdir.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53