Məmurların kolbasa bazarı uğrunda amansız mübarizəsi
10:57 05-02-2014
İQTİSADİYYAT
Məmurların kolbasa bazarı uğrunda amansız mübarizəsi
Son vaxtlar ən tanınmış istehsalçıların belə "vurulması" nədən xəbər verir?
Son vaxtlar mətbuatın əsas müzakirə mövzularından biri ölkənin kolbasa bazarında yaşanan özbaşınalıqlar, keyfiyyətsiz məhsullar, aparılan yoxlamalar zamanı üzə çıxan xoşagəlməz vəziyyətdir. Nəzərə alsaq ki, Azərbaycanda kolbasa və sosis çox istehlak olunan məhsullardandır, xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır, elə isə bu sahədə hazırda yaşananlar nədən xəbər verir?
Məsələ burasındadır ki, yerli kolbasa istehsalı son illər bazarın 80 faizini ələ alıb. İstər rəsmi yoxlamalardan, istərsə də mətbu araşdırmalardan beldə görünür ki, yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Analoji şəraitdə isə heyvanların elektrik cərəyanı ilə öldürülməyib əllə üzü qibləyə və Allahın adi ilə "Bismillah" deyilərək kəsilməsi belə məhsulun halallığına təminat vermir.
Azərbaycanda bir ildə adambaşına 0,6 kq suda bişmiş kolbasa, 0,9 kq sosiska və sardelka yeyilir. Son illər kolbasa istehlakı 2005-ci illə müqayisədə 20 faiz artıb. Normalda kolbasanın 45 faizini yağlar, 12 faizini isə zülal təşkil edir. Alimlərin hesablamalarına görə, bu qida məhsulu ilə orqanizmə il ərzində 10 kq yağ daxil olur. Bazarda üstünlük təşkil edən "Lider", "Hacı Turqay", "Sab", "Kral", "Ovçu", "Kristal", "Sevimli Dad", eləcə də digər kolbasa və sosislərin tərkibinə nəzər yetirsək, 10-15 faiz zülal, 20-30 faiz piyin payına düşür. Hansı ki, bunun özü də kifayət qədər ciddi fərqdir.
Bazarda müşahidələr göstərir ki, kolbasaların kiloqramı 6-15 manat, sosislər 4-8 manat arasında dəyişir. Yəni bundan baha yerli məhsul tapa bilməzsiniz. İdxal olunan kolbasa və sosislər isə 2 dəfə yüksək qiymətədir. Əslində bu bir tərəfdən təbiidir. Hələ qədimlərdə ətin indiki dövrdəki kimi baha olmadığı zamanlarda hazırlanmasında xeyli farşdan istifadə olunduğundan kolbasaların miqdarı az, qiyməti yüksək idi. Bu gün Azərbaycanda ətin kiloqramı ilə kolbasanın kiloqramının qiyməti arasında nisbi uyğunsuzluq var. 1 kq mal əti 8-9 manat, 1 kq kolbasanın isə orta qiyməti 6 manat təşkil edir. Satışda hətta 3-4 manata da da kolbasa növlərinə rast gəlmək mümkündür. Bu da onu göstərir ki, kolbasa istehsalında əti əvəzedən əlavələrdən geniş istifadə edilir.
Ən ilginc məqamlardan biri isə tanınmış kolbasa istehsalçılarının belə, hədəfə gəlməsidir. Məsələn, "Sab" nişanlı kolbasa, sosis məhsulları istehsal edən "Zəhmət-Ruzi" şirkətinin xammalın 50-60 faizini Hindistandan, 30-35 faizini yerli bazardan aldığı bildirilir. Lakin o da iddia edilir ki, həmin rəqəm daha yüksəkdir. "Camış ətinin nəyi pisdir?" sualı yarana bilər. Lakin belə ətlər çox zaman dondurulmuş vəziyyətdə olduğundan heyvanın qoca və ya cavanlığı bilinmir. Başqa tərəfdən Hindistan ciddi xəstəliklərin mövcud olduğu ölkədir. Ətin dondurulmasını, idxal zamanı qət olunan məsafəni, xüsusilə malın hansı şəraitdə daşındığını nəzərə alsaq, baş qaldıran bakteriyaları saymaqla bitirmək olmaz.
Daha bir məşhur istehsalçı - "Lider RM" ASC-nin "Halal" kolbasaları ilə bağlı isə bildirilir ki, müəssisənin kolbasa və sosisləri reklam olunduğu kimi heç də standartlara uyğun deyil. ASC fəaliyyətə başladığı 1996-cı ildən bu tərəfə məhsul assortimentini 120-yə çatdırsa da, bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməyib. Misal üçün, şirkətin rəsmi internet səhifəsində qeyd edilib ki, müəssisədə İSO 9001 keyfiyyətli idarəetmə sistemi tətbiq olunub və sertifikatlaşdırılıb. O da əlavə edilib ki, istehsal prosesində xarici ölkələrdə istehsal edilən yüksək texnologiyalı avadanlıqlardan istifadə olunur. Maraqlıdır ki, özü ilə bağlı hər detalı önə çəkən ASC sözügedən yüksək texnalogiyalı avadanlıqların adlarını, hansı şirkətlərə məxsus olduqlarını açıqlamayıb. Bundan əlavə şirkətin ayrı-ayrı məhsulları üzrə Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzindən Gigiyenik sertifikatı olsa da, kolbasa və delikateslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqredientlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Eləcə də xammalın saxlanma şəraitinə dair bilgi yoxdur.
Məsələnin başqa tərəfi şirkətin laboratoriyasının olmamasıdır.
Başqa bir tanınmış şirkət - "Ovçular ət və ət məhsulları" MMC də son vaxtlar rəsmi yoxlamaların və mətbu tənqidin əsas hədəflərindəndir. İki il əvvəl Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir sıra kolbasa və sosis çeşidlərinin istehsalına qadağa qoyulan "Ovçular ət və ət məhsulları" MMC yenə də istehlak bazarını ət məhsulları ilə təhciz edir. Xatırladaq ki, o zaman MMC, öz kolbasalarını gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu. Həmin ərəfədə "Ovçular ət və ət məhsulları" MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi. Monitorinqlər göstərir ki, müəssisəyə məxsus kolbasalarda keyfiyyət dəyişikliyi baş verməyib. Yuxarıda sözügedən kolbasalar eyni keyfiyyətdə bazarda "at oynadırlar". "Ovçular ət və ət məhsulları" MMC-nin məhsullarından satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, "Ovçular ət və ət məhsulları"na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər. Bunu da onlar xammal kimi istifadə edilən ətin keyfiyyəti ilə bağlayırlar.
Bəzi ekspertlər isə kolbasa bazarı ətrafında son vaxtlar yaranan hay-küyü məmur maraqları ilə izah edirlər. İstisna edilmir ki, bir çox məmurlar bu sahənin fantastik dərəcədə gəlirli olduğunu görüb onu öz nəzarətlərinə keçirmək istəyirlər. Nəticədə isə hətta məşhur istehsalçılar belə, "qurbanlığa" çevrilirlər. Görünür, onları "vurmaqla" ya bazardan tamamilə sıxışdırıb çıxarmağa, rəqabət mühitini monopolist maraqlarla əvəz etməyə, ya da əl dəyişdirməyə çalışılır.
Bu bazar uğrunda mübarizənin hələ çox su aparacağı dəqiqdir, mübarizədən kimlərin qalib çıxacağını isə zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17