Ziya Məmmədovdan "Unikal"a əsəbi reaksiya
10:44 06-02-2014
İQTİSADİYYAT
Ziya Məmmədovdan "Unikal"a əsəbi reaksiya
Nəqliyyat naziri qardaşı Nəriman Məmmədovla bağlı əməkdaşımıza nələr dedi?
Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb. Belə ki, o bir neçə gün əvvəl qardaşı ilə bağlı əmr verib. Həmin əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "MMC 85"adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.
Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə "Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr" adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir. Məsələnin maraqlı tərəfi isə bundan ibərətdir ki, nazirin həmin kollegiya iclasında tənqid etdiyi sahəyə məhz qardaşı Nəriman Məmmədov məsul imiş. Onun vəzifədən hansı səbəblər üzündən çıxarılması barədə bir qədər sonra daha ətraflı məlumat verəcəyik. Hələliksə, nazirin vəzifədən çıxarılan qardaşını daha yaxından tanımağa çalışaq...
Kimdir, Nəriman Məmmədov?
Artıq bildiyimiz kimi bu şəxs ölkənin aparıcı və nüfuzlu məmurlarından biri olan nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Elə bu məqam da Nəriman Məmmədovun uzun illər yüksək vəzifələrdə çalışmasına şərait yaradıb. Maraqlıdır ki, onun vəzifə tutduğu bütün böyük vəzifələr də məhz qardaşının nazir olduğu nəqliyyat strukturlarında olub.
Əldə etdiyimiz məlumatlara görə, bir neçə il bundan öncəyə qədər Dövlət Dəmiryol QSC-də maliyyə idarəsinin rəisi vəzifəsində çalışan Nəriman Məmmədov işlədiyi dövr ərzində olduqca böyük maliyyə maxinasiyalarına imza atıb. Mənbənin sözlərinə görə, həmin vaxt nazir qardaşından şikayətlər o qədər artıb ki, Ziya Məmmədovun onu tutduğu vəzifədən azad etməkdən başqa çıxış yolu qalmayıb. Bundan sonra bir müddət işsiz qalan Nəriman Məmmədov daha sonra nazir olan qardaşının sayəsində Nəqliyyat Nazirliyində daha böyük və gəlirli vəzifəyə gətirilib. N.Məmmədov qardaşının rəhbərlik etdiyi nazirlikdə Ekspedisiya İdarəsinin rəisi vəzifəsinə təyinat almağı bacarıb. Amma yaş senzinin tətbiq olunması ilə əlaqədar nazir qardaşı bir müddətdən sonra həmin vəzifədən də çıxarılıb. Amma bu heç də onun "çörəksiz qalması" demək deyildi. Nazir qardaşı bu dəfə ona başqa bir yağlı vəzifə hazırlamışdı...
Nazir qardaşı MMC
rəhbəri olur və...
Bundan sonra Ziya Məmmədov qardaşına "Azəryolservis" ASC-nin nəzdində yeni bir MMC yaradıb. Nazir qardaşının yeni MMC-sinə xüsusi ofis də təşkil olunub. "MMC 85" adlanan bu qurumun səlahiyyətləri və qazanc mənbələri isə kifayət qədər geniş idi. Belə ki, son günlərə qədər N.Məmmədovun rəhbərlik etdiyi MMC-yə yüksək səlahiyyətlər və funksiyalar verilmişdir. "Azəryolservis"in nəzdindəki Yolların Mühafizəsi İdarəsinin əksər səlahiyyətləri, işçiləri də ixtisara salınmaqla yeni MMC-yə verilmişdi. Qaynağımız bildirir ki, bu sahə büdcədən ayrılan pulların bölüşdürülərək yeyilməsində xüsusi yer tutur. Belə ki, yollara aid bütün mühafizə, baryer qurma, təmir-tikinti və sair işlərə, o cümlədən ağır tonnajlı maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə yeni MMC rəhbərlik edirmiş.
Həmin vəzifədə isə nəqliyyat sektorundakı bütün yükdaşımaları istisnasız olaraq əlində cəmləşdirən Nəriman Məmmədov burada da dinc dayanmayıb və qanunsuz yollarla fantastik məbləğdə qazanc əldə edib. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbə bildirir ki, Nəriman Məmmədov yük maşınlarının hər birinə 600 manatlıq "haqq" qoyubmuş və təkcə bu yolla milyonlarla vəsait qazanırmış. Amma yuxarıda da qeyd etdiyimiz kimi, nazir qardaşının səlahiyyətləri o qədər geniş imiş ki, yükdaşımadan əldə olunan gəlir ümumi qazancın yalnız cüzi hissəsini təşkil edirmiş. Bunlar öz yerində, amma hələ də açıq qalan bir sual var ki, həmin sualın cavablandırılması vacibdir...
Nazir qardaşı nəyin
güdazına getdi?
Doğrudan da maraqlıdır, qardaşı nəqliyyat naziri ola-ola Nəriman Məmmədovun vəzifədən alınması olduqca müəmmalı görünür. Verilən rəsmi açıqlamaya inansaq, belə çıxır ki, Nəriman Məmmədovu elə qardaşı Ziya Məmmədov işdən azad edib. Amma rəsmi açıqlamalar heç də həmişə həqiqəti əks etdirmədiyindən burada şübhəli məqamların varlığı da istisna olunmamalıdır. Mövzuyla bağlı Nəqliyyat Nazirliyindəki adının açıqlanmasını istəməyən mötəbər mənbə bizimlə söhbətində bildirdi ki, əslində Nəriman Məmmədovun tutduğu vəzifədən azad olunması Ziya Məmmədovun iradəsindən kənar şəkildə baş verib. Daha doğrusu, onun qardaşının həyata keçirdiyi iri miqyaslı maliyyə maxinasiyalarının aşkarlanması Nəriman Məmmədovun sonunu təmin edib. Nazir Ziya Məmmədov isə bütün səylərinə baxmayaraq qardaşını qoruya bilməyib.
Bu iddianın nə qədər doğru olduğunu öyrənmək məqsədilə qarşı tərəflə məsələni dəqiqləşdirmək qərarına gəldik. Bütün bu məsələlərlə bağlı isə nəqliyyat naziri Ziya Məmmədovdan başqa kimsə daha ətraflı informasiyaya malik ola bilərmi? Təbii ki, yox. Elə bunu nəzərə alaraq, nəqliyyat naziri Ziya Məmmədovun şəxsi telefon mömrəsinə zəng vururuq....
Ziya Məmmədov telefonu
qaldırır və əsəbləşir....
"Unikal" qəzetinin əməkdaşı nazir Ziya Məmmədovdan baş verənlərlə bağlı geniş müsahibə, heç olmasa qısa açıqlama almaq məqsədilə onun telefonuna zəng vurdu. Dəstəyi göztürən nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşımız arasında baş vermiş telefon danışığını olduğu kimi oxucularımızın diqqətinə çatdırırq:
- Alo, salam, Ziya müəllim...
- Salam. Kimdir danışan?
- Ziya müəllim, sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı
- Eşidirəm
- Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?
- Deyilənə görə, o DDY-da işlədiyi dövrdədə işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bugündə?
- Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə-"Unikal" qəzetinə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmiziniz?
- Ziya müəllim, sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı.
- Daha bu nömrəyə zəng eləməyin"
Bununla da nazirlə söhbət yekunlaşdı. Düzdür, biz ondan baş verənlərlə bağlı təfərrüatlı bilgi ala bilmədik. Amma düşünürük ki, Ziya Məmmədovun qısa müsahibədə işlətdiyi fikirlərdən hansısa nəticələrə gəlmək olar. Konkret olaraq hansı nəticələrə gəlməyi isə hörmətli "Unikal" oxucusunun öz öhdəsinə buraxırıq...
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53