Müxalifətin çöküş mərhələsi
10:45 06-02-2014
İQTİSADİYYAT
Müxalifətin çöküş mərhələsi
Parlament seçkilərinə hazılıq görmə şansı belə hiss olunmur
Milli Şura problemi, deyəsən, müxalifət düşərgəsində daha ciddi problemlər yaradacaq. Çünki bu qurum çox sürətlə ətraf mühitdən tədric olunmaqda və yeni konfliktlərin yaranmasına təkan verməkdədir. Əksər hallarda neytrallığını saxlamağa çalışan Mili Şura sədri Cəmil Həsənli ilk olaraq "Yeni Müsavat" qəzetinin timsalında Müsavat partiyasını qınadı və bunun ardınca "El" hərəkatının sədri Eldar Namazovu demək olar ki, açıq şəkildə təhqir etdi: "Eldar Namazov "Milli Şura"da İcra Aparatının rəhbəri kimi fəaliyyəti yararsız olub. O boş-boş danışmaqdan başqa bir işə yaramadığını nümayiş etdirib".
Cəmil Həsənlinin sözlərinə görə, Eldar Namazov özü də dəfələrlə etiraf edib ki, o, "Milli Şura"nın işini qura bilmədi: "Komissiyaları işlədə bilmədi. İndi "Məşvərət Məclisi"nin yaranmamasının günahını İsa bəylə Əli bəyin üzərinə atır. Halbuki İcra Aparatının rəhbəri kimi o özü bunda maraqlı deyildi və bunu heç gizlətmirdi də. Hesab edirəm ki, o, boşboğazdan bağqa bir şey deyil. Mitinq Komitəsinə gəldikdə, MŞ-nin 18 avqust mitinqinin əsas təşkilatçıları Rəsul Quliyev və Eldar Namazov idi. Onlar bu işin öhdəsindən gələ bilmədilər və bütövlükdə mitinq rüsvaycılıqla başa catdı. Rəsul Quliyevin sonrakı mitinqlərə "istehzalı" münasibəti də məhz bununla bağlı idi".
Bu isə o deməkdir ki, Cəmil Həsənli artıq bir tərəfə çevrilməkdədir və bu müxalifət daxili parçalanmanı dərinləşdirəcək.
AXCP-in dəstəkçisi
Hazırki məqamda Milli Şura və sədri Cəmil Həsənli AXCP-in dəstəkçisi rolunda çıxış edir. Bunun isə başlıca səbəbi budur ki, ənənəvi müxalifət öz düşərgələrində yeni liderlərin formalaşmasına imkan vermir. Bunu Rüstəm İbrahimbəyovun timsalında gördük. Öncəliklə ənənəvi müxalifət ona dəstək versə də, sonradan bu harmoniya pozuldu və Müsavat Rüstəmİbrahimbəyovu, demək olar ki, siyasi səhnədən silib çıxartdı.
Cəmil Həsənli yaxşı bilir ki, istənilən an növbə ona çatacaq və buna görə də AXCP-dən dəstək umaraq tərəfə çevrilməkdədir. Bu isə digər gücləri sözsüz ki, qıcıqlandıracaq. İlk qıcıq isə hələ ki, "El" hərəkatından gəlir. Amma ekspertlər hesab edirlər ki, yaxn zamanlarda KAXCP də Cəmil Həsənli ilə yollarını ayıracaq.
Əslində, KAXCP-in Milli Şurada qalması bir siyasi məqsədlə bağlı deyil. Sadəcə olaraq, KAXCP sədri Mirmahmud Mirəlioğlu ilə Cəmil Həsənli eyni bölgədəndir və regionçuluq amilinə görə KAXCP hələ ki səbr edir. Amma Cəmil Həsənlinin birmənalı olaraq AXCP dəstəkçisinə çevrilməsini KAXCP qəbul etməyəcək və Milli Şura növbəti parçalanmaya məruz qalacaq. Bu isə Milli Şuranın sonu deməkdir. Buna görə də Cəmil Həsənli paralel olaraq digər bir xət də tutub.
Yeni partiya marağı
Görünən budur ki, hazırda Cəmil Həsənli bütün gücünü səfərbər edərək gəncləri öz ətrafına toplamağa çalışır və buna az da olsa, nail olub. Onun hədəfində görünən "Nida" təşkilatı ilə "ReAL" hərəkatıdır. Bunu da xatırladaq ki, ikinci təşkilat partiyaya çerilmək niyyətindədir və buna hazırlıq prosesi başlayıb. Cəmil Həsənli üçün isə ən real şans elə "ReAl" partiyasına sədr gəlməkdir. Bir tərəfdən ona görə ki, bu təşkilat müxalifət düşərgəsində özünə yer qazana bilib.
Digər tərəfdən, bu təşkilatların böyük əksəriyyəti gənclərdir.
Sonunda isə təşkilatın sədri İlqar Məmmədov həbsdədir və yaxın illərdə azadlığa çıxması mümkünsüzdür. Belə olan halda lidersiz qalan bir quruma Cəmil Həsənlinin lider olması daha asan olacaq. Məhz buna görə də hələ ki Cəmil Həsənli AXCP ilə münasibələri saxlayır və bu planın reallaşması məqamını gözləyir.
Yeni birlik,
yoxsa görüntü?
Bu arada məlum oldu ki, dəfn olunan Milli Şuranın yerinə yeni birlik yarana biər. Bu birlik isə Müsavat başqanı İsa Qəmbərin, AMDP-in sədri İsgəndər Həmidovun və AXP sədri Pənah Hüseynlinin simasında qurulacaq. İlk baxışdan kifayət qədər cazibədar görünsə də, bunun bir effekt verməyəcəyi də proqnozlaşdırılır.
Nəyə görə?
İlk növbədə qeyd edək ki, Pənah Hüseyinli kifayət qədər peşəkar siyasətçi olsa da, partiyası faktiki olaraq yox dərəcəsindədir və sosial bazasız olduğu üçün hər zaman Müsavatın yedəkçisı rolunda çıxış edib. Digər tərəfdən, İsgəndər Həmidovun öncələr ciddi fəaliyyəti olsa da, hazırda faktiki olaraq qeyri-ciddi sima kimi qəbul olunur. Birincisi ona görə ki, o, bir müddət öncə bəyan etdi ki, siyasətdən gedib və proseslər aktivləşən kimi yenidən geri qayıtdı.
Bundan başqa, o dəfələrlə verdiyi bəyanatı sonra təkzib etdi və belə sürüşkən mövqeyinə görə, demək olar ki, artıq qəbul olunmur. Elə buna görə keçmiş boz qurdların əksəriyyəti ondan imtina edib və İsa Qəmbərin onunla uğur qazanacağı sadəcə mümkünsüzdür və bunu İsa Qəmbər də yaxşı bilir. Sadəcə olaraq, hazırda AXCP ilə üz-üzə qaldığı üçün bu cür simalardan istifadə etməyə məcburdur.
Parlament seçkiləri
və son
Bunu da qeyd edək ki, hazırda müxalifət daxilində baş verənlər parlament seçkilərinə istiqamətlənib və bununla bağlı hazırlıqlar gedir. Amma müxalifət həm də çaşqın durumdadır. Çünki 2015-ci ildə keçiriləcək parlament seçkilərinin hər zaman olduğu kimi, yəni majoritar qaydada yox, proporsional qayda da keçiriləcəyi gözlənilir. Əgər proporsional qaydada seçkilər olarsa, müxalifət düşərgəsində gərginlik daha çox artacaq və bununla da ənənəvi müxalifət, demək olar ki, sıradan çıxacaq.
Ekspertlərin rəyinə görə, bunu nəzərə alan hakimiyyət, çox ehtimal ki, yeni partiyaların qeydiyyata alınmasına imkan yaradacaq və bununla da ölkənin siyasi səhnəsində yeniləşmə prosesi başlayacaq.
Maraqlıdır, bəs hansı yeni siyasi qüvvələr ortaya çıxa bilər? İlk növbədə "El" hərəkatı ilə "ReAl" təşkilatını nəzərə almaq lazımdır. "El" hərəkatına Eldar Namazov rəhbərlik edir və hazırda bu hərəkatın bütövlüyü hiss olunmur. Məsələn, Eldar Namazov Milli Şuradan istefa verir, bu təşkilatı aşağılayır,digər üzvü Eldəniz Quliyev isə Milli Şuradadır və ən aktiv üvlərindən sayılır.
Bundan başqa, indiyə qədər Eldar Namazovun yaratdığı təşkilatlar heç zaman uğur qazanmayıb və maraqlıdır ki, bu insana nə hakimiyyətdə, nə də müxalifətdə inam yoxdur. Buna görə də Eldar Namazovun uğur qazanacağı şübhəli görünür. Həmçinin Eldar Namazovun sosial baza toplaması da mümkünsüz görünür. Çünki hazırda siyasi qurumlar adətən liderə, regional amilə və ideologiyaya görə hansısa təbəqəni arxasınca apara bilir. Eldar Namazovda isə bu detalların heç biri yoxdur.
Və nəhayət, Eldar Namazovun uzun illər Heydər Əliyevin köməkçisi olması da belə rəy yaradır ki, o heç zaman birinci olmaq imkanında deyil.
Digər gözləntilər isə "ReAl"la bağlıdır. Bu təşkilat əsasən ortayaşlılardan və gənclərdən təşkil olunub. Qurumun İlqar Məmmədov, Etibar Erkin kimi tanınmış aktivləri var və müəyyən dairələrdə nüfuz sahibidir. Onların beynəlxalq təşkilatlarda da ciddi dayaqları var.
Sosial baza məsələsinə gəldikdə isə, təxmin etmək olar ki, partiya olaraq fəaliyyətə başlayanda bir sıra gənclər təşkilatları da ona dəstək olacaq. Bunu da qeyd edək ki, bu təşkilat yarananda hər zaman kəmiyyətə yox, keyfiyyətə fikir verilib. Bu da onların ciddiliyini artırıb. Ancaq İlqar Məmmədovun həbsdə olması səbəbindən çətinliklər də olacaq.
Başqa bir fəsadlı məqam o zaman yarana bilər ki, Cəmil Həsənli yaranacaq partiyaya sədr gətirilsin. Bu baş tutarsa, yaranacaq partiya beşiyindəcə boğulacaq.
"ReAl"ın başqa bir çətinliyi isə budur ki, ənənəvi partiyalar - AXCP və Müsavat ilk gündən təşkilatın formalaşmasına mane olmağa çalışıb və indi də onların meydanda görünməsində maraqlı deyil.
Dini cərəyanın
aktivləşməsi
Müxalifət düşərgəsində ciddi rol oyanaya biləcək qüvvələrdən biri də dindarlardır. Son iki ildə kifayət qədər aktivləşən və radikallaşan bu qüvvələr sözün həqiqi mənasında həm də təhlükə rolunu oynayırlar. Öncələr daha çox dini xətt tutan bu qüvvələr hazırda həm siyasətə transfer etməkdədirlər, həm də terrora meyl güclənib. Hətta beynəlxalq güclərdə bu durumdan narahatdırlar.
Düzdür, hazırda Azərbaycan qanunvericiliyinə görə din siyasətdən kənardadır. Amma istənilən an onlar da ya nurçuların, ya da Ərdoğanın tutduğu mövqedən bəhrələnərək siyasətə transfer edə bilərlər. Hazırda islamçıların yeganə problemi liderlərinin olmamasıdır ki, bunu prezident seçkilərində də gördük.
Həmçinin ötən seçkilərdə ilk dəfə idi ki, islamçılarla müxalifət bir araya gələ bilmişdi. Ancaq məlum oldu ki, bu müttəfiqlik mümkün deyil və buna görə də hesab olunur ki, dindarların siyasi meydanda daha peşəkar şəkildə görünməsi bir neçə ildən sonra mümkün ola bilər. Və bu qanad nurçuların təsirində olan dindarlardan təşkil oluna bilər. Elə indinin özündə nurçuların təsirində olan minlərlə şəxs dövlət strukturlarında çalışır və digərlərinə də himayə göstərirlər.
Nurçuları təhlükəli göstərən bir məqam isə budur ki, onların böyük əksəriyyəti ciddi maliyyə imkanlarına malikdir, təhsil sektorunda payları var və media gücləri, demək olar ki, yetərli qədərdir. Hazırda onlar sakit şəkildə dövlət orqanlarının içinə sızaraq syiaysi imkanlarını artırmaq istəyirlər. Amma zamanı çatanda başqa cür də addım ata bilərlər.
Beləliklə, gördüyünüz kimi, müxalifət düşərgəsi kifayət qədər problemli bir durumdadır və qarşıdan gələn parlament seçkilərinə, sadəcə olaraq, hazırlıqsız görünürlər.
Ekspertlər hesab edirlər ki, parlament seçkilərində müxalifət ümumilikdə 5 mandatdan çox mandat qazanmaq gücündə deyil. Görünür, buna görə də indidən müxalifət yenə ümidini Qərbə bağlayıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53