Oqtay Şirəliyevin özəl klinikalarla yeni savaşı
10:47 06-02-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin özəl klinikalarla yeni savaşı
Səhiyyə Nazirliyinin xəbərdarlıq etdiyi 5 tibb müəssisəsi haqqında ilginc faktlar “Unikal”da!
“Səhiyyə Nazirliyi 5 özəl klinikaya ciddi xəbərdarlıq edib”. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Nazirlik sözçüsü vurğulayıb ki, fəaliyyətində nöqsanlar aşkar edildiyi üçün “Laçın”, “HB Güvən”, “Fin Azərbaycan”, “Ava Skandinaviya”, “Hind” klinikalarına xəbərdarlıq olunub: “Nazirliyin xəbərdarlığında klinikalara həmin qüsurların qısa bir vaxt ərzində aradan qaldırılması tələbidə öz əksini tapıb”.
”Nazirlik digər tibb müəssisələrində yoxlamalar aparacaqmı?” sualına A. Qədirli belə cavab verib: “Səhiyyə Nazirliyi digər qurumlarla birgə mütəmadi olaraq yoxlamalar aparır”.
Qeyd edək ki, Azərbaycanda özəl tibb müəssisələrinin fəaliyyətində xeyli çatışmazlıqların olduğu sirr deyil. Odur ki, Oqtay Şirəliyevin mütəmadi olaraq klinikalarda yoxlamalar aparması, çatışmazlıqları üzə çıxarması, sonda bəzi özəl tibb müəssisələrinin qapadılmasına qərar verilməsi, bəzilərinə isə ciddi xəbərdarlıq olunması tamamilə məntiqəuyğundur. Elə dünən Səhiyyə Nazirliyinin xəbərdarlıq etdiyi klinikalardan bəziləri haqqında internet üzərindən apardığımız araşdırmalar zamanı maraqlı faktlarla rastlaşdıq. Məsələn, “Ava Skandinaviya” özəl tibb müəssisəsinin sonsuzluğu müalicə etdiyi deyilir. Klinika daha çox internetdə reklam edilir. Yazılanlara inansaq, klinikanın baş həkimi Heli Efendi Avropada (Finlandiyada) lisenziya alıb, pediatriya və anesteziologiya sahələri üzrə ixtisaslaşıb. Amma həkimin fəaliyyət sahəsi çoxşaxəlidir. O həm də mama- ginekoloqdur. Reklam mətnlərində deyilir ki, “Analoqu olmayan istedad sahibi olan bu həkim uşaq həkimi və mama-ginekoloq kimi ağır ginekoloji xəstəliklərin kompleks müalicəsilə məşğul olmaqla yanaşı yüksək səviyyədə hamiləliyin planlı nəzarətini aparır, dölün morfoloji quruluşunu qiymətləndirir”.
Ancaq reklam mətnlərində yazılanların həqiqətlə nə qədər səsləşdiyini demək çətindir.
Və yaxud, “HB Güven” klinikası daha çox türkiyəli həkim Öndər Tulumbaci ilə reklam olunur. Reklamlarda deyilənlərə inansaq, Ö.Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir. Bu həkimin qəbuluna düşməyin qiyməti 40 manatdır. Özü də Ö.Tulumbacinin qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidilər.
Klinikaya üz tutanların dediyinə görə, Ö.Tulumbaci həm də süni mayalanma üzrə mütəxəssisdir: “Əgər özü xəstəyə kömək edə bilmirsə, xəstəni ya Türkiyəyə, ya da Kiprə göndərir”.
Ö.Tulumbacinin müayinə etdiyi xəstələr bildirirlər ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə nəğd yerindən 120-200 manat xərcləyirlər.
Səhiyyə Nazirliyinin xəbərdarlıq etdiyi daha bir klinika - “FİN Azərbaycan” da sonsuz ailələrin müraciət etdiyi və əcnəbi mütəxəssislərin çalışdığı özəl tibb müəssisəsidir. Klinikanın reklamlarında deyildiyinə görə, sonsuz ailələr bu klinikaya müraciət edərək talelərini Finlandiyadan gələn həkimlərə etibar edirlər.
Şirəliyevin nazirliyi tərəfindən xəbərdarlıq alan və sponsoru olduğu çoxsaylı televiziya verilişlərində sonsuzluğun yeganə əlacı kimi reklam edilən “Laçın” klinikasında isə süni mayalanma həyata keçirilmir. Lakin sonsuzluğun müalicəsi üçün müraciət edənlərə yaxın günlərdə klinikada süni mayalanmanın da aparılacağı bildirilməklə gözləməyi tövsiyə edirlər.
Klinikanın reklamlarında adına rastlanan doktor Behnam Kazımi daha çox övlad sahibi olmaq istəyən kişiləri müalicə edir. Amma Kazımi öz ölkəsində - İranda burun-boğaz həkimi kimi tanınır.
Əməkdaşımız Təbrizdəki “Behrud” klinikasında olarkən həkimlər ona doktor Kazıminin burun-boğaz üzrə mütəxəssis olduğunu deyiblər.
Yəni Azərbaycan yeganə ölkədir ki, burada burun-boğaz xəstəliklərini ginekoloq, ginekoloji xəstəlikləri stomatoloq, diş ağrısını qastroloq, böyrəkləri travmatoloq müayinə-müalicə edir. Başqa sözlə, sükansız maşının sərnişinləriyik…
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53