Hafiz Məmmədov müflisləşir?
10:49 06-02-2014
İQTİSADİYYAT
Hafiz Məmmədov müflisləşir?
Tanınmış oliqarxın şirkətlərində baş verənlərin pərdəarxası
Son günlər tanınmış iş adamı, “Baghlan Group”un prezidenti, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsus şirkətlərdə maraqlı hadisələr baş verir. Qəzetimizin dünənki sayında dərc edilmiş xəbərdə bildirilirdi ki, Hafiz Məmmədovun sponsoru və prezidenti olduğu futbol klubu - “Bakı” maliyyə sıxıntısı ilə üzləşib.
Belə ki, “Hafka”nın klubunun qış “transfer pəncərəsi” dövründə yeni oyunçu almaması məhz büdcədəki kasadlıqla bağlı olub. Əslində, “Bakı”da maddi problemlərin olması yeni xəbər deyil. Klub rəsmiləri təkzib etsələr də, son 4-5 ay ərzində heyət üzvlərinin maaşlarının uzun müddət yubadılması yönündə xəbərlər dəfələrlə gündəmi zəbt edib. Lakin hər şeyə rəğmən, qarşısına böyük hədəflər qoyduqlarını açıqlayan “zolaqlılar”ın dövrələrarası fasilədə tutarlı transferlər həyata keçirəcəklərini güman edirdik. Gəl ki, “Bakı” heyəti gücləndirmək istiqamətində heç bir addım atmadı.
“Bakı”nın qış fasiləsindəki davranışının bir adı var - paytaxt klubu taleyi ilə barışıb. Maddi problemlər səbəbi ilə heyətə yeni oyunçular cəlb edə bilməyən, futboldan kənar səbəblərdən 2 əsas oyunçusuna qapını göstərən bir komandanın mükafatlar uğrunda mübarizədə silahı erkən yerə qoyduğu sezilməkdədir. “Zolaqlılar” avrokuboka vəsiqə qazanmaq üçün yalnız bəxt amilinə ümid edə bilərlər. Hazırkı “Bakı” mükafatlar uğrunda mübarizə aparacaq səviyyədə deyil.
Başqa bir maraqlı məqam isə bundan əvvəl Hafiz Məmmədovun şirkətlər qrupuna daxil olan “Bahar Energy LTD”-də baş verənlərdir. Bu ilin əvvəlində məlum oldu ki, bu müəssisədə çalışan hər 50 işçidən 30-u ixtisara düşüb. Qum adası" və "Bahar" yataqlarında neft hasilatı ilə məşğul olan "Bahar Energy Ltd" əməliyyat şirkətinin ixtisarlara getmək məcburiyyətində qalması da məhz gəlirlərinin azalması və maddi problemlərlə üzləşməsi ilə izah edilirdi.
Qeyd edək ki, "Bahar Energy Ltd" şirkətinin səhmlərinin 66,7%-i məhz iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Baghlan qroup”a məxsusdur. Bu şirkətin adı Azərbaycan mətbuatının gündəminə ilk dəfə 5 il əvvəl, həm də az qala "bomba effekti" yaradaraq düşüb.
Belə ki, 2009-cu ilin əvvəllərində məlum olub ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə "Bahar Energy Ltd." şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar" və "Qum-Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalanıb. Həmin vaxt bildirilib ki, bu müqavilə Azərbaycanın xarici şirkətlərlə imzaladığı 28-ci analoji kontraktdır.
Sözügedən müqavilənin imzalanması ciddi səs-küyə səbəb olub, belə ki, araşdırmalar nəticəsində aydınlaşıb ki, "Bahar Energy Ltd." şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Cəbəl Ali" azad iqtisadi zonada qeydiyyata alınıb. Bu isə şirkətin şəffaflığı ilə bağlı ciddi şübhələrə yol açıb.
Onu da deyək ki, "Hafka"nın adıçəkilən şirkətində işçilərin hüquqlarının pozulması ilə bağlı davamlı məlumatlar gəlməkdədir. Hələ ötən ilin sonlarında bildirilirdi ki, Dövlət Neft Şirkəti və onun ətrafında ixtisar və ləğvetmə adı altında anormal hadisələr baş verir. Qeyd edilirdi ki, istənilən halda ölkənin əmək qanunvericiliyinin təməl tələbləri pozulub. "Qum adası Neft-Qaz Çıxarma İdarəsinin bazasında "Bahar" əməliyyat şirkəti bu sırada öndə gedir. Belə ki, idarənin yerində yeni bir qurum yaradılırsa və ya mülkiyyətçi dəyişirsə əmək müqavilələri dəyişə bilməz. Amma "Bahar" əməliyyat şirkəti başçıları fəhlələrin müddətsiz müqaviləsini 1 il müddətinə salmaqla əmək qanunvericiliyini pozdular və pozmaqda da davam edirlər" deyə ilsonu yayılan məlumatlarda vurğulanırdı. Bütün bunlar da adıçəkilən LTD-nin maliyyə problemlərinin girdabında çabaladığını söyləməyə əsas verir.
Beləliklə, istər “Bakı” futbol klubunun maliyyə çətinlikləri ilə üzləşməsi, istərsə də “Bahar Energy LTD”də yaşanan ixtisarlar belə bir sualı aktuallaşdırır: Hafiz Məmmədovun nəzarətindəki şirkətlərdə yaşananlar təsadüfdür, yoxsa həqiqətən də məşhur iş adamı hansısa ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb? Düzdür, Hafiz Məmmədovun son vaxtlar ölkə xaricində ciddi yatırımlar etməsi, ələlxüsus İspaniya və Fransada iki futbol klubuna sponsorluğu öz üzərinə götürməsi onun biznes gəlirlərinin azaldığı ehtimalını şübhə altına alır.
Bununla belə, nəzərə alaq ki, adıçəkilən iş adamının “ulduz”u qəfil parlayıb, belədə həmin “ulduz”un elə qəfildən də sönə bilməsi təəccüblü görünməməlidir. Hər halda yuxarıda haqqında danışdığımız halların “Baghlan Group” prezidentinin müflisləşib-müflisləşməməsindən qaynaqlandığını zaman göstərəcək. Odur ki, gözləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53