Çörəyi qıt, əyləncəsi şit hakimiyyət
10:51 06-02-2014
CƏMİYYƏT
Çörəyi qıt, əyləncəsi şit hakimiyyət
"Çörək və əyləncə"... Hakimiyyətdə qalmağın ən qədim, işlək və effektiv yollarından biri budur.
Ermənistanda çörək sürəkli bahalaşır, əyləncələr yerli telekanallardakı bayağı şou-verilişlər, konsertlər və siyasətçilərin məzhəkələridir. Hətta prezident Serj Sarkisyanın çıxışları və ya müdafiə naziri Seyran Ohanyanın sürəkli olaraq "potensial düşməni hədələməsi" də ucuz vodevil təsiri bağışlayır.
Elə bir situasiya yaranıb ki, populizm belə, tükənib.
Siyasətdə nadir məsələlərdən biridir.
Cəmiyyət çörək və əyləncəni eyni vaxtda istəyirsə, onda insanlara təlxək çörəkçi gərəkdir.
Bu da yoxdur. Daha doğrusu, Ermənistan siyasətində və hakimiyyətində təlxəklər yetərincə olsalar da, onların nümayiş etdirdikləri şoular zavallı və zövqsüzdür.
Belədirsə, Yerevanda hakimiyyəti saxlamağın və iqtidarı qorumağın primitiv mexanizmləri işləmirsə, Serj Sarkisyan hakimiyyətdə necə qalır?
Cavab sadədir - ətalət.
Yerevandakı iqtidar da məhz bunu nəzərə alır. Təbiətdə olduğu kimi, siyasətdə də labüd və gərəkli amillərin təsirləri sayəsində ətalət qanunları prosesləri müəyyənləşdirir.
Lakin Sarkisyan iqtidarında ətalət amilləri son vaxtlar fasiləsiz zəifləməkdə olduğundan Ermənistanın hakimiyyət dairələri mövqelərini möhkəmləndirməyin və eyni zamanda darmadağından qorumağın yeni yollarını aramaqdadır.
Siyasi təhlillər, statistik göstəricilər olmadan, çörək və əyləncə qıtlığı şəraitində hakimiyyəti qorumaq məşəqqətə çevrilir.
Ermənistanı idarə edən rejimlə yanaşı, bu ölkədəki siyasətin zirvəsində olan iqtidarçılar və müxalifətçilərlə yanaşı, ictimai xadimlər, mədəniyyət adamlarından tutmuş, idmançılara qədər geniş kəsimdəki şəxslərin total əksəriyyəti Azərbaycana düşmən kəsilmiş adamlardır.
Onların nifrətinin səbəblərini soruşsan, idefiks, illüziya səviyyəsində olacaq onlarla, yüzlərlə "arqument" gətirəcəklər və səslənəcək kəlmələrin arasında "Böyük Ermənistan"dan tutmuş "türklər uşaqlarımızı yeyərlər"ədək idiotik ifadələr yer alacaq.
İdiotizmin ilkin mərhələsi müalicə oluna bilər və olunur da - amma idiotizm ən üst həddə çatanda şüurda hansısa dəyişikliklər etmək mümkünsüz olaya çevrildiyindən insanı islah etmək, düşüncələrindən döndərmək monoteizmə tapınan adamın qəflətən ateistə çevrilməsi və buna sevinməsi qədər unikal məsələdir.
Ermənistandakı bəlaların kökündə də məhz düşüncənin sağlam olmaması durur.
Ermənilər postsovet məkanında dövlət müstəqilliyini hamıdan gec qazanmasalar da, onlardan sonra himn, Konstitusiya və suverenlik aktı qəbul etmiş millətlərlə müqayisədə az qala demokratiyanın orta əsrlərinə yuvarlanıblar.
Qonşu ölkənin durumu təbii ki bizi narahat etməyə bilməz.
Əvvəla, Ermənistan ərazilərimizin 20 faizini işğal etməyə nail olmuş bir terrorçu dövlətdir və Yerevanla yanaşı, Qərbin etiraf etməməsinə rəğmən 20 ildən bəri rəsmi Yerevan terroru dövlət siyasəti səviyyəsinə qaldırıb.
Millətçilik, şovinizm, irqçilik Ermənistanda ideologiyadır və bunu ermənilər nə qədər dansalar da, "Türk düşməndir!" orientiri zəifləməyib.
Erməni anaların körpələrini bizimlə qorxutmaları barədə konkret bilgilər olmasa da, erməni ataların müxtəlif vəzifələrdə və şəraitdə əvvəlcə özlərini, sonra da yanındakıları bizlərlə qorxutmaları göz qarşısındadır.
Belə qorxmuş adamları idarə etməksə, çox asandır.
İqtisadiyyatın ağır durumu, sənayenin iflic olması, maliyyə və bank sektorunun 16-cı əsr Avropası səviyyəsində ləngər vurması, dövlət müstəqilliyi və suverenliyi ilə yanaşı, bütün iqtisadi rıçaqların Rusiyaya təhvil verilməsi də o qorxuda olan insanların guya sakitləşdirilməsinə yönələn sakitləşdirici dualar söyləməyə müştaq Yerevan hakimiyyətinin davranışının əsas qaydalarıdır.
Ermənistan prezidenti Serj Sarkisyan özünü cavanlaşdırmaq üçün təxminən 180 min dollarından keçərək bir neçə plastik və elastik cərrahiyyə əməliyyatlarına məruz qalanda təbii ki, idarə etdiyi ölkənin vətəndaşlarını düşünmürdü. Onun üçün ermənilər kütlə, varidatı və sərvəti, maliyyə imkanlarının artırılması üçün canlı mexanizmlərdir.
Ölkədəki cavanların böyük qismi aclıq və səfalətdən, işsizlik və perspektivsizlikdən qurtulmağın yeganə yolunu mühacirətdə görürsə, çarəsiz qalıb problemlərini həll etməyə çalışanlar da iqtisadi və yaşam məşəqqətlərindən cavankən qocaldığı halda S.Sarkisyanın özünü cavanlışdırmağa can atması Qədim Roma imperatoru Neronun şəhərə od vurararaq yanğının alovlarını vəcdlə seyr etməsinə bənzəyir.
Ermənistanın suverenliyini Rusiyanın xarici siyasət strukturlarına, iqtisadi müstəqilliyini isə Moskva şirkətlərinə hədiyyə etmiş rəsmi Yerevan qanunsuzluqlar və insan haqlarının heçə sayılması hesabına əldə edilmiş varidatlarını qorumağa, artırmağa çalışan oliqarxların dayaqlarını hifz edir, eyni zamanda həmin adamlara arxalanır.
Oliqarxlar kütləni zahirən idarə etdikləri üçün: həmin fiqurların arasında kriminal elementlərlə yanaşı, özlərini siyasətçi adlandıran və partiya sədri olduqlarını deyənlər də az deyil.
Seçkilər ərəfəsində vətəndaşlara vədlər verməklə onları öz tərəfinə çəkməyə çalışan rejim səsvermə prosesi başa çatandan sonra hər şeyi unudur, deyilənləri yada salmağa çalışan və ya haqlarını tələb edənlərə isə divan tutur.
Müstəbid rejimlərin mahiyyəti olan repressiyalar, divantutma mexanizmləri işə salınır və bu minvalla Yerevandakı hakimiyyət ömrünü artırmağa çalışır.
20 ildən bəri hakimiyyətlər dəyişir, komandalar əvəzlənir, kimlərsə gəlir, kimlərsə gedir - proses və məzmun dəyişməz qalır.
Erməni müxalifəti çörək və əyləncə istəyən xalqın tələblərini yerinə yetirməyə can atdığını vurğulasa da, çörək verə bilmədiyindən hələ ki, əyləncələrlə məşğuldur.
Amma ac insanları yalnız müəyyən müddətə qədər əyləncə ilə aldatmaq olar.
Müəyyən vaxtdan sonra acların qiyamı başlayır və onlar əyləncə əvəzinə çörək tələb edirlər.
Şərt o çörəyi təmin edəcək sistemi qurmaq, normal fəaliyyət göstərəcək konstruksiyaları qurmaqdır.
Əks təqdirdə kütlə istəklərinin əsiri olaraq qalacaq.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03