Kreml Türkiyəni vurmağa çalışır, Rusiya isə çökür
10:52 06-02-2014
CƏMİYYƏT
Kreml Türkiyəni vurmağa çalışır, Rusiya isə çökür
Ekspert: "Feodal qaydaları ilə idarə olunan Rusiya heç vaxt federasiya ola bilməz, bu axmaqlıqdır"
"Yaxın Şərq" Araşdırmalar Mərkəzinin direktoru İqor Semivolos Rusiyanın kəşfiyyat orqanlarının Ukraynada vəziyyəti gərginlik altında saxlamaq üçün dünya ölkələrinin media qurumlarına təxribat materialları payladığını bildirib. İ.Semivolos bəzi nəşrlərdə Türkiyə və digər ölkələrin Ukraynaya qarşı torpaq tələbləri ilə bağlı dərc edilmiş məlumatların Rusiya kəşfiyyat orqanlarının gizli fəaliyyəti ilə əlaqələndirib.
Politoloq "gordonua.com"a verdiyi açıqlamada qeyd edib ki, "Hürriyyət" qəzetində Türkiyənin Krıma ərazi iddiası ilə çıxış etməsi barədə məlumat yer alıb: "Həmin məqalə Rusiyanın "Pravda" qəzetində nümayiş olunan materialın tərcüməsidir. Bütün ssenarilər Moskvada yazılır. Sonrakı mərhələdə sabitlik pozucu potensialın yaradılması üçün xüsusi agentlər vasitəsilə media qurumları arasında paylanılır".
Moskvanın
"qorxu hekayəsi"
Rusiyameyilli dairələrin Ukraynanı federasiyaya birləşdirmək çağırışlarını şərh edən Semivolos bu tip qərarları zərərli adalandırıb. İ.Semivolos qeyd edib ki, feodal qaydaları ilə idarə olunan Rusiya heç vaxt federasiya ola bilməz: "Bu axmaqlıqdır. Feodal dövləti necə federasiya ola bilər?! Rusiyada yalnız bəyliklər ola bilər. Ukraynanın isə Rusiyadan fərqli olaraq federasiya sisteminə keçməsi üçün potensialı var". Semivolos Ukraynanın Şərq və Cənub bölgələrinin Rusiyaya birləşdirilməsi cəhdlərini Kremlin "qorxu hekayəsi" adlandırıb. Politoloq qeyd edib ki, Rusiya Ukraynanın həmin regionlarını müdaxilə edərək özünə birləşdirmək niyyəti güdür: "Bu, Rusiyanın ənənəvi ölçü meyarıdır. Belə məsələlər Moskvada tez-tez uydurulur". İ.Semivolos hesab edir ki, həm Qərb, həm də Cənub-şərq bölgələrində yaşayan əhali Kiyevdəki mitinqlərə motivasiya olunmadığı üçün Suriyadakı vətəndaş müharibəsinin Ukraynada təkrarlanması mümkün deyil. Rusiya isə Ukraynanı buradan vurmaq istəyir".
Semivolosun dediyi
Rusiya Türkiyə qarşısında pas vəziyyətdə
Avrasiya materikinin enerji ehtiyatlarının böyük hissəsinə sahib olan Rusiya dünyanın təkqütblü qlobal gücünə çevrilmək niyyətindədir. SSRİ-nin dağılmasından sonra ağır böhran içərisinə girən Rusiya Vladimir Putinin avtoritar qaydaları ilə yenidən imperiya ambisiyasını qabartmağa başlayıb. Kremlin əsas məqsədi Rusiyanın yaxın ətrafındakı kiçik ölkələrdə rusmeyilli hökumətlər formalaşdırmaqdır. Putinin "Avrasiyaçılıq ritorikası"nın hədəfində olan bölgələr Qafqaz, Şimali Qara dəniz, Xəzər və Orta Asiyadır. Lakin Rusiyanın Cənubi Qafqaz və Qara dəniz hövzəsindəki maraqları Türkiyə ilə toqquşur. Zaman-zaman Türkiyə və Rusiya arasında Qara dəniz hövzəsində söz sahibi olmaq və boğazların statusu məsələlərində ədavətləri qabarıb. Qərblə yaxın əlaqələrə sahib olan Türkiyə faktoruna görə, Rusiya NATO və ABŞ-ın döyüş gəmilərinin Qara dənizə girməsindən narahatdır. Kreml üçün NATO hərbi donanmasının iri miqyasda Qara dənizə daxil olması regionu hərbi əməliyyatlarla silkələyəcək. Türkiyənin NATO üzvü olması və Avropa İttifaqına girməyə hazırlaşması Rusiyanı narahat edir. Rəsmi Ankaranın Brüsselin şərtlərinə uyğun siyasi xətt tutması Rusiyanın Avropa İttifaqı ölkələrinə yönəlik enerji layihələrini iflasa uğradacaq. Təbii qaz ehtiyatlarının 65%-ni Rusiya vasitəsilə ödəyən Türkiyənin Orta Asiya və Xəzər hövzəsinə bu məqsədlə üz tutması Rusiyadan asılığı azaldır. Türkiyə Qərb dövlətləri yanında nüfuz qazandıqca, Rusiyanın narahatlığı bir o qədər də artır. Azərbaycan və Gürcüstanla birlikdə həyata keçirilən "Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri, TAP, TANAP, "Bakı-Tiflis- Ərzurum" qaz kəməri və Bakı-Tiflis- Qars dəmiryolu layihələri ilə Türkiyə Rusiyaya əhəmiyyətli zərbəsini vurdu. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi də Kremlin strateji maraqlarını əks etdirmir. Bu həm regionun birdəfəlik Rusiyadan uzaqlaşması, həm regionda söz sahibi olan Türkiyənin NATO, Aİ və ABŞ vasitəsilə bölgənin təhlükəsizliyini qarantiyaya almasıdır. Söz yox ki, Cənubi Qafqazda reallaşdırılan enerji layihələrinin əsas dəstəkçiləri ABŞ və Qərb dövlətləridir. Müttəfiqlərin Rusiya ilə tarixi ədavətini nəzərə alsaq, bu Kreml üçün narahatlıq gətirən impulsdur. Rusiya Türkiyəni öz şərtlərinə tabe edə bilmədiyindən regionda həyata keçirilən beynəlxalq layihələrdə əsas hissədar kimi çıxış da edə bilmir. Azərbaycan və Gürcüstanın Rusiya ilə müqayisədə Qərbmeyilli siyasi xətt üzərində yeriməsi Türkiyənin bölgədəki roluni artırıb. Xüsusən də Azərbaycanın liderliyilə Cənubi Qafqazda rellaşdırılan beynəlxalq layihələrdə Türkiyəyə əhəmmiyyətli rolun verilməsi də Rusiyanın regiondan sıxışdırılıb çıxarılması üçün zəmin yaradıb. Türkiyə Azərbaycan və Gürcüstanı Qərbə çıxaran əsas marşrutdur. Rusiya bu amili nəzərə alır və Cənubi Qafqaz siyasətində daha ehtiyatlı davranmağa məcbur olur.
Vəfa Quluzadə: "Heç kəs Moskva ilə hesablaşmır"
Türkiyənin regiondakı nüfuzunu görən Moskva türk dövlətinin müxtəllif yollarla vurulması planı üzərində işləyir. Əsas məqsəd isə Türkiyəni Qərb və ABŞ nəzərində pas vəziyyətinə salmaqdır. Brüssel və Vaşinqtonun "Qərbə inteqrasiya" starategiyasında əsas rola sahib olan Ukraynaya qarşı rus kəşfiyyatı tərəfindən Türkiyə üçün ərazi iddiasının irəli sürülməsi də eyni məqsədə daxildir. Kreml Türkiyəni ABŞ və Qərbə qarşı salmaqla həm Qara dəniz, həm də Cənubi Qafqaz regionlarında möhkəmlənmək niyyətindədir. Rusiyanın planları baş tutacağı təqdirdə Türkiyəni lazım olan bölgələrdən uzaqlaşdırmaq mümkün olacaq. Lakin gizli planın icra olunmamış aşkar olunması vəziyyəti tamamilə Rusiyanın əleyhinə çevirdi. Digər tərəfdən müttəfiqlər heç bir səbəbə görə, strateji əhəmiyyəti xüsusiyyət kəsb edən Türkiyə ilə əlaqələri korlamaz. Bu isə o deməkdir ki, artıq Rusiyanın köhnəlmiş siyasi texnikası tamamilə sıradan çıxıb. Çünki Rusiyanı nəzərə almayan ABŞ 4 hərbi gəmisini Qara dənizə göndərib. Politoloq Vəfa Quluzadə də hesab edir ki, Rusiya Qərb və ABŞ-ın yeni siyasi arsenalı qarşısında pas vəziyyətindədir: "Mövcud situasiya isə Rusiya üçün heç də yaxşı gələcək vəd etmir. Müttəfiqlər Rusiyanı siyasət meydanından sıxışdırıb çıxarıblar. Artıq heç kəs yürütdüyü xarici siyasətə görə, Moskva ilə hesablaşmır. Çünki istər iqtisadi, istər hərbi potensialına görə zəif olan Rusiyanın çökməsi qaçınılmazdır. Bu barədə olan məsələlər rusiyalı mütəxəssislər tərəfindən də müzakirə olunur. Rusiya baş verən dəyişikliklərdən ciddi narahatdır".
Mənsur Rəğbətoğlu
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16