Banklar kritik durumda
12:23 07-02-2014
CƏMİYYƏT
Banklar kritik durumda
Bir sıra kommersiya banklarında artıq əməkdaşların ixtisarlarına başlanacağı elan edilib
Son qiymət artımı və bu fonda milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin süni şəkildə sabit saxlanması ölkə iqtisadiyyatı və sıravi istehlakçı üçün xoşagəlməz problemlər doğuracağı gözlənilən idi. Və artıq bank sektorunda ciddi problemlər yaşanmaqdadır.
Qeyd edək ki, ölkənin aparıcı iqtisadçı ekspertləri hələ bir il əvvəl ölkənin bank sektorunda kritik durumun yaranacağı barədə proqnozlar verirdilər və təəssüf ki, bu proqnozlar düzgün çıxdı.
Ekspertlər vurğulayırdılar ki, ölkə iqtisadiyyatının və xüsusən də dövlət büdcəsinin təkcə neftdən asılılığı və monopoliyanın getdikcə genişlənməsi, buraxılan kreditlərin istehsala deyil, şəxsi ehtiyaclara və xırda biznesə yönəldilməsi yaxşı heç nə vəd etmir.
Ən xoşagəlməzi isə budur ki, yuxarıda vurğulanan problemlərin ən böyük zərbəsi elə bankların özünə dəyməyə başlayıb. Belə ki, Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul krediti verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsinin bir sıra fəsadlarının olacağı gözlənilir. Mətbuatda yayılan məlumatlara görə, bir sıra kommersiya banklarında artıq əməkdaşların ixtisarlarına başlanacağı elan edilib. Xatırladaq ki, Mərkəzi Bankın belə bir qadağa tətbiq etməsinə səbəb problemli kreditlərin məbləğinin sürətlə artmasıdır.
Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulması avtomobil bazarına təsirsiz ötüşməyib. Hazırda avtomobil bazarında sahibkarların satışla bağlı ciddi problemləri yaranıb.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının “Unikal”a açıqlamasına görə, maşın bazarında satış demək olar ki, dayanıb: “Bazarda satılan 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı. Yəni əvvəl 1 ayda 100 avtomobil satılırdısa, indi 20 avtomobil satılır. Alqı-satqı 1 ayın içində 8 dəfə azalırsa, bu təbii ki, bazara ciddi maddi ziyan vurmaq deməkdir”.
İqtisadçı-ekspert Samir Əliyev də “Unikal”a bildirib ki, Azərbaycanın kommersiya banklarında ixtisarlara hazırlaşıldığı ilə bağlı yayılan məlumat Mərkəzi Bankın qəbul etdiyi qərardan doğan bir nəticə sayıla bilər: “Azərbaycanın kommersiya bankları əsasən istehlak kreditləri üzrə ixtisaslaşıblar. Elə banklar var ki, onların kredit portfelinin 60-80 faizi istehlak kreditlərinin payına düşür. Hazırda isə istehlak kreditlərinin şərtləri sərtləşdirilib, digər tərəfdən isə avtomobil kreditləri dayandırılıb. Bu ilk növbədə həmin banklar üçün böyük zərbə olacaq. Banklar əvvəlki qədər böyük gəlir əldə edə bilməyəcəklər. Bu vəziyyətdən çıxış yolu isə xərcləri azaltmaq, ixtisarlara getməkdir. Başqa bir yol biznes kreditlərinə üstünlük verməkdir. Biznes kreditləri isə riskli olduğuna görə bankların çoxu buna getmir”.
Amma banklarda ixtisarların yaxın zamanlarda baş verəcəyinə inanmayan S.Əliyev bildirib ki, iki ay ərzində avto kreditlər bərpa olunmazsa, bir sıra banklar əməkdaşlarının ixtisarı ilə yanaşı, filiallarının da bağlanmasına gedə bilər: “Kreditlərin 95 faizi Bakı və Abşeronun payına düşür. Regionlarda isə cəmi 5 faiz kredit verilir. Bu baxımdan xüsusilə kiçik banklarda filiallar onsuz da ziyanla işləyirdi. Ona görə yaz aylarından başlayaraq banklarda ixtisarların olacağını, filiallarının bağlanacağını gözləmək olar”.
Avtomobil bazarında yaranan son situasiyaya gəlincə, S.Əliyev bildirib ki, indiyə qədər satılan hər 3 avtomobildən 2-si kredit vasitəsilə alınırdı. Xüsusilə yeni avtomobillərin satışı bilavasitə kredit vasitəsilə reallaşdırılırdı. Bank sektorundakı indiki durumun da maşın bazarına təsirsiz ötüşməyəcəyini deyən S.Əliyev vurğulayıb ki, hazırda maşın bazarında sahibkarlar gözləmə mövqeyindədir və hər hansı bir addım atılmır: “Hazırda maşın alanların sayı 60-70 faiz azalıb və əgər avto kreditlər bərpa olunmazsa, bir neçə aydan sonra ikinci əl avtomobillərin qiymətində kəskin düşmə yaşanacaq. Yeni avtomobillərdə də oxşar situasiya yaranacaq. Bəzi avto-salonların ixtisarlara getməsini, bəzilərinin isə ümumiyyətlə bazarı tərk etməsini müşahidə edə bilərik”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-26 11:26:39
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31