Ölkəmizin İstambuldakı konsulu niyə təəssüfləndi?
09:17 08-02-2014
CƏMİYYƏT
Ölkəmizin İstambuldakı konsulu niyə təəssüfləndi?
“Azərbaycanlı jurnalistin Türkiyədən deportasiya olunması Azərbaycan üçün xoş bir hadisə deyil”
“Hazırda Mahir Zeynalovun akkreditasiya məsələləri araşdırılır. Hər iki ölkənin Xarici İşlər nazirlikləri məsələnin araşdırılmasına başlayıb”. Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov dünənki açıqlamasında belə deyib. O, bildirib ki, “Todays Zaman” qəzetinin azərbaycanlı əməkdaşı Mahir Zeynalovun deportasiya olunması Azərbaycan üçün xoş bir hadisə deyil. Odur ki, onun daimi iş yerinin hara olması ilə bağlı araşdırma gedir.
“Mətbuatda yazılanlardan görünür ki, o, Türkiyənin daxili işlərinə qarışıb.
Belə bir şeyin olduğuna görə təəssüf edirəm. Əgər hadisə mətbuatda yazılanlar kimidirsə, çox təəssüflənirəm. Amma bütün bunları yekun hesab etmək olmaz. İşlər araşdırılır. Hər iki dövlətin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Odur ki, nəticədən asılı olaraq nə isə demək olar”.
Konsulluq olaraq əsas diqqətin buna yönəldiyini deyən Həsən Zeynalov onu da bildirdi ki, Mahir Zeynalov 3 ilə yaxındır ki, Türkiyədə yaşayırmış.
“Bu xoş bir hadisə deyil. Bütün dünya mətbuatı Türkiyədən Azərbaycan vətəndaşının deportasiya olunması xoş bir hal deyil. Ona görə də məsələ bizim də diqqət mərkəzimizdədir. Prinsipial olaraq biz də məsələnin araşdırılmasını istəyirik. Yazılanlar həqiqətənmi belədir? Təbii ki, nəticə bəlli olandan sonra bir söz demək mümkün olacaq”.
Qeyd edək ki, Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist Mahir Zeynalovla bağlı çalışdığı “Todays Zaman” qəzeti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Mahir Zeynalov Türkiyə qanunvericliyinin 5683 nömrəli qanunu ilə ölkəyə girişi qadağan olan şəxslər siyahısına daxil edilib. Qeyd edilib ki, qanunun 19-cu maddəsi Türkiyədə yaşayan xarici vətəndaşların ölkə ictimaiyyəti, siyasi və inzibati dairələr üçün təhlükəli hesab olunduğu təqdirdə onların deportasiyasını nəzərdə tutur. Bu davranış ölkədə mətbuat azadlığına təhlükə törədir. Çərşənbə günü isə Türkiyə Böyük Millət Məclisində İnternet saytları haqqında yeni qanun qəbul olunub. “Todays Zaman” dərc etdiyi yazıda adı çəkilən qanun haqqında ekspertlərin fikri yer alır və bildirir ki, bu, internet üzərində dövlət nəzarəti və müxalifəti susdurmaq cəhdləridir.
Mahir Zeynalovun deportasiya barədə qərarı Baş Nazirliyin Koordinasiya Mərkəzinin M.Zeynalovun Tvitter-də yazdıqlarının həqiqəti əks etdirmədiyi barədə elanından sonra verilib.
M. Zeynalov 2013-cü il dekabrın 25-də keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları ilə bağlı Ərdoğan haqqında tənqidi tvitlər yazıb. Rəcəb Tayyib Ərdoğan isə öz çıxışlarında bu cür tvitləri xalqı nifrət və düşmənliyə təhrik etmək kimi qiymətləndirirdi.
Mahir Zeynalov isə ötən gün verdiyi rəsmi ifadəsində qeyd edib ki, o, sadəcə iki xəbərin linkini paylaşıb və xalqı nifrət və düşmənliyə təhrik edəcək heç nə yazmayıb.
Qeyd edək ki, o, Bakıya xanımı Sevda Nur Arslanla birgə gəlib.
Gültəkin
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49