Özəl banklar “bir nömrəli həyəcan” vəziyyətində
10:12 11-02-2014
İQTİSADİYYAT
Özəl banklar “bir nömrəli həyəcan” vəziyyətində
Onların fəaliyyətinin araşdırılması çox gizlinlərə işıq salacaq;
“Zaminbank”dakı korrupsiya əməliyyatı digər banklarda da keçirilə bilər
Son illər ölkə rəhbərliyinin iradəsiylə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri özünün müsbət nəticələrini verməkdədir. Sözügedən tədbirlər çərçivəsində artıq yüzlərlə korrupsiya faktları aşkarlanıb və həmin mübarizə bu gün də davam etdirilməkdədir. Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı sonuncu mübarizə çağırışı isə dövlətin bu istiqamətdə daha sistemli addımlar atacağından xəbər verir.
Bu tədbirlər çərçivəsində fəaliyyəti ciddi şəkildə araşdırılacaq sektorlardan biri də bank sektorudur. Heç kəsə sirr deyil ki, bu gün özəl bank sektorunda ciddi axsamalar müşahidə olunur və bu günlərdə “Zaminbank”la bağlı məlum olay da bunun bariz nümunəsi sayıla bilər. Məlumat üçün bildirək ki, Baş Prokurorluğun 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlanıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Həsən Talıblının “Zaminbank” ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırmalarla cəmiyyətin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Həsən Talıblının həmin filialdakı depozit hesabından 45 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam etdirilir.
“Unikal” qəzetinə danışan etibarlı mənbə isə yaxın zamanlarda anoloji yoxlama və təftişlərin digər özəl banklarda da aparılacağını bildirdi. Məlumdur ki, hazırda fəaliyyətdə olan özəl bankların demək olar ki, əksəriyyəti ayrı-ayrı məmur-oliqarxların birbaşa nəzarətindədir. Elə buna görə də həmin banklar bir çox hallarda himayədarlarına arxayın olaraq müxtəlif qanunsuzluqlar törətməkdən belə çəkinmirlər. Özəl banklarla bağlı şikayətlərin durmadan artması isə bu sektora nəzarəti aktual məsələyə çevirib. Odur ki, hazırda fəaliyyətlərində ciddi qüsurlar və pozuntular olan özəl banklarda sözün əsl mənasında “bir nömrəli həyacan” vəziyyəti hökm sürür.
Maraqlıdır, bəs görəsən özəl bankların fəaliyyətində əsas nöqsan və qüsurlar hansılardır. “Unikal” qəzetinin suallarını cavablandıran İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, Azərbaycan banklarının komisyon haqları və faiz məsələsində oyun oynamasına qanun imkan verməsə də bu sahədə problemlər var: ““Banklar haqqında” qanuna görə, Azərbaycan bankları faiz və komisyon haqları müəyyən etməkdə müstəqildir. Qanunun 36.6-cı maddəsində deyilir ki, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir”.
Samir Əliyevin də etiraf etdiyi kimi, banklar bu hüquqdan sui-istifadə edirlər, reklam lövhələrində yanlış məlumat verməklə, istehlakçıların hüquqlarını pozurlar. Daha bir hüquqpozma halı kredit müqaviləsinin bağlanması zamanı baş verir: “Müqavilələrə cərimələrlə bağlı elə şərtlər daxil edilir ki, sadəcə dəhşətdir. Məsələn, müqaviləyə yaza bilərlər ki, müştəri kreditin ödənişini qrafikdən 15 gün gecikdirsə, əsas məbləğin 5 faizi qədər cərimələnəcək. Nəticədə müştəri həm faiz, həm də cərimə ödəyir. Bunun nəticəsidir ki, 1000 manat kredit götürən şəxs, əvəzində bəzən 2000-3000 manat ödəməli olur. Adətən kredit layihəsindəki belə incə məqamlara yalnız hüquqi şəxslər diqqət yetirir. Fiziki şəxslər isə ciddi götür-qoy etmədən hansısa problemini həll etməyə pul tapdığı üçün sevinərək müqaviləni imzalayırlar və tez-tez aldadılmış durumda qalırlar. Onun sözlərinə görə, “Hansısa qurum, yaxud fiziki şəxs Rusiyadakı kimi bankları məhkəməyə versə, məğlubiyyətə düçar olacaq. Çünki “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanunda bununla bağlı konkret maddə yoxdur. Başqa ölkələrdə isə borcgötürənlərin hüquqlarının müdafiəsi üçün konkret qanunlar var. Hazırda Rusiyada parlament tərəfindən “İstehlak kreditləri haqqında” qanun layihəsinə baxılır və banklar öz lobbiləri vasitəsi ilə bu qanunun qəbuluna mane olmağa çalışır. İki ildir bu qanunun parlamentdə təsdiqi ləngidilir. Amma mən əminəm ki, bu qanun gec-tez təsdiq ediləcək, çünki Rusiya ictimai fikri kreditlərin verilməsi zamanı bankların möhtəkirlik etməsini qəbul edə bilmir. Düşünürəm ki, bizdə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var”. Ekspert lombard kreditlərinə də xüsusi diqqət yetirməyi vacib sayır: “İndi lombardlar nə istəyirlər, onu da edirlər. 1000 manat borc götürəndən 3000 manatlıq qızıl tələb edirlər. Aylıq kredit dərəcəsi 5-10% arasında dəyişir. Bu dəhşətdir, həm 3 qat artıq qızıl girov qoyulur, həm də 10 ay ərzində ödənən faizlər kreditin əsas məbləğini keçir. Bu açıq-aydın sələmçilikdir. Düşünürəm ki, lombardların fəaliyyəti haqqında da xüsusi qanun qəbul edilməlidir”.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17