Bakıda zəlzələ həyacanı
10:13 11-02-2014
İQTİSADİYYAT
Bakıda zəlzələ həyacanı
Dünənki yeraltı təkandan sonra əhali evlərini tərk etdi; onlar hündürmərtəbəli binalara etibar etmir
Məlum olduğu kimi dünən Azərbaycan ərazisində hissediləcək dərəcədə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb və bu titrəyişlər bütün ölkə boyunca, o cümlədən paytaxt Bakıda da hiss edilib.
Məlumat üçün bildirək ki, zəlzələnin maqnitudası 5.70, dərinliyi isə 55 km olub. Zəlzələnin gücünün təxminən 6 bala yaxın olduğu, respublikanın müəyyən yerlərində isə 3-5 bal gücündə hiss olunduğu bildirilir. Tikintilərdə dağıntı və itki olmasa da əhali əsl zəlzələ xofu yaşayıb.
Zəlzələdən dərhal sonra "Unikal" qəzetinin telefonuna çoxsaylı zənglər olub və onlar narahatlıq keçirdiklərini, zəlzələnin yenidən baş verə biləcəyindən qorxduqlarını deyiblər. Hadisədən sonra paytaxt küçələrində müşahidə aparan "Unikal" əməkdaşları vətəndaşların evlərini kütləvi şəkildə tərk edərək həyətlərə toplaşdığını xəbər veriblər. Onların sözlərinə görə, xüsusən də hündürmərtəbəli binalarda yaşayanlar daha çox həyacan keçiriblər. Onlar hündür mərtəbəli binalara güvənmədiklərini söyləyərək qorxu içində olduqlarını bildiriblər.
Xatırladaq ki, hələ bir neçə gün bundan öncə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTI) xüsusi xəbərdarlıqla çıxış edərək Bakıda güclü zəlzələnin olacağını proqnozlaşdırmışdı. Adıçəkilən qurum 1998-ci ildən başladığı kosmik tədqiqatların hazırkı mərhələsində belə qənaətə gəlib ki, Azərbaycan ərazilərində böyük gərginlik toplanır. Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur. Odur ki, Azərbaycanın şərqində, daha dəqiq desək, Bakı ətrafında yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilib. Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər. Görünür bu səbəbdən də əhali arasında bir gərginlik yaşanır. Amma rəsmi dairələr insanları təlaşlanmamağa çağırır. "Zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi. Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər".
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bu gün ölkədə baş verən zəlzələ barədə danışarkən deyib: "Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar".
Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, F.Qədirov bildirib ki, bu gün qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: "Amma bu mainşok, yəni "ana zəlzələ" idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələni normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib".
Şahin
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53