İki seçkini gözləyən xalq və seçən hakimiyyət
10:18 11-02-2014
CƏMİYYƏT
İki seçkini gözləyən xalq və seçən hakimiyyət
Ermənistanda 2017-ci ildə parlament, 2018-ci ildə isə prezident seçkiləri keçiriləcək. Yarıfeodal bandokratiya tərəfindən idarə olunan, qanunların yalnız kağız üzərində qalaraq qanunsuzluqlara haqq qazandırılmasına xidmət etdiyi bir ölkədə özünü xalqın xidmətçiləri adlandıran, əslində isə vətəndaşları kölə sayan adamlar siyasi yenilənmələrə indidən hazırlaşmaqdadır.
İki seçkini sıralayacaq ermənilər bu səsvermə proseslərinin normal olacağına və dövlət müstəqilliyi qazandıqları gündən bəri ilk dəfə səslərinin nəyisə həll edəcəyinə ümid edirlər.
Pullarını, siyasi proseslərə təsir imkanlarını, sabaha aydın baxmaq şanslarını itirmiş insanların belə sadəlövhcəsinə düşünmələrini anlamaq olar. Onlar da normal yaşam, qorxusuz günlər, rifah arzulayırlar.
Amma ciddi şərt var: zooloji millətçilik və şovinizm azarından qurtula bilməyən cəmiyyət dövlət səviyyəsində terroru "siyasət" sayan hakimiyyətə dözürsə, deməli, bitkin insanlar toplusu sayıla bilməz.
Ermənistan ən yaxşı halda vətəndaşlar cəmiyyətidir - vətəndaş cəmiyyəti yox.
Ona görə də ölkə müstəqil olandan bəri onun müstəqilliyini hərraca qoyanların idarəetməsindədir.
2017-2018-ci illərdəki seçki dövrü ilə bağlı Ermənistanda artıq siyasi, yarımsiyasi, oğru, bandit və kvazibandit hesablaşmalar, planlaşdırmalar, davranışlar və əməllər artıq başlanıb.
Bu ölkənin idarəetmə sistemində prezident hakimiyyəti aparıcı rol oynadığından dövlət başçısının səlahiyyət müddətləri arasındakı parlament seçkiləri əslində aralıq mərhələyə çevrilir. O dövrə ki, siyasi qüvvələr prezident seçkilərinə hazırlıq ərəfəsində mövqelərini yenidən bəlirləyir, güclərini toplayır, potensiallarından tam yararlanmağa çalışırlar.
5 il sonra isə yeni prezident seçkiləri olacaq.
Ermənistanda da indiki seçki mərhələsinin əsas hədəfi məhz 2017-2018-ci illərdir.
Siyasi qüvvələr, hakimiyyətdəki saxta "elita" və adi ermənilər "Serj Sarkisyandan sonra kim?" sualına cavab arayırlar.
Baş nazir Tiqran Sarqsyanın şanslarının çox olduğunu hakimiyyət mediası və iqtidarın nəzarətində olan, amma özünü "müstəqil media" kimi təqdim eldən strukturlar mantra kimi təkrarlayırlar. Müxalifət düşərgəsindəki kollaborsionistlər də eyni sözləri təkrarlayır, hakimiyyəti tənqid edərək Tiqran Sarqsyanın az qala ideal namizəd olduğunu vurğulayırlar.
Fəqət, reallıq budur ki, Tiqran Sarqsyan bütün potensial namizədlər arasında mövqeləri ən zəif, səbatsız adamdır. Onun mənsub olduğu iqtidardakı düşərgələnmiş qüvvələr bu adamı dövlət başçısı postunda görmək istəmirlər. Müxalifət isə, daha doğrusu, Ermənistan Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun və "Hnçak" partiyaları isə T.Sarqsyana aşkar nifrət edirlər.
Hakimiyyət kuluarlarında potensial namizəd qismində Seyran Ohanyan, Vladimir Qasparyan və hətta Bako Saakyanın da adları çəkilir.
Sabiq prezident Robert Köçəryanın yaratdığı və onun nəzarətində olan "Çiçəklənən Ermənistan" Partiyasının nominal sədri, milyarder oliqarx Qagik Sarukyanın davranışı da yetərincə maraqlıdır. Prezident seçkilərindən əvvəl aldığı əmrdən sonra qəflətən "müxalifət"ə çevrilən və Serj Sarkisyanın iqtidarına guya əks mövqe tutan Sarukyan daha da sərtləşdiyini, hakimiyyət komandasının davranışlarına qarşı aqressivləşdiyini bəyan edir. Belə zahiri emosionallığa inanan ermənilər yanılırlar, çünki Sarukyan hazırda özünümüdafiə imkanları baxımından pis durumda deyil. 2018-ci ildə isə onun mövqelərinin xeyli zəif olacağı və Sarkisyanın komandasına qarşı belə verbal hücumları reallaşdıra bilməyəcəyi aydındır.
"Çiçəklənən Ermənistan" Partiyasının sədri bunu proqnozlaşdırdığından indiki durumda, siyasi qüvvələrin ləngər vurub yenidən hərəkətə gəlməyə çalışdığı dövrdə gözləmə mövqeyi tutub.
O, sahibi Robert Köçəryanın mövcud hakimiyyətə olan loyal, prezident Serj Sarkisyana isə antipatik münasibətini izhar etmək üçün əlverişli məqamın çatacağına əmindir.
Həmin məqamda "Çiçəklənən Ermənistan" Partiyasının maliyyə və digər resursları işə salaraq irəli atılmağa çalışacağı, mövqelərini daha da gücləndirməyə can ataraq tərəfdarlarının sayını artırmağa səy göstərəcəyi şübhəsizdir.
Və o anda Qagik Sarukyan maskanı bir kənara ataraq real tələblərini səsləndirəcək.
O tələblər arasında "erməni xalqının istəyi ilə Robert Köçəryanın böyük siyasətə qayıdışını istəyən xalqın səsinin eşidilməsi"nin də yer alacağı ən bəsit ehtimallardan biridir.
Robert Köəryanı da eyni problemlər qayğılandırır. Əcəba, onu 2018-ci il seçkilərində kim təmsil edəcək: sabiq XİN başçısı, indisə "Çiçəklənən Ermənistan"ın ideoloqu sayılan Vardan Oskanyan, yoxsa sabiq prezidentin hələlik sirr kimi saxladığı və adını açıqlamadığı başqa şəxs?
Erməni analitiklər, politoloqlar və xüsusilə də Q.Sarukyanın "yemlədiyi" kütləvi informasiya vasitələrinin iddialarının tam əksinə olaraq Robert Köçəryanın böyük siyasətə qayıdışı, prezident seçkilərinə qatılması ehtimalı çox azdır.
Ən azı ona görə ki, ABŞ və Avropa Birliyi yeni prezident seçkilərində Robert Köçəryanla yanaşı, Erməni Milli Konqresinin lideri, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın da iştirakını əsla istəmirlər.
Qərb bu adamların "siyasi qürubu"nda, aktiv siyasətdən kənarlaşmasında maraqlıdır.
Bəs belədirsə, Ermənistanın müxalifət düşərgəsində nələr yaşanacaq? İş ondadır ki, Erməni Milli Konqresi, "İrs" Partiyası, Daşnaksutyun və hətta "Çiçəklənən Ermənistan" Partiyasında ciddi transformasiya əhval-ruhiyyəsi var.
Bu səbəbdən də həmin strukturların daxilində şəxsiyyətin seçimi ilə yanaşı, ümumi baxımdan formatın müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları, mübahisələr və parçalanmalar yarana bilər.
Hadisələr normal cərəyan edərək primitiv operetta janrındakı biabırçılıqlara yuvarlanmasa, erməni müxalifətində struktur yerdəyişmələri və dəyişikliklərin şahidi ola bilərik.
Ən azından aydındır ki, 2017-ci ildəki parlament, 2018-ci ildəki prezident seçkiləri Ermənistanda hansısa ciddi mərhələnin sona çatması yox, çox önəmli dövrün başlanğıcı olacaq.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12
2024-12-26 13:33:10
2024-12-26 13:23:39
2024-12-26 13:23:00
2024-12-26 13:02:00
2024-12-26 12:34:30
2024-12-26 12:26:14