ABŞ Qarabağla bağlı fəallaşmaq istəyir?
10:22 11-02-2014
CƏMİYYƏT
ABŞ Qarabağla bağlı fəallaşmaq istəyir?
Amerikalı səfir durumdan narahat olduqlarını bəyan edib
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qarabağ cəbhəsində gərginləşən durumla bağlı bildirib ki, “İnsan həyatının itirilməsi faciədir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir neçə həftədir ki, vəziyyət gərginləşib. Biz bu gərginliyin azalacağına ümid edirik”.
Ermənilərin Olimpiya oyunları dövründə atəşkəs rejimini pozmasına dair sualı cavablandıran səfir bildirib ki, vəziyyətin gərginləşməsi danışıqlar prosesinə kömək etmir və gözlənilməz nəticələrə gətirib çıxara bilər: “Biz hər iki tərəfi təmas xəttində Olimpiya barışığına əməl etməyə çağırırıq”.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, R. Morninqstar qeyd edib ki, görüş barədə qərarı prezidentlər özləri verməlidirlər: “Biz ümid edirik ki, onlar yenidən görüşəcəklər. Düşünürəm ki, münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib problemin nizamlanması istiqamətində konkret addımlar atmasıdır. Bu məsələdə ATƏT-in Minsk Qrupu rol oynayır, biz də rol oynaya bilərik. ABŞ həmsədrlərdən biri kimi öz ideyalarını verir. Lakin münaqişənin həlli iki tərəfin siyasi iradəsindən asılıdır”.
Səfir deyib: “Mən Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını çox yaxşı başa düşürəm. ABŞ münaqişənin həll olunmasına çalışır”.
O bildirib ki, hazırda ABŞ münaqişənin həlli prosesində əvvəlki illərdən daha fəal iştirak edir: “Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox pozitiv hadisə oldu və bu görüşlərin davam etməsi vacibdir. Tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar. Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Unikal”a açıqlamasında bildirdi ki, “Ermənistan Riçard Morninqstarın təmsil etdiyi elə həmin Amerikanın və Rusiyanın, Qərbin əliyilə Dağlıq Qarabağı və digər torpaqlarımızı işğal edib və indi də Qərbin bu cür emissarları çalışırlar ki, Azərbaycanı işğal faktı ilə barışdırsınlar. Ətrafımızda tam bir şəkildə xristian həmrəyliyinin hökm sürdüyünü görürük. Ermənilər Yaxın Şərqə gələndən bəri həmişə bel olub. Elə Morninqstarın təmsil etdiyi Amerikanın təşəbbüsü ilə 1918-ci ildə Türkiyəni parçalayıb Ermənistan dövləti qurmaq istəmirdilərmi? Bu gün nə dəyişib ki? Həmin siyasəti yenə də yürüdürlər. Hesab edirlər ki, xristian məkanının qurtaracağında yerləşən Ermənistan dövlətini hər vəchlə qorumalı və lazım gələndə türklərin üstünə buraxmalıdırlar. Həmin siyasət hazırda Azərbaycana qarşı yürüdülür və bir daha təkrar edirəm: bu planın başında Amerika və Rusiya durur!”
QAT sədrinin sözlərinə görə, “ATƏT-in Minsk Qrupunun fəaliyyəti başından bu günə qədər işğal faktının rəsmiləşdirilməsinə yönəldilib. İndi də Azərbaycanı dilə tuturlar ki, görüşləri intensivləşdirmək lazımdır. Məqsəd nədir? Bizi güzəştlərə məcbur etmək. Ardınca vətəndaş cəmiyyətlərinin görüşlərini, siyasi partiyaların görüşlərini təşkil edirlər. Bu görüşlərin hamısı Qərbin Dağlıq Qarabağla bağlı nəzərdə tutduğu planın gerçəkləşməsinə xidmət edir. Ona görə də ümid edirəm ki, özünü siyasət dahisi hesab edən bəzi əllamə liderlərimiz bu xəyanətkar addımlardan çəkinəcəklər. Bu qədər siyasi avamlıq olmaz!”
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33