Mikayıl Cabbarov da məktəblərdəki pulyığımı qarşısında acizdir?
10:24 11-02-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov da məktəblərdəki pulyığımı qarşısında acizdir?
Təhsil naziri dəyişsə də, təhsilin “yazılmamış qaydaları dəyişmir
Ötən ilin yazındakı təhsil naziri postundakı dəyişiklik cəmiyyətdə ciddi gözləntilər yaratdı. Bu sahədə illərdən bəridir yığılıb qalmış problemlərin həlli istiqamətində önəmli, köklü dəyişikliklərin olacağına dair ümidlər yarandı.
Amma obyektivlik naminə qeyd edilməlidir ki, Misir Mərdanovun Mikayıl Cabbarovla əvəzlənməsi heç də istənilən effekti verməyib, hələ də mətbuat səhifələri ölkə təhsilindəki problemlərin nə qədər ağır olduğundan xəbər verən şikayətlərlə, valideyn narazılıqları, rüşvət və korrupsiya halları ilə bağlı xəbərlərlə “zəngindir”.
Dünən “Azadlıq” radiosunun “qaynar xətt”ində rastlaşdığımız bir şikayət də Təhsil Nazirliyinin xüsusilə məktəblərdəki pulyığımı qarşısında acizliyinin təsdiqi sayıla bilər. Gəlin ümumilikdə orta təhsil sistemindəki neqativliklərə ayna tutan həmin şikayətə göz ataq: ““Hər həftə monitorinq imtahanı keçirilir. Təkcə buna görə hər dəfə uşaqlardan 1 manat 50 qəpik yığılır. Bununla dərd bitsəydi, nə vardı ki... Hər ay süpürgəpulu, fondpulu... Tozsoran da aldılar, yenə süpürgəpulu yığmaq şakərlərindən əl çəkmədilər. Hələ testpulundan danışmıram. Test, kurikulum kitabları almaqdan bezmişəm. Günaşırı bu kitablara 15-20 manat verirəm” - şikayət müəllifi olan Sumqayıt sakini Elnur Tapdıqov yazır.
Onun iki övladından biri elə həmin şəhərdəki 15 saylı orta məktəbdə, digəri ona bitişik İstedad Litseyində təhsil alır. Valideyn bildirib ki, tədris ili başlayandan hər həftə məktəbə pul yollayır: “Hər həftə testpulu, hər ay süpürgəpulu... Sinifdə 24-26 uşaq varsa, hərəsindən 1 manatdan süpürgə pulu yığılırsa, görəsən müəllimlər bu qədər süpürgəni neynirlər? Dəfələrlə narazılıq etmişəm, müəllimlər deyirlər, bizlik deyil. Bilmək olarmı, bəs görəsən kimlikdir?”
Şikayətçinin sözlərinə görə, günahın bir ucu müəllimlərdədirsə, başqa ucunu elə valideynlərdə görmək lazımdır: “Məktəbdə valideynlər komitəsi yaradıblar. O komitə hər sinifdən bir valideyn ayırır. Pullar həmin valideyn vasitəsi ilə yığılır. Qadınlar yığılırlar, biri deyir 5-dən yığaq, biri deyir 10-dan yığaq...”
Elnur Tapdıqovun təklifi də var. O, valideyn iclaslarına anaların yox, ataların yığılmasını təklif edib. Bununla da pul yığımlarının qarşısının alınacağına inanır. O, bu yaxınlarda başlarına gəlmiş bir əhvalatı da danışıb: “3-cü sinifdə oxuyan oğlumu müəllim məktəbin qarşısında sıradan çıxarıb evə yollayıb ki, bu gün monitorinq imtahanı var, get 1 manat 50 qəpiyi gətir. Uşaq da dərsə girməyib, elə məktəbin qabağından qaça-qaça maşın yolunu keçib evə gəlib. Evdə nənəsindən başqa heç kəs olmayıb, nənədə də pul yox. Geri qayıdanda məktəbin həyətində tənginəfəs olub, yıxılıb. Müəllimə də deyib bu vəziyyətdə dərsdə otura bilməzsən, get evə. Uşaq halsız vəziyyətdə evə qayıdıb. Məktəbdə ilkin yardım da göstərməyiblər, böyrünə bir adam da qoşmayıblar. Getdim məktəbə, müəllimlərə dedim, bəlkə elə ikinci dəfə yolda halı dəyişəydi, maşının altında qalaydı. Kim cavab verəcəkdi bizə?”
Göründüyü kimi, Təhsil Nazirliyi rəhbərliyindəki kadr dəyişiklikləri də bu sahədə köklü dəyişikliklərə, neqativ halların aradan qalxmasına gətirib çıxarmayıb. Burada iki sual yaranır. Birinci sual ondan ibarətdir ki, yeni nazir və komandasının təhsil sistemində yaranmış acınacaqlı durumu aradan qaldırmaq üçün lazımi səylər göstərdiyini demək olarmı?
İkinci sual isə belədir ki, əgər doğrudan da bu cür səylər varsa, niyə hələ də bu sahə ilə bağlı şikayətlər səngimək bilmir? Belə çıxmırmı ki, ya Cabbarovun nazirliyinin səyləri yetərsizdir, ona görə də daha ciddi, hərtərəfli düşünülmüş addımlar atılmalıdır, ya da artıq təhsilimizdə heç nəyin yaxşılığa doğru dəyişməyəcəyi ilə barışmalı, övladlarımızı “köhnə hamam, köhnə tas” prinsipi ilə oxutmağa davam etməliyik?!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00