Azərbaycanda qanun vaxta təsir edir, yoxsa vaxt qanuna?
10:28 11-02-2014
İQTİSADİYYAT
Azərbaycanda qanun vaxta təsir edir, yoxsa vaxt qanuna?
Sürücülər iddia edirlər ki, gecə vaxtı yolda hərəkətin tam söndüyü bir vaxtda qoşa xətti keçdiyinə görə kameraya düşür və buna görə cərimə olunurlar
Qanun ona əməl olunanda daha təsirli olur, lakin bəzi məqamlarda əhəmiyyətsiz görünür. Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericiliyi istər gecə saatlarında, istər də gündüz vaxtlarda pozan bütün sürücü mütləq cərimələnir
Sürücülər iddia edirlər ki, gecə saat 04 radələrində, yolda hərəkətin tam söndüyü bir vaxtda qoşa xətti keçdiyinə görə kameraya düşür və buna görə cərimə olunurlar. Halbuki qoşa xətti keçməsi heç bir qəza şəraiti və təhlükə yaratmır. Yolda heç bir maşın olmadığı halda, sağdan və soldan gələn maşınların olmadığına əmin olub işıqforun qırmızı işığında keçməklə bal və cərimə alır. Dünyanın bəzi ölkələrində isə sürücü yol hərəkəti qaydalarını müəyyən məqamlarda poza bilər. Polis də saxlayaraq sürücüdən belə bir qayda pozuntusu etməyə əsasının olub-olmamağını soruşur. Sürücü də, məsələn, uşağını xəstəxanaya aparmalı olduğundan və ya heç bir istiqamətlərdən maşın gəlmədiyindən belə bir addım atdığını deyir. Polis onu cərimələmir və özündə qeyd apararaq araşdırma aparır. Əgər həmin sürücü polisi aldadıbsa, onun cəzası çox ağır olur.
Azərbaycanda da belə bir qayda tətbiq oluna bilməzmi? Sürücülər buna hazırdırmı? Qanunlar gecələr pozulduğu halda müəyyən güzəştlər ola bilərmi?
Millət vəkili Fazil Mustafa bildirdi ki, yol hərəkətinə bəzi məqamlarda əməl olunmaması, qanunlara gecə bir, gündüz başqa cür əməl edilməsi sürücülərə bəhanələr verə bilər: "Hər kəs bəhanə edib qaydaları poza bilər. Günün istənilən vaxtı nəzərdə tutulmuş qaydalara əməl etmək lazımdır. Elə olsa, hamı gecə vaxtı qırmızı işıqda keçəcək. Belə qayda olmaz axı".
Millət vəkilinin fikrincə, belə məsələdə qaydalar ümumidir: "Pozmaq olmaz. Sürücü gecə vaxtı və ya fövqəladə hallarda hər hansı qayda pozuntusu edirsə, o, addımını təhlükənin olmadığına əmin olaraq atdığı ilə əsaslandıra bilməz".
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, Azərbaycanda yol hərəkəti ilə bağlı qanunda zərrə qədər yumşaqlıq olanda sürücülər ondan düzgün istifadə etmirlər, həmin istiqamətdə qəzaların və ölənlərin sayında artım müşahidə olunur. Ona görə də, qanunvericiliyin tələblərinə əməl etmək lazımdır.
Şöbə rəisinin sözlərinə görə, yollarda günün gecə və gündüz vaxtını nəzərə alıb müəyyən nişanlar qoyula bilər: "Hər hansı bir tələbdə istisna olursa, mütləq əlavə məlumat nişanı olmalıdır ki, bu, hansı saatlara şamil olunur. Məsələn, nişanın yanında əlavə məlumat nişanı ola bilər ki, bu nişanın təsiri iş vaxtına və ya saatda neçədən neçəyə kimi istisna ola bilər. Eyni zamanda, bəzi vaxtlarda işıqforun qırmızı işığı, sayrışan sarı işığa keçməlidir. Sürücü də diqqətini artırıb dayanmadan keçə bilər".
Dünya təcrübəsindən çıxış edən K.Əliyev əlavə etdi ki, bəzi ölkələrdə qırmızı işıqda keçmək olar: "Amerikanın bəzi ştatlarında belə bir qanun var ki, qırmızı işıq yananda sağ və soldan nəqliyyat vasitəsi yoxdursa, hərəkətə davam etmək olar. Amma konkret gecə olar, gündüz olmaz kimi təcrübə yoxdur".
Anar Məmmədov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53