Şahinsən, göydən enməzsən!...
Hərbi təyyarəçi Yaşar Əhmədovun həyat hekayəsi

Ötən il fevralın 11-də bütün ölkəni yasa qərq edən faciəli helikopter qəzasından bir il ötür. Qəzada üç qeyrətli Vətən övladı - Hərbi Hava Qüvvələri helikopterinin ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Zeynalov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu hərbi tapşırığı yerinə yetirərkən həlak oldular.
Bu yazıda onlardan biri - Yaşar Əhmədov barədə ətraflı bəhs edəcəyik.

Yaşar Əhmədov kimdir?
Yaşar Əhmədov 1970-ci il noyabrın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Ziyalı ailəsində böyüyüb, atası Mail müəllim uzun illər pedaqoci fəaliyyətlə məşğul olub. Yaşarın ölümündən az əvvəl dünyasını dəyişmişdi. Ailə bu itkidən özünə gələ bilməmiş daha dəhşətli bir xəbərlə sarsıldı - Yaşarın dəhşətli qəzada həlak olması xəbəri onu tanıyan hər kəsi yasa boğdu.
Yaşar Əhmədov Ukraynanın Paltava vilayətinin Kremençuk şəhərində 1 il 8 ay hərbi təyyarəçilik təhsili alıb. Daha sonra isə təhsilini Azərbaycan Milli Aviasiya Akademiyasında davam etdirib. Burada təhsilini bitirdikdən sonra isə o, Azərbayjanın Hərbi Hava Qüvvələrində peşəkar kadr xidmətə başlayıb.
1998-ci ildə ailə həyatı quran Yaşar Əhmədov, peşəkar hərbi pilot kimi 15 il ərzində ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağa çalışıb.

Vətənə xidmət arzusu ilə!
Yaşar hələ uşaqlıqdan hərbi dərslərə böyük maraq göstərib. Ən böyük arzularından biri hərbçi olmaq və vətən torpaqlarının keşiyini çəkmək idi.
Müəllimlərinin dediyinə görə, Yaşar orta məktəbdə əla qiymətlərlə oxuyub, ən çox sevdiyi isə hərbi dərslər imiş. Silahı çox səliqə ilə söküb-yığmağı xoşlayardı. Bütün müəllimləri bilirdilər ki, o, hərbi təyyarəçi olacaq. Bu arzusunda da çox israrlı idi. Arzusunu həyata keçirdi və vətənə xidmət eşqi ilə döyünən qəlbi onu sonda şəhidlik kimi müqəddəs mərtəbəyə yüksəltdi.
İndi onun yoxluğu içində yanıb-qovrulan doğmalarının, başda da anası Naimə xanımın ən böyük diləyi Yaşarın şəhid statusunun rəsmiləşdirilməsidir.

"Oğlumla fəxr edirəm!"
Yaşarın anası Naimə xanım onu da deyir ki, Yaşar ali rütbəyə çatmaq, hamıya nümunə olmaq arzusu ilə yaşayardı: "İndi Yaşarın bizə ən qiymətli yadigarı övladlarıdır. Onlar da atalarının hansı yolda həlak olduğunu bili rvə onunla qürukr duyurlar. Əlbəttə, bir ana üçün övlad dağından böyük acı ola bilməz. Amma mən yenə də fəxr edirəm ki, Yaşar kimi oğul böyütmüşəm".
Yaşar Əhmədovun özündən geriyə iki övladı qalıb - oğlu Nicat və qızı Naimə. Onlar üçün atalarının itkisi ilə barışmaq çox çətindir. Bununla belə ən böyük arzuları böyüdükdən sonra atalarının adına layiq, vətən üçün ləyaqətli övlad olmaqdır.

Qəhrəmanlar ölmür!
Yaşar Azərbaycanın ilk hərbçi təyyarəçisi, Qazağın Qıraq Salahlı kəndində doğulan və I Dünya Müharibəsində qəhrəmancasına həlak olan Fərrux ağa Qayıbov olub həmyerlisi idi. Fərrux ağa Qayıbov onun üçün həm də həyatdakı idealı idi. Onun davamçısı olmaq istəyirdi və oldu. Elə Fərrux ağa Qayıbov kimi onun da həyatı göylərdə başa çatdı. Bir şeirdə deyildiy kimi: "Şahinsən, göydən enməzsən!"
Yaşar göylərdən enmədi - sağ ikən cismi şavhin kimi göylərdə süzdü, ölümündən sonra isə ruhu göyləri özünə məskən seçdi.
Bəli, qəhrəmanlar heç vaxt ölmürlər. Onlar öz cəsarətləri, hünərləri ilə gələcək nəsillərin yolunu işıqlandırır, Vətənə və Millətə xidmətin parlaq nümunəsinə çevrilirlər. Yaşar Əhmədov kimi!
Belə bir məşhur söz var ki, "qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil..." Yəni qəhrəman olmurlar, qəhrəman doğulurlar.
Elə bizim bu yazımızın qəhrəmanı da dünyaya qəhrəman kimi gələnlərdən idi.
O Azərbaycanın işğaldakı torpaqlarının azad ediləcəyinə inanır və özünü hər an Qarabağ uğrunda mücadiləyə hazır hiss edirdi. Həmin gün uzaqda deyil. Bax o gün gələndə vətənin minlərlə şəhid övladı kimi kapitan Yaşar Əhmədovun narahat ruhu da dinclik tapacaq.
Əziz xatirəsi isə hər bir qeyrətli vətən övladı kimi, xalqımızın qəlbində daim yaşayacaqdır. İndi onun təkcə adı Yaşar deyil, həm də xatirəsi əbədi yaşamaq haqqı qazanıb!
Allah rəhmət eləsin!
Azər