Fərhad Əliyevin qardaşının pay sahibi olduğu bankda nə baş verir?
10:30 11-02-2014
CƏMİYYƏT
Fərhad Əliyevin qardaşının pay sahibi olduğu bankda nə baş verir?
Bank of Baku öz maliyyə göstəriciləri ilə heç kəslə bölüşmür, çünki rəqiblərindən zəif göstəricilərini açıqlamaq istəmir
İstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan Bank of Baku son zamanlar bu sahədəki banklararası rəqabətdə təşəbbüsü əldən verməyə başlayıb. Buna təsir edən əsas amillərdən biri isə bankın kadr siyasətində yol verdiyi ardıcıl nöqsanlar olub. “olaylar.az” yazır ki, son bir neçə ildə bu bankı onlarla yüksək ixtisaslı işçi tərk edərək digər banklara keçib. Bank of Baku onları yetişdirsə də bu şəxsləri öz sıralarında saxlaya bilməyib. Nəticədə bu tendensiya, bankın öz rəqibləri ilə mübarizəsinə mənfi təsir etməyə başlayıb, çünki bəlli olduğu kimi, “kadrlar hər şeyi həll edir”.
Son illər Bank of Baku-dan bir sıra digər banklara çoxlu “transferlər” baş tutub. Yüksək vəzifə sahiblərindən tutmuş sıravi işçilərə qədər.Son 1-2 ildə Bank of Baku-nu tərk edərək AG Bank,Kapital Bank,VTB və digər banklara çoxlu sayda peşəkar bank işçisi üz tutub. Lakin Bank of Baku kadrlarını ən çox və məmnuniyyətlə öz sırasına qatan bank - Unibank-dır.
Əslində bu kadr axınında katalizator rolunu təxminən 3 il əvvəlki bir hadisə oynadı. Bank of Baku-nun o zamankı sədri Cəlal Qasımov qəfildən tutduğu vəzifədən azad edildi və o, bunu ədalətsizlik kimi qəbul etdi. İnciyib gedən Qasımov rəqib Unibanka keçdi və hazırda orada icraçı direktordur. O zamandan bəri Qasımov ona ədalətsiz münasibət göstərən keçmiş bankını bazardan sıxışdırmaq üçün yeni vəzifədə ardıcıl addımlar atmağa başladı. Həm Bank of Baku-nun müştərilərini, həm də əməkdaşlarını Unibanka cəlb etmək üçün planlı işə başladı. Bank of Baku-nun kredit, maliyyə, İT, plastik kartlar və digər bank sahələrini təmsil edən onlarla peşəkar kadrı Unibanka keçdi. Bank of Baku-nun kadrları Unibankda işə məmnuniyyətlə qəbul edilir. Unibank onlara daha yaxşı maddi və karyera şəraiti yaradıb öz sıralarına cəlb edir və bunu faktiki olaraq özünün kadr siyasətinə çevirib. Bu gün Unibankın bir çox mühüm vəzifələrində əyləşmiş şəxslərin keçmişinə baxsaq görərik ki, onlar məhz Bank of Baku-dan gəliblər. Bank of Baku illərlə yetişdirdiyi peşəkarları bir anda əldən verir və nəticədə peşəkarlarla zənginləşən rəqib Unibank maliyyə bazarındakı mövqelərini daha da gücləndirmiş oldu. Eyni zamanda Unibank istehlak kreditləri bazarına aqressiv daxil olaraq Bank of Baku-nu sıxışdırmağa başladı. Halbu ki, Bank of Baku kütləvi istehlak kreditlərinin verilməsində ilk bank olub.Lakin qısa müddət ərzində Unibank istehlak kreditləri bazarında rəqibini sıxışdıraraq birinciliyi əldə edib.
Görünən odur ki, kadr axını ümumiyyətlə Bank of Baku-nun bank sektorundakı mövqeyinə mənfi təsir edən əsas faktorlardan birinə çevrilir. Lakin bankda, deyəsən, bu təhlükəni hələ də dərk etmirlər. Bankın sədr müavini Zaur Qaraisayev bu yaxınlarda saytların birinə verdiyi müsahibədə bildirib ki, bank kadr axınının qarşısını almaq üçün “ fərqli yarışlar” keçirir və Bank of Baku nəinki zəifləməyib, əksinə, daha da güclənib. Amma faktlar onu göstərir ki, Bank of Baku öz kadrlarına sahib çıxmasa bank sektorundakı mövqeyi daha da zəifləyə bilər, çünki peşəkar işçilərin getməsi yalnız bilik və təcrübənin axını deyil, həm də sirr və spesifik məlumatların rəqibə sızdırılması deməkdir. Peşəkar kadrların rəqibə axını qarşısında aciz qalan Bank of Baku öz keçmiş işçilərindən “intiqam” almağa belə çəhd edir. Deyilənlərə görə, Bank of Baku bu şəxslərin əmək kitabçasına işdən azad edilməyinin uydurma bir səbəbini yazır: səhlənkarlıq, bank sirrinin qorunmaması və s. Bunda əsas məqsəd bu işçinin bundan sonrakı karyerasına zərbə vurmaqdır. Amma bu, çox təhlükəli bir hərəkətdir, çünki əmək qanunvericiliyinin qəsdən təhrif edilməsi və pozulması deməkdir.
Bank of Baku-nun kadr siyasətinin yetərsizliyi onun artıq maliyyə bazarındakı mövqelərinə də təsir edir. Əvvəllər ölkə banklarının reytinq siyahısında Bank of Baku-nun adı var idi. İndi isə bank öz maliyyə göstəricilərini heç kəslə bölüşmür, çünki rəqiblərindən zəif göstəricilərini açıqlamaq istəmir.
Qeyd edək ki, Bank of Baku-da ötən il Qurban bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa çıxan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin ciddi payı var. Belə ki, Bank of Baku-nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), “Azpetrol” Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və “Azinvest” LLC (9, 98%).
Nəzərə alsaq ki, “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti olan Rafiq Əliyevin bu şirkətdə olan payları da bərpa edilib, “Azpetrol” isə Bank of Baku-da 28,89 faizlik səhmə sahibdir onda keçmiş iqtisadi inkişaf nazirinin qardaşının adıçəkilən bankdakı payının önəmi daha da artır.
“Unikal”ın araşdırmaları zamanı o da məlum olub ki, Bank of Baku-nun mühüm səhmdarlarından olan R. Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olubmuşlar. Amma onun azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27