Əli Bayramovu təlaşlandıracaq xəbər
12:13 12-02-2014
İQTİSADİYYAT
Əli Bayramovu təlaşlandıracaq xəbər
“Aqrolizinq“in vəzifəli şəxsləri barəsində cinayət işi başlandı
"Aqrolizinq" ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Aqrolizinq" ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Aparılmış araşdırmalarla qeyd edilən müəssisənin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın icarəyə verilməsi, satılması, həmçinin göstərilən xidmətlərə görə yığılan pul vəsaitinin kassaya mədaxil edilməməsi, həmçinin yol verdikləri digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Son vaxtlar «Aqrolizinq»in müxtəlif filiallarında oxşar korrupsiya hallarının ifşası Səhmdar Cəmiyyətin sədri Əli Bayramovu narahat etməyə bilməz. Belə faktların onun uzun müddətdir oturduğu kreslosunu laxladacağına şübhə yoxdur.
Maraqlıdır ki, bu günlərdə Bayramovun yeni kənd təsərrüfat nazirinin anonsunu verdiyi «islahat dalğası»nın qurbanı olacağı barədə xəbərlər intensivləşib. Belə ki, «Aqrolizinq»də korrupsiyanın dərin kök salması onun rəhbərliyində dəyişikliyi çoxdan qaçılmaza çevirib. Elə bu səbəbdən də gözlənilən islahat dalğasının ilk olaraq məhz "Aqrolizinq" şefini "vuracağı" ehtimalı xeyli yüksəkdir.
Hətta Əli Bayramovun görəvdən alındıqdan sonra "Aqrolizinq"də genişmiqyaslı yoxlamaların başlaya biləcəyi hazırki səhmdar cəmiyyət rəhbərinin ortaya çıxarılacaq pozuntularla bağlı xeyli "tər tökmək" məcburiyyətində qalacağı da istisna edilmir. İstər yuxarıda haqqında bəhs olunan cinayət işi, istərsə də səhmdar cəmiyyətlə bağlı digər korrupsiya ifşalarının qurum rəhbərinə qarşı kompromat dosyesini daha da qalınlaşdırdığı birmənalıdır.
Xatırladaq ki, ötən ilin sonunda Hesablama Palatası «Aqrolizinq»də yoxlama qərarı verib. Hesablama Palatasının yeni sədrinin hazırki kənd təsərrüfat naziri Heydər Əsədova yaxın kadr olması və vaxtilə onun rəhbərliyi altında işləməsi belə düşünməyə əsas verir ki, məhz Əsədov özü “Aqrolizinq”in və onun sədri Əli Bayramovun fəaliyyətinin təftiş edilməsində maraqlıdır. “Yeni kənd təsərrüfatı naziri bu qurum və onun rəhbərliyi ilə bağlı KİV-də özünə yer alan çoxsaylı korrupsiya ittihamlarının, iddialarının araşdırılmasını istəyə bilərdi. Bununla “Aqrolizinq”lə əlaqədar istər mətbuatı və ictimai rəyi, istərsə də yeni nazirin özünü narahat edən, maraqlandıran suallar cavabını tapmış olacaqdır”, - deyə mövzu ilə bağlı rəyini aldığımız adının çəkilməsini istəməyən ekspert bildirib.
O xatırladıb ki, hələ son prezident seçkilərindən əvvəl Əli Bayramovun səhmdar cəmiyyətində mənimsəmələrin artıq hökumətin ən yüksək səviyyələrində dilə gətirildiyini, hətta ölkə başçısının bu ilin fevralındakı məşhur iclasda bu mövzuda açıq və sərt üslubda danışdığını əsas götürən mütəxəssislərin rəyi belə idi ki, "Aqrolizinq"də mövcud idarəçilik dəyişməzsə, ayrılan vəsaitlərin daim korrupsiya predmeti olması, bunun əziyyətini isə fermerlərin, ümumilikdə isə kənd təsərrüfatı sektorumuzun çəkməsi qaçılmazdır. Bu səbəbdən də “Aqrolizinq” rəhbərliyinin prezident seçkilərindən sonra dəyişdirilməsi proqnozlaşdırılırdı. Elə Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin edildikdən sonra yollarını ayıracağı bildirilən kadrlardan biri kimi məhz “Aqrolizinq” rəhbəri göstərilirdi. Bu səbəbdən istisna deyil ki, kənd təsərrüfatı naziri Əli Bayramovla bağlı yekun qərarı məhz bu səhmdar cəmiyyətdə yoxlamaların nəticələri məlum olduqdan sonra vermək qərarına gəlib.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53