Millət vəkilləri telekanalları “topa tutdu”
12:14 12-02-2014
İQTİSADİYYAT
Millət vəkilləri telekanalları “topa tutdu”
İctimai rəyə təsir etmək, onu yönəltmək baxımından telekanalların çox böyük funksiyası var. Xüsusilə də gənc nəslin formalaşmasında telekanalların təsiri danılmazdır. Amma ölkəmizdə illərdir ki, telekanallardakı biabırçı durum davam edir. Müvafiq qurumların bu yöndəki fəaliyyətinin isə hələ ki, hansısa müsbət nəticələr verdiyinin şahidi olmamışıq.
Televiziyanın ictimai həyatımızda oynadığı müstəsna rolu nəzərə aldıqda mövzunun əhəmiyyətlilik dərəcəsi göz önünə gəlir. Təsadüfi deyil ki, televiziyanı həm də cəmiyyətin güzgüsü adlandırırlar. Lakin bu gün Azərbaycan televiziya və radio kanallarında kifayət qədər çatışmazlıqlar hökm sürür ki, bu da dəfələrlə rəsmi səviyyədə belə etiraf olunaraq sərt şəkildə tənqid olunub. Amma təəssüflər olsun ki, nə bu tənqidlər, nə də telekanalların əleyhinə formalaşan ictimai rəy problemin müsbət həllinə gətirib çıxartmayıb.
Problemlərdən danışarkən ilik növbədə qeyd olunmalıdır ki, televiziya və radio kanallarında peşəkar aparıcı çatışmazlığı var. Bəzi aparıcıların nitqində, davranışında, geyimində müəyyən nöqsanlar var. Ümumiyyətlə, son zamanlar jurnalistikadan heç bir anlayışı olmayanların efir məkanını zəbt etməsi prosesi müşahidə olunur ki, bu özünün acı nəticələrini göstərməkdədir. Bu və digər köklü çatışmazlıqlar isə ölkə telekanallarının tamaşaçılarının əhəmiyyətli hissəsini itirməsi ilə nəticələnir. Bu baxımdan yalnız bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, hazırda ölkə əhalisinin böyük əksəriyyəti yerli telekanallardan imtina edərək, Türkiyə və Rusiya telekanallarının tamaşaçılarına çevriliblər. Bu isə həm də ölkəmizin informasiya təhlükəsizliyinə təhlükə sayıldığından məsələ öz aktuallığını hər zaman qoruyub.
Efir məkanımızda cəmiyyəti maraqlandıran məsələləri əhatə edən lazımi proqramlar yayımlanmır. İntellektual, maarifləndirici, vətənpərvərlik mövzusunda verilişlər isə demək olar ki, yox səviyyəsindədir. Cəmiyyəti narahat edən problemləri işıqlandıran sosial, ictimai verilişlər çox az saydadır. Əsasən musiqili, şou proqramlara üstünlük verilir ki, bunların da çoxu bilavasitə plagiat verlişlərdir. Yəni Türkiyədən, Rusyadan və Qərb telekanallarından götürülmüş verilişlərdir. Təbii ki, həmin verilişlərin hazırlanma, təqdim olunma şəraitləri də çox zaman biabırçı vəziyyət alır. Həmin verilişlərə əksər vaxtlarda musiqidən, mədəniyyətdən, xalq yaradıcılığından, folklordan xəbəri olmayan insanlar dəvət alırlar. Onların hətta təhsil səviyyələri də sual altındadır. Bu amil isə şou proqramlara meylli olan gənclərin mənəviyyatını korlayır.
Odur ki, telekanallardakı bu rüsvayçı reallıqla bağlı Milli Teleradio Yayımı Şurasının sədri Nuşirəvan Məhərrəmlinin artıq hansısa konkret cəza tədbirlərindən danışması da təbii qəbul olunmalıdır. Çünki, vəziyyət artıq o dərəcədə əndazədən çıxıb ki,bu sahəylə bu və ya digər dərəcədə aidiyyatı olan bütün dövlət qurumları hərəkətə keçməlidir. Ötən gün isə telekanallar yenidən millət vəkillərinin hədəfinə tuş gəlib.
Mövzuyla bağlı açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu sahədə çox ciddi boşluqlar var: “Telekanallarda ailədaxili, şəxsi münasibətlərə həsr olunan verilişlərə münasibətim xoş olmasa da, bir tərəfdən o telekanalları da qınamıram. Çünki telekanallarda siyasi, elmi, sosial problemlərlə bağlı müzakirələr məhdudlaşanda efiri bu cür bayağı verilişlərlə doldurmalıdırlar. Bu sahədə boşluq var, ona görə də efirləri dedi qodu, ailədaxili münasibətlər, şəxsi qarderoblar, hansısa bir müğənninin səviyyəsiz hərəkətləri işğal edib”.
F.Mustafa daha sonra qeyd edib ki, efir məkanında bütün təbəqələrin maraqlarını ifadə edən verilişlər yer almalıdır: “Bu televiziyaların da birbaşa günahı deyil. Hansı televiziya istəyər ki, bu qədər səviyyəsiz, məişət zəminində baş verən olaylara həsr olunan verilişlərin çoxluğu ilə tanınsın. Əvvəllər televiziyalarda debatlar gedirdi, amma bu diqqət cəlb etmirdi. Amma indi bu tip verilişlər diqqət cəlb edir. Əgər efirlərdə ictimai təşkilatların müzakirəsi verilmirsə, televizayalar buna yer ayırmırsa, sosial problemlərlə bağlı proqramlar yayımlanmırsa, o zaman kiminsə ailə məsələsini ortaya çıxarıb müzakirə etmək ən asan yoldur”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da telekanallardakı mövcud vəziyyətin acınacaqlı olduğunu deyib: “Telekanallarda ailədaxili problemlər bu dərəcədə müzakirə olunması, insanların şəxsi həyatlarının bu dərəcədə qabaradılması yolverilməzdir. Bu verilişlər millətimizi kökündən qoparır və milli əxlaqımıza və dövlət maraqlarımıza tamamilə ziddir”.
VHP sədri onu da əlavə etdi ki, telekanallar elə mövzular seçirlər ki, bu verilişlər nəticəsində milli kimliyimiz aşılanır: “Əslində bütün verilişlər milli dəyərlərimizə hörmət etməli, əndazəni aşmamalıdır. Amma bizdə əksinədir. Mən bu verilişləri qınayıram. Azərbaycan ailəsinə layiq olmayan sözlər, fikirlər səslənir. Xalqımızın pulu ilə fəaliyyət göstərən televiziyalar bu addımları ilə xalqa qənim kəsilməməlidir. Amma görünən budur ki, onlar bu addımları ilə həm də dövlətə qarşı çıxırlar. Çünki bu verilişlərdə dövlət maraqları da tapdalanır”.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53