Stalin hansı kitabları oxuyurdu?
12:14 12-02-2014
CƏMİYYƏT
Stalin hansı kitabları oxuyurdu?
Sovet rəhbəri: "Gündə 500 səhifə - mənim üçün normaya çevrilib"
Peşəkar inqilabçı-bolşeviklərdən çox azı inqilaba qədərki dövrdə şəxsi kitabxanaya malik idi.
Ancaq inqilabdan və Sovet hökuməti Moskvaya köçəndən sonra Kremldə mənzil alan bolşevik liderlərin, demək olar ki, hamısı öz mənzillərini və iş otaqlarını hansısa süs əşyaları və xüsusi mebellə bəzəməyə can atmaq əvəzinə, kitab kolleksiyası toplamağa başladılar.
1922-ci ilin sonlarına doğru artıq Leninin və Trotskinin, Buxarinin və Zinovyevin, Molotovun və Demyan Bednının böyük kitabxanası var idi.
Kremldəki mənzili Stalin 1918-ci ildə almışdı, Vətəndaş müharibəsi illərində vaxtının çoxusunu ən müxtəlif (cənub, şərq, şimal-qərb və qərb) cəbhələrində keçirdiyi üçün o, sistemsiz şəkildə də olsa, çoxlu kitab oxuyurdu. Ancaq mənzilindəki kitabların sayı sən deyən çox deyildi.
Yalnız 1925-ci ildə Stalin özünün şəxsi və sözün həqiqi mənasında iş kitabxanasını yarada bildi. Həmin ilin mayında o, öz köməkçisi və katibi İ.Tovstuxaya bu işlə məşğul olmağı tapşırdı və Baş katibin kitabxanaçısı ştatının yaradılması barədə göstəriş verdi.
Kitabxanasında hansı kitabları görmək istədiyi barədə Tovstuxanın sualına Stalin şagird dəftərindən cırılmış bir vərəqdə, yəni yazılı cavab verdi.
Həmin böyük siyahının fotokopiyası tarixçi B.S.İlizarov tərəfindən "Yeni və ən yeni tarix" jurnalında çap olunmuşdu.
Stalinin yazdığı qeydlərin əsas hissəsi aşağıda təqdim olunmuşdur:
"Kitabxanaçıya məktub. Mənim məsləhətim (və təkliflərim):
1. Kitablar müəlliflərinə görə yox, aşağıdakı mövzulara görə təsnif olunmalıdır:
a) fəlsəfə
b) psixologiya
c) sosiologiya
ç) siyasi iqtisad
d) maliyyə
e) sənaye
ə) kənd təsərrüfatı
f) kooperasiya
g) Rusiya tarixi
ğ) digər ölkələrin tarixi
h) diplomatiya
x) xarici və daxili ticarət
ı) hərbi iş
i) milli məsələ
j) qurultay və konfranslar
k) fəhlələrin durumu
q) kəndlilərin durumu
l) komsomol
m) xarici ölkələrin inqilab tarixi
n) 1905-ci il inqilabı barədə
o) 1917-ci ilin Fevral inqilabı barədə
ö) 1917-ci ilin Oktyabr inqilabı barədə
p) Lenin və Leninizm barədə
r) Rusiya Kommunist (bolşeviklər) partiyası və İnternasional barədə
s) RKP-də müzakirələr barədə (məqalə və broşürlar)
ş) həmkarlar ittifaqları
t) bədii nəsr u) bədii tənqid ü) siyasi jurnallar
v) təbiət və elm barədə jurnallar
y) cürbəcür sözlüklər
z) xatirə ədəbiyyatı.
2. Bu təsnifatda sadalananlardan a) Leninin b) Engelsin c) Kautskinin ç) Plexanovun d) Trotskinin e) Buxarinin ə) Zinovyevin f) Kamenevin g) Lafarqın h) Lüksemburqun i) Radekin əsərləri ayrıca yığılsın.
3. Bütün yerdə qalanlar isə müəlliflərə görə bir tərəfdə toplansın (hər cür dərsliklər, xırda jurnallar, ateist mövzulu makulatura və sair).
İ.V.Stalin".
Göründüyü kimi, bu sənəd yüksək peşəkarlıq və dəqiqliklə tərtib olunub. Hətta fotokopiyadan da bəlli olur ki, Stalin bu siyahı üzərində azı 20-30 dəqiqə çalışıb.
1925-ci ilin yayında Stalinin kitabxanası bu plan əsasında qurulmağa başladı və bir neçə il davam elədi. 1930-cu illərdə isə Stalinin kitablarının sayı hər il yüzlərlə ədəd artmaqdaydı. Onun kitabları arasında rus və sovet ensiklopediyaları, xeyli sayda (xüsusilə də rus dili və alınma sözlərlə bağlı) sözlüklər, müxtəlif mövzularda sorğu kitabları vardı.
Rus klassik ədəbiyyatının, demək olar ki, hamısı Stalinin kitabxanasında bir arada toplanmışdı. Həm ayrı-ayrı kitablar, həm də "Seçilmiş əsərlər" şəklində.
Bunların içində Puşkinin əsərləri və Puşkinə həsr olunmuş kitablar daha çox idi. SSRİ-də çap olunan və onu maraqlandıran mövzular üzrə bütün yeni nəşrləri Stalinə göndərirdilər. O, müəlliflərin özlərindən də xeyli kitab alırdı.
L.Spirinin şahidliyinə görə, ömürünün sonuna doğru Stalinin kitabxanasındakı kitabların sayı 20 mini ötürdü və bunların 5.500-nün üzərinə "İ.V.Stalinin kitabxanası" möhürü vurulmuşdu.
Onların çox az qismini Stalin Kremldəki iş otağında saxlayırdı. Kitabların böyük qismi onun Kremldəki mənzilində qurulan nəhəng şkaflardaydı.
Baş katibin kitablarının xeyli hissəsi isə onun Zubalovodakı yay evindəydi.
1935-ci ildə Kuntsevoda Stalin üçün yeni yay evi inşa olundu və köhnə istirahət evindəki kitabların hamısı buraya daşındı. Müharibə bitəndən sonra rəhbərin Kuntsevodakı yayevi genişləndirildi və burada bir mərtəbəsi zirzəmi qatı olmaqla, ayrıca kitabxana bloku tikildi.
Buradakı uzun rəflərə rəndələnməmiş taxta lövhələr döşənmişdi və kitablar bəlli sistem üzrə qruplaşdırılmışdı. Stalin öz kitabxanaçılarını tez-tez dəyişdirirdi və onların sonrakı taleyi heç kəsə bəlli olmurdu.
Ölkənin cənubunda rəhbərə məxsus yay evlərində də iri kitab kolleksiyaları vardı. Bunlar əsasən sorğu kitabları, bədii nəsr, habelə ən müxtəlif nəşriyyatların göndərdiyi siqnal nüsxələri idi. Kaluqa şosesi üstündə, Moskvadan yüz kilometr aralıdakı "Dalnaya" yay evində isə onun kiçik bir kitabxanası vardı.
Oradakı böyük iclas zalında 250-300 nəfərin iştirakıyla tədbir keçirmək mümkün idi və divarlar döşəmədən ta tavana qədər ən qiymətli taxta çeşidləriylə üzlənmişdi.
Lakin Stalin nəinki burada toplantı keçirmiş, hətta Moskvadan aralıdakı bu yay evinə ayaq da basmamışdı. Buna rəğmən, o, qızı Svetlanaya öz ilk əri Qriqoriy Morozovla "bal ayı"nı orada keçirməyə izn vermişdi.
Özü evdə olmadığı vaxtlarda kürəkəninə Kremldəki mənzilində yaratdığı zəngin kitabxanadan faydlanmağa izn vermişdi. Orada toplanan kitabların bolluğu və mövzu rəngarəngliyi gənc Morozovu heyrətə gətirmişdi. Həm də bir çox kitablarda Stalinin öz əliylə etdiyi qeydlər göstərirdi ki, o, bunların çoxusunu oxuyub.
Həqiqətən də, Stalinin kitabxanası sadəcə kitablar saxlanan yer və ya onun kabinetinin sadəcə yaraşığı deyildi. Oradakı kitabların böyük əksəriyyətini Stalin ən azından vərəqləyir, bir çoxunu isə dərin maraqla oxuyurdu.
Bunların bəzilərini isə o, dəfələrlə oxumuşdu. Qiraət zamanı əlində və ya masasında mütləq ya bir, ya da bir neçə ədəd, həm də müxtəlif rənglərdə karandaş olurdu. Bir çox ifadələrin, abzasların altından o, bunlarla xətt çəkir, qeydlər edir, öz fikirlərini yazırdı.
(ardı şənbəgünki
"Qələmdan"da)
Roy Aleksandroviç Medvedev
Çevirdi Azad Yaşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33