Ölməz məktublar: Bulkaqovun onu sındırmaq istəyən hökumətə məktubu
12:24 12-02-2014
CƏMİYYƏT
Ölməz məktublar: Bulkaqovun onu
sındırmaq istəyən hökumətə məktubu
"Master və Marqarita"nın müəllifi SSRİ rəhbərliyinə nələr yazmışdı?
20-ci yüzil nəsrinin parlaq simalarından Mixail Bulqakov Mixail Bulqakov 28 mart 1930-cu ildə "SSRİ hökumətinə məktub" yazır. Moskvadan yazılan həmin məktubda "Master və Marqarita"nın müəllifi özünə qarşı amansız rəftara, sındırılmağa çalışılmasına üsyan edir.
Məktubdan parçaları Namiq Hüseynlinin çevirməsindən sizinlə paylaşmaq istəyirik.
"Mən SSRİ Hökumətinə aşağıdakı məktubla müraciət edirəm:
Əsərlərimə qadağa qoyulduqdan sonra, yazıçılıq fəaliyyətimlə tanış olan xeyli sayda vətəndaş mənə eyni bir məsləhəti verməyə başladı: "kommunistsayağı pyes" yazmalı (sitatları dırnaq arasında göstərirəm), eləcə də SSRİ Hökümətinə tövbə məktubu ilə müraciət edib bədii əsərlərimdə dilə gətirdiyim əvvəlki baxışlarımdan imtina etməli və bundan sonra kommunizm ideyasına sadiq poputçik-yazıçı (b olşevik partiyasının üzvü olmayan, amma onu dəstəkləyən yazıçı - red.) kimi işləyəcəyimə təminat verməliyəm.
Məqsəd: təqiblərdən, kasıblıqdan və bunun nəticəsində qaçılmaz ölümdən yaxa qurtarmaqdır.
Mən məlum məsləhətə qulaq asmadım. Mənim kimi adam, çətin ki, özünü SSRİ hökumətinə xoş gəlsin deyə yöndəmsiz, üstəlik də sadəlövh siyasi tryukdan başqa bir şey olmayan yalançı məktub yazsın. Kommunistsayağı pyes yazmağa isə heç cəhd də etmədim, çünki əvvəlcədən məndə belə bir pyesin alınmayacağını gözəl bilirdim. Yazıçı iztirablarıma son qoymaq arzusu məni içimdə yetişmiş bu həqiqət dolu məktubla SSRİ Hökumətinə üz tutmağa vadar etdi.
Qəzetlərdən kəsdiyim parçalardan ibarət albomumu gözdən keçirərkən, on il müddətində SSRİ mətbuatında əsərlərim haqqında 301 rəy saydım . Onlardan cəmi üçü müsbət idi, yerdə qalan 298-i isə nifrət və təhqirlə dolu idi. Həmin 298 rəy mənim yazıçı həyatımın bu dəqiqə nə halda olduğunu göstərir.
...Mən təkcə sənədli-sübutlu SSRİ mətbuatının bütövlükdə mənə qarşı olduğunu sübut etməyə çalışmıram, elə mətbuatla bərabər teatr repertuarlarına nəzarəti təmin edən təşkilatın da, ədəbi yaradıcılığımı sürdürdüyüm bütün bu illər ərzində yekdillik və müdhiş bir həvəslə bu ölkədə Mixail Bulqakovun əsərlərinə yer olmadığını sübut etdiklərini deyirəm.
Və bəyan edirəm ki, SSRİ mətbuatı tamamilə haqlıdır.
...SSRİ-da yazıb-yaradan hər hansı satirik sovet quruluşuna təhdiddir.
Bu halda mənim kimi birisinin SSRİ-də yaşaması mümkündürmü?
...Mən artıq məhv edilmişəm.
Məhv edilməyim sovet cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanıb və "nailiyyət" adlandırılıb.
R. Pikel mənim məhvimə işarə vuraraq ("İzvestiya", 15/IX-1929-ci il) aşağıdakı liberal fikirləri dilə gətirir: "Biz bununla, heç də Bulqakov adının sovet dramaturqlarının siyahısından çıxarılacağını demirik".
Və sözlərlə darmadağın edilmiş yazıçıya hələ bir təsəlli də verir ki, "söhbət onun keçmiş dram əsərlərindən gedir".
Lakin, tezliklə Baş Repertuar Komitəsinin timsalında, R. Pikelin liberalizminin heç nəyə əsaslanmadığını gördük.
Belə ki, mən 1930-cu ilin 18 martında Baş Repertuar Komitəsindən köhnə yox, yeni pyesim "Kabala mömin" ("Molyer") lə bağlı qısa bir məktub aldım, məktubda yazılmışdı: TAMAŞAYA İCAZƏ VERİLMƏDİ.
Qısası, iki sətirlik məktubla mənim kitab anbarlarındakı əsərlərim, fantaziyam, peşəkar teatr mütəxəssisləri tərəfindən saysız-hesabsız rəylər almış - uğurlu pyeslərim dəfn olundu.
R. Pikel yanılır. Mənim təkcə köhnə əsərlərim deyil, indiki və gələcək əsərlərim də məhv olub. Və mən şəxsən öz əllərimlə iblis haqqında romanımın qaralamasını, komediyamın qaralamasını və ikinci romanım "Teatr"ın əvvəlini sobaya atıb yandırmışam.
Mənim əsərlərimin bəxti bağlanıb
...Sovet Hökumətindən xahiş edirəm mənim siyasi xadim deyil, ədəbiyyatçı olduğumu və bütün yaradıcılığımı sovet səhnəsinə bəxş etdiyimi nəzərə alsın.
Sovet mətbuatında şəxsim haqqında yayımlanmış iki rəyə diqqət çəkmək istəyirəm. Onların hər ikisi mənim yaradıcılığımın barışmaz düşmənləri tərəfindən qələmə alınıb və buna görə çox dəyərlidirlər.
1925-ci ildə yazılmışdı: "Qarşımızda hətta poputçik də olmağa yaramayan bir yazıçı dayanıb". (L. Averbax, "İzvestiya" 20/IX-1925-cı il).
1929-cu ildə isə: "Onun istedadının olması mürtəceliyi qədər göz önündədir" (R. Pikel, "İzvestiya", 15/IX-1929 )
İstəyirəm diqqətinizə çatdırım ki, yazmaqdan məhrum edilmək mənim üçün diri-diri basdırılmağa bərabərdir.
...SSRİ hökumətindən xahiş edirəm mənə arvadım Lyubov Yevgeniyevna Bulqakovun müşaiyətilə təcili surətdə SSRİ hüdudlarını tərk etmək əmri versin.
...Vətəninə faydasız bir yazıçı kimi, sovet hakimiyyətinin insanpərvərliyinə sığınaraq xahiş edirəm, məni azadlığa buraxasınız.
Əgər yazdıqlarım inandırıcı gəlmədisə və beləcə SSRİ-də ömürlük sükuta məhkum ediləcəyəmsə, onda Sovet hökumətindən məni ixtisasıma görə işlə təmin etməsini və ştatlı rejissor qismində işə göndərməsini xahiş edirəm. Mən işə götürülməyim haqqında məxsusi, aydın, qəti əmr verilməsini xahiş edirəm, çünki peşəkar mütəxəssis kimi SSRİ-yə faydalı ola biləcəyim yeganə sahədə iş axtarmaq cəhdlərim iflasa uğrayıb.
...Əgər bu da mümkün deyilsə, Sovet Hökumətindən xahiş edirəm mənimlə necə bilir elə də davransın, amma bundan öncə mənim beş pyes müəllifi, SSRİ-də və onun hüdudlarından kənarda tanınan bir dramaturq kimi bu dəqiqə, - kasıb, evsiz-eşiksiz və məhvə məhkum olduğumu nəzərə alsın.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33