Azərbaycanda özəl həbsxanalar yaradıla bilərmi?
Deputat: "Yaxşı olar beynəlxalq standartlara cavab verən müəssisələr yaradaq"
Bu günlərdə Qazaxıstanın daxili işlər naziri ölkədə özəl həbsxanalar tikiləcəyi barədə açıqlama verib. Onun sözlərinə görə, layihənin dəyəri 25 milyard təngə (160 milyon 500 min ABŞ dolları) olacaq.
Azərbaycanda da belə həbsxanalar yaradıla bilərmi?
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib ki, ölkədə özəl cəzaçəkmə müəssisələrinin yaradılması real görünmür: "Heç bunun tərəfdarı da deyiləm. Hesab edirəm məhbusların hamısı üçün cəzaçəkmə müəssisələri eyni olmalıdır. Özəl cəzaçəkmə müəssisələri yaradıb imtiyazlı, pullu adamları orada saxlamaq, təbii ki, həmin şəxsləri gələcəkdə də hansısa cinayəti törətməkdən çəkindirməyəcək. Əksinə, özəl şərait onları müəyyən qədər təhrik edə bilər.
İkincisi, qanun hamı üçün eynidir. Cəzaların icrası qanunu da hamı üçün eyni olmalıdır. Ona görə bu addımı məqsədəuyğun saymıram. Amma yenə hər şeyi zaman göstərər".
Özəl həbsxanaların digərlərindən fərqini deputat xüsusi imtiyazların mövcudluğu ilə izah edir: "Yəqin ki, belə yerlərdə fərqli qidalanma, keyfiyyətli yeməklər, rahat saxlanma yeri, fərqli texniki təminat və başqa bu kimi üstünlüklər, şəxsin öz pulu ilə müəyyən məsələləri həll etmək imkanı olacaq.
Əslində, bizim cəzaçəkmə müəssisələrində də islahat aparılır. Kürdəxanıda müasir standartlara uyğun tikilmiş istintaq təcridxanası Avropadakı birinci-ikinci dərəcəli otellərdən heç də geri qalmır. Şəkidə yeni qarışıq cəzaçəkmə müəssisəsi və istintaq təcridxanası açılıb. Ədliyyə Nazirliyində islahatlar aparılır ki, cəzaçəkmə müəssisələri qarışıq tipli və müəyyən standartlara uyğun olsun.
Yaxşı olar beynəlxalq standartlara cavab verən müəssisələr yaradaq. Əgər hansısa özəlliklərin olmasını istəyiriksə, Cəzaların İcrası Məcəlləsinə humanist dəyişikliklər edə bilərik. Məsələn, bu yaxında Milli Məclisdə məhkumların ailələri ilə görüş vaxtı və eyni zamanda telefon danışıqları iki dəfə artırıldı. Özəl həbsxanalar tikməkdənsə bu işləri bir az da artıra bilərik, məhbuslara digər imtiyazlar verə bilərik. Rəsmilərdən hansısa demişdi ki, özəl avtomobil yolları çəkiləcək. Mən belə şeylərin tərəfdarı deyiləm. Bu, cəmiyyətdə təbəqələşməyə, parçalanmaya rəvac verən işlərdir".
Xarici dövlətlərin özəl həbsxana yaratmaq təşəbbüsünü deputat belə şərh edir: "Yəqin oradakı hakimlər korrupsiyaya, rüşvətə o dərəcədə qurşanıblar ki, nə vaxtsa həmin yerlərdə yatacaqlarını bilirlər. Ona görə də özlərinə şərait yaradırlar. Bizdə isə belə hallar yoxdur. Dövlət rəhbərinin başçılığı ilə korrupsiyaya qarşı mübarizə aparılır. Odur ki, cinayət törədənlər arasında ayrı-seçkiliyə ehtiyac yoxdur".
Penitensiar Xidmətdən isə bildiriblər ki, özəl həbsxanaların yaradılması qanunvericilikdə nəzərdə tutulmayıb.
Aliyə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53