Azərbaycanda banklar istehlak kreditlərini niyə dondurdu?
12:39 12-02-2014
CƏMİYYƏT
Azərbaycanda banklar istehlak kreditlərini niyə dondurdu?
Tanınmış ekspert Mərkəzi Bankın son həmlələrinin pərdəarxası məqamlarını açıqladı
"2013-cü ili krediti bumu ilə başa vuran bank sektoru yeni ilin ilk aylarının soyuğuna tab gətirə bilmədi: kommersiya bankları, demək olar, bütün istiqamətlər üzrə fərdi kredit xəttlərini dondurdular". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov "Bank sektorunda nələr baş verir?" sualına aydınlıq gətirərkən bildirib.
O, bildirib ki, Mərkəzi Bank (MB) nikbin görünsə də, kommersiya banklarının görüntüsü bəlli deyil. V.Bayramovun sözlərinə görə, bəzi banklar kreditlərin verilməsinin məhdudlaşdırılmasından sonra hətta öz filallarının bağlanması barədə də qərar qəbul ediblər: "Təbii ki, vəziyyəti qiymətləndirmək çətin deyil: 15,0 milyard manata yaxın kredit qoyluşları 20,4 milyard manatlıq bank aktivlərin 73,5 faizini təşkil edir və deməli kreditləşmənin məhdudlaşdırılması eyni zamanda bank fəaliyyətinin limitləşdirilməsi deməkdir. Kütləvi kredit təkilf etməyən və ya edə bilməyən banklar, praktik olaraq, əsas fəaliyyətlərini həyata keçirə və deməli, ciddi gəlir əldə edə bilmirlər. Mövcud status-kov pozulmasa qısa müddətdən sonra riteyl bankçılıq ilə məşğul olan banklar ciddi ziyanla üzləşəcəklər.
Əslində son məhdudlaşdırıcı addımadək kredit faizləri ilə bağlı vəziyyət yaxşı olmaması bəlli idi: Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yox idi. Kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişirdi: baxmayaraq ki, depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşmüşdü. Amma, MB-nin son məhdudlaşdırıcı tədbirlərinin kökündə kredit faizlərinin əsas faktor olmadığı mübahisə edilmir. Sözügedən bank əslində son addımları ilə bu sektorda yeni bir şəkil cızmağa çalışır.
Təbii ki, sual yaranır: bank sektorunda nələr baş verir? Niyə, eyni gündə və bəlkə də eyni saatda bütün banklar istehlak kreditlərinin mədudlaşdırılması ilə bağlı qərar qəbul etdilər?
Mövcud qanunvericilk MB-ə belə səlahiyyət vermir
Əvvəlla, kredit qoyluşlarının məhdudlaşdırılması MB-nin 2014-cü il üçün nəzərdə tutulan inflyasiya ilə bağlı hədəflərinə çatmaq üçün etdiyi güman edilir. Doğrudur, MB kommersiya banklarına kütləvi kreditləşmənin məhdudlaşdırılmaması ilə bağlı göstəriş vermədiyini qeyd edir. Əslində mövcud qanunvericilk də MB-ə belə səlahiyyət vermir. Amma aydındır ki, baş bankda istənilən tövsiyə kommersiya bankları üçün heç bir halda qərardan az təsirli deyil.
"Azərbaycan Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında" xüsusi olaraq qeyd edilir ki, "2014-cü ildə qiymət sabitliyinin qorunmasına dəstək vermək üçün Mərkəzi Bank sərəncamında olan alətlərdən istifadə edərək zəruri anti-inflyasiya tədbirlərini həyata keçirəcəkdir. Anti-inflyasiya siyasəti yürüdülərkən inflyasiyanın tələb və xərc amilləri diqqətdə saxlanacaqdır. Pul siyasətinin makroiqtisadi siyasətlə koordinasiyası çərçivəsinin daha da inkişaf etməsi, monetar idarəetmənin empiric əsaslarının gücləndirilməsinə xüsusi diqqət veriləcəkdir". Deməli, ötən ilki "istehlak krediti bumun"dan ehtiyatlanan MB artıq 2013-cü ilin sonlarında inzibati alətlərdən istifadə edilməsini nəzərdə tuturdu.
Pul dövriyyəsinin şişməsi müşahidə edilir
Ötən ilin dekabrında enerji daşıyıcılarının qiymətlərinin artırılması iqtisadi baxımdan özünü bu ilin fevral və mart ayında yerli istehsal olunan digər məhsulların qiymətində göstərməli idi. Bu baxımdan, bir tərəfdən tənzimlənən qiymətlərdəki artım, digər yandan isə istehlak kreditlərininin kütləviləşdirilməsi hesabına pul dövriyyəsinin şişməsi MB-nin əsas hədəfində çatmaqda problem ilə üz-üzə qoyub. 2014-cü ildə bir rəqəmli infilyasiyaya nail olmaq MB üçün eyni zamanda bu bankın İdarə heyətindəki tarazlığı qorumaq baxımdan da əhəmiyyətlidir. İstehlak kreditləşməsindəki kütləvi artım inflyasiyanı bir rəqəmli səviyyədə saxlamaq ilə bağlı hədəflərə nail olmaği sual altına alır.
Digər tərəfdən, pul dövriyyəsinin şişməsi də müşahidə edilir. Bu isə infilyasının tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdırır. Belə ki, pul kütləsinin həcmi (M2 pul aqreqatı) 2012-ci ilin sonunda 13, 8 milyard manat olmuşdursa bu rəqəm ötən il ərzindən 16,0 faizdən çox artaraq 16,4 milyard manatadək yüksəlib. Banklardan kənarda nağd pul (M0 pul aqriqatı) 2013-cü ilin yekununda 10,6 milyard manata çatıb. 2012-ci ildə M0 pul aqriqatının 9,3 milyard manat olduğunu nəzərə alsaq ötən il ərzində 13,0 faizə yaxın artımın olduğu aydınlaşır. M2 pul aqreqatının infilyasının proqnozlaşdırılması üçün əsas indicator olduğunu nəzərə alsaq o zaman vəziyyət təsəvvür etmək çətin olmaz. Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 93.6 faiz olub. Beləliklə, pul dövriyyəsi ilə bağlı rəsmi rəqəmlər göstərir ki, ötən illərin bumu pul dövriyyəsini tənzimlənməsi məsələsini gündəm gətirməklə yanaşı pul artıqlığı infliyasının ciloblanmasını çətinləşdirib. Bu baxımdan, MB bankların pul təklifini idarə etməklə pul dövriyyəsini tənzimləmək və inflyasiyanı məhdudlaşdırmağa çalışır.
MB rəsmi pul-kredit
siyasətində elan
olunan hədəflərini
reallaşdırmağa çalışır
İkincisi, MB istehlak kreditlərinin kütləviləşməsinin bank sektorundakı mövcud tarazlığı pozmasından narahatdır. Belə ki, ötən il bank sisteminin aktivlərində 22%, kredit qoyuluşlarında isə 25% artım olmuşdur. Dövr ərzində regionlara yönəlmiş kreditlərin həcmi 31%, özəl sektora kreditlər isə 25% artmışdır. Bankların kredit portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi 79%-ə yüksəlmişdir. İstehlak kreditlərinə yüksək tələbat müsahidə olunmuş, istehlak kreditləri 37%-ə yaxın artmışdır.
Praktik olaraq, ötən ilinin yekunlarını qiymətləndirən MB öz pul kredit siyasətində də istehlak kreditləşməsinin tənzimlənməsini hətra dolayı deyil birbaşa hədəfləyirdi. MB öz siyasətində qeyd edirdi ki, "Bank sekorunda artımın keyfiyyət parametrləri izlənəcək və sektorial diversifikasiya ümumi iqtisadiyyatın inkişaf trayektoriyasına uyğunlaşdırılacaqdır. Bu çərçivədə ayrı-ayrı kredit məhsullarının, o cümlədən istehlak kreditlərinin artım dinamikasının risk təhlillərinə xüsusi önəm veriləcək. İstehlak kreditləri üzrə risklərin preventiv tənzimlənməsi mühüm prioritet olacaqdır. Ümumən, bankların kredit aktivliyinin iqtisadi tsikldə optimal rolunun təmin olunması daim qiymətləndiriləcək.
Formalaşmış kredit portfelinin keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə tədbirlər gücləndiriləcəkdir. İtehlak kreditləri üzrə yüksək "leverecləşmə"nin qarşısının alınması məqsədilə əhalinin ödəniş qabiliyyəti və istehlak kreditləşməsi arasında tarazlığın qorunması üçün yeni tənzimləmə tələbləri müəyyənləşdiriləcəkdir. Kreditləşmədə "borcun gəlirə" nisbəti əmsalı tətbiq ediləcək və Mərkəzi Bank tərəfindən bu əmsal üzrə maksimum hədd müəyyən ediləcəkdir".
Əslində, MB rəsmi pul-kredit siyasətində elan olunan hədəflərini reallaşdırmağa çalışır: kredit təklifi məhdudlaşdırılır, sərt qaydalar müəyyənləşdirlir və riteyl müştərilərin sayı azaldılır.
Banklar tərəfindən verilən 14,9 milyard manatlıq kreditin 38,6 faizini istehlak kreditləri təşkil edir. Hazırda hər 1000 manatlıq kreditin 400 manatı istehlak kreditinin payına düşür. Bu baxımdan Mərkəzi Bank arayışsız verilən istehlak kreditlərin verilməməsini tövsiyə edir. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə istehlak krediti ümumi kreditin 20%-dən çoxunu təşkil etmir. Bu baxımdan ölkədəki göstəricilər kifayət qədər böyük göstəricilərdir. Nəzərə alsaq ki, 1,7 milyon Azərbaycan vətəndaşı banklardan kredit götürüb, bu kifayət qədər böyük göstəricidir. Bankların pramida prinsipi ilə istehlak kreditləri paylaması nəzərə aldıqda əslində istehlak kreditləşməsinin bu templə davam etməsi nəticədə riteyl banklar üçün yeni böhran mərhələsinin əsasını qoya bilərdi.
Üçüncüsü, MB kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması tövsiyəsini verməklə onları biznes kreditlərinin həcminin artırmağa çağırıb. MB "Banklarda kreditlərinin verilməsi qaydaları" 2008-ci ildə qəbul edilmiş və 2010-cu ildə dəyişikliklər edilən sənədə əsasan kommersiya banklarına gəlirliyi olmayan müştərilərə kreditlərinin verilməsini qadağan edir. Bu qaydanın mövcud qanunvericiliyi nə dərəcədə zidd olub-olmaması problemin başqa tərəfidir, məsələ ondadır ki, MB bu qaydaya əsaslanaraq bankları biznes kreditlərinin verilməsinə istiqamətləndirə bilir".
(ardı sabahkı sayımızda)
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33