Deputat oğlunun bahalı maşınları üzə çıxdı
15:06 13-02-2014
İQTİSADİYYAT
Deputat oğlunun bahalı maşınları üzə çıxdı
Elton Məmmədov: ”Burada söhbət oğlumdan deyil, Elton və
Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər”.
Son illər ölkədə arzuolunmaz bir tendensiya müşahidə olunmaqdadır. Belə ki, məmurlar, məmur övladlarının cəmiyyətə bir biganəliyi, aşağılamaları hiss olunmaqdadır. Hətta buna görə Quba, İsmayıllı kimi hadisələr baş verdi, bir neçə nəfər özünü yandıraraq intihar etdi. Bütün bunlara isə ən sərt reaksiya prezident İlham Əliyevdən gəldi. O, açıq şəkildə bəyan etdi ki, harınlamış, insanlara yuxarıdan aşağı baxan məmur və məmur övladları layiqli cəzalarını alacaqlar. Məhz bundan sonra həqiqətən də mühüm post sahibləri məhz bu əməllərinə görə ciddi şəkildə cəzalandırıldılar. Amma deyəsən bu çağırış bəzi məmur və məmur övladları tərəfindən hələ də eşidilmir. Buna görə də prezident İlham Əliyev son müşavirədə bir daha bu mövzuya toxunaraq son xəbərdarlığını etdi. Amma xəbərdarlığın üstündən bir neçə gün keçməmiş növbəti acınacaqlı və insanları qıcıqlandıran hərəkət nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Quliyevin oğlu Aynar Məmmədovdan gəldi. Virtualaz.org saytının xəbərinə görə, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədov sosial şəbəkədəki şəxsi səhifələrində təzəcə aldığı bahalı maşınlarını,qol saatlarının şəkilini yerləşdirib. Bunlar nədən ibarətdir? Bura dünyanın aşağıda adları sadalanan ən bahalı, sürətli və dəbdəbəli avtomobil markaları daxildir:
- “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir);
- “Mercedes CLS 63” (72 min dollar);
- “Grand Cherokee” (60 min dollar);
- “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır);
- “Maserati” (ən sadə modeli 65 min dollardır).
Xəbərin yayılmasından sonra deputat Elton Quliyev və oğlu açıqlama ilə çıxış etdilər. Deputat iddia etdi ki, bu maşınlar onun oğluna məxsus deyil:-“Kimsə gedib hər hansı ölkədə istirahət edən zaman, avtomobillə safariyə çıxan zaman çəkdirdiyi fotoları necə özünküləşdirmək olar? Əgər mənim oğlumun elə maşınları varsa, yalançının atasına lənət olsun?
O qeyd edib ki, oğlu safaridə istirahət edən vaxt o fotoları çəkdirib.“Sən kimsən ki, o fotoları yayırsan? Əgər sən normal jurnalistsənsə, əvvəlcədən yoxla o maşınları, öyrən, gör, ümumiyyətlə, Azərbaycanda belə bir maşın varmı? Əgər sən bunun hüququ bazasını yoxlamaq istəyirsənsə, o zaman gömrük orqanlarına müraciət edib öyrənə bilərsən.
Digər tərəfdən isə mən Sovet İttifaqı dövründən bizneslə məşğul olan adamam. Mən indi müasir və inkişaf etmiş Azərbaycanda öz oğluma normal maşın ala bilmərəm? Mənim oğlumun avtomobilinin dəyəri 100 min manatdan aşağıdır.
Ancaq hansısa xarici ölkədə bahalı maşınla foto çəkilib, bunu götürüb yazırlar ki, filankəsin 500 minlik maşını var və sairə.
Burada söhbət oğlumdan deyil, Elton və Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər. Ancaq Allah da bilir ki, mən və qardaşım dövlətçiliyə və millətə xidmət edən adamlarıq.
Bu cür yazıları yazanlar bizi gözü götürməyən, xalq və dövlətə zərrə qədər xeyr vermək istəməyən insanlardır. Bu cür adamların imkanları olanda belə ancaq özləri üçün çalışırlar. Mən onları Allaha tapşırıram. Allah onların cəzasını verəcək”.
Atasından sonra Aynar Məmmədovda açıqlama ilə çıxış etdi:-“ Mənim “İnstagram”da fəaliyyətimlə bağlı atamın və ya əmimin adının hallandırılması doğru deyil. Haqqımda yazılanların da heç bir əsası yoxdur .Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur”.
A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: “Fotoların bəzisi mənim “İnstagram”səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm”.
Amma sayt iddia edir ki, bunlar deputat oğluna məxsusdur. Hesab edilir ki, bu maşınların hər birinin dövlət nömrə nişanında 100 rəqəmi var. Bu nömrə də Aynarın sevimli nömrəsidir. Nömrəsində 100 rəqəmi olan “BMW M5” markalı dəbdəbəli maşın onun İnstagram səhifəsində tez-tez gözə soxulur. Ona görə də “bunlar Aynarın ola bilməz” şübhələri əsassızdır. Yeri gəlmişkən, “BMW M5” dünyada ən sürətli maşınlardan sayılır. O, saatda 100 km məsafə sürətini 4,7 saniyəyə yığır. Aynar bala Bakıda gəzintiyə bu maşınla çıxır...
Yeri gəlmişkən, bu maşının “F10” modeli nisbətən “ucuzdur” - 150 min dollar. Aynar Məmmədov məhz bu modelin sahibidir. Ən maraqlısı da odur ki, deputatın oğlu, nazirin qardaşı oğlu bu dəbdəbəli əyləncələri özünə vətəndaşı 200 manat pensiya ucbatından özünü yandıran bir ölkədə rəva görür.
Xəbərlərdən belə məlum olur ki, Birləşmiş Ərəb Əmirliklərində “Lamborghini Avendator P700-4” markalı maşınında kefikök halda gəzib dolaşan Aynar Məmmədov onu nəhayət ki, Bakıya gətirmək qərarına gəlib. Məsələ burasındadır ki, dostları onun belə bir əfsanəvi maşınının olmasına inanmayıblar. Uşaq da dediyini sübuta yetirib...
Amma təkcə maşınlar da deyil. Deputat oğlunun qiyməti on minlərlə dollarla ölçülən bahalı saatları və ətriyyatı da var. Onların hamısı xüsusi sifarişlə hazırlanıb. Hamısının da üstündə bu ərköyün və zəngin müştərinin adı həkk olunub.
Razılaşın ki, “Dior”, “Fendi”, “Yves Saint Laurent” kimi məşhur brendlər artıq çox “darıxdırıcı və bayağı”dır. Aynar balanın isə incə zövqü varmış. Buna görə də deputat balası üçün hətta ətriyyat da ərəblərin dəbdəbəli “Hindal Oud” parfümeriya fabrikində xüsusi sifarişlə hazırlanır. Bu ətirlərin ən böyük müştərisi Yaxın Şərqin zəngin şeyx və şahzadələridir. Bəs Aynar Məmmədovun onlardan nəyi əskikdir ki?!
Cənab Məmmədovun incə zövqü özünü geyim-geçimdə də göstərir. O, paltarları yalnız bahalı “Emiland” markasından sifariş edir.
Vaxt amili, daha doğrusu, zamanın qol saatlarındakı inikası da Aynar Məmmədovun həyatında vacib yerlərdən birini tutur. Gənc yeni azərbaycanlının qolunun yaraşığı “Bovet”, “Harry Winston” kimi zavodlarınən bahalı məhsulları, həmçinin “BMWM5”-nin kolleksiya variantıdır. Virtualaz.org saytının araşdırması göstərir ki, bu saatların qiyməti isə 60 min dollardan başlayıb 240 min dollarda qurtarır. Həmçinin bildirilir ki, verilən təkzib açıqlamalarında dəyəri yüz minlərlə manat olan ətrlər və saatlar haqqında isə bir kəlmədə olsa söz deyilmir. Bu isə yazılanların həqiqət olduğunu sübut edir.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53