Ölkədə partlayışlar dalğası: 5 nəfər ölüb, yaralılar var
Ölkədə partlayışlar dalğası: 5 nəfər ölüb, yaralılar var

Hadisələrdən ikisi qaz sızması nəticəsində baş verib

Dünən gözümüzü təzəcə açmışdıq ki, elektron saytlar Bakının Binəqədi rayonunda baş vermiş partlayış barədə məlumat yaydı. Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, partlayış nəticəsində 13 saylı sərnişin avtobusunun bir yanı tamam dağılıb. Digər 148 saylı avtobusa da zərər dəyib. Partlayışdan sonra kafedə yanğın baş verdiyi də bildirilir. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun qarşısını ala bilib. İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Dünən paytaxtda daha bir dəhşətli partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Bakının Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində dəhşətli partlayış baş versə də, yanğın oımayıb. Partlayış nəticəsində orada çalışan 25-30 yaşlarında fəhlə ölüb. Həmin fəhlənin Şahmar Orucov olduğu bildirilir.
Partlayış nəticəsində xəsarət alan digər usta Həsrət İmamveriyev isə aparıldığı Nevrocərrahiyyə xəstəxanasında dünyasını dəyişib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib".
Bundan başqa, 1986-cı il təvəllüdlü Turab Həşimov müxtəlif xəsarətlərlə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Ötən gün saat 10:00 radələrində Bakının Yasamal rayonunda mənzildə də partlayış baş verib. Daxili İşlər nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə Bünyadzadə küçəsi, ev 15-də yaşayan Məşdi Səmədova məxsus mənzilin mətbəxində qeydə alınıb. Partlayışın qaz balonunun sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində mətbəxin asma tavanı və pəncərəsi dağılıb. Qırıntılar həyətdə saxlanılmış Arif Rəsulova məxsus "KİA" markalı və İsmayıl Mayılova məxsus "Mitsubishi" markalı avtomobillərin üstünə düşüb. Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb.
Dünən daha bir partlayiş Biləsuvarda baş verib. Hadisə saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə "Kimya Birliyi" kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu "KamAZ" markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Toğrul Əliyev