Bilgəhdə ahıllara qarşı bespredelik
13:53 14-02-2014
İQTİSADİYYAT
Bilgəhdə ahıllara qarşı bespredelik
Köçürülmə zamanı əlil və tənha insanların əşyalarını götürməsinə də şərait yaradılmayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında dünən qalmaqal yaşanıb. Belə ki, müəssisənin müdirəsi Qətibə Əsədova səhər saatlarında iclas keçirib və 40 nəfərin pansionatdan təcili çıxarılacağını deyib. Bunu pansionatdan dünən köçürülən əlillər bildiriblər. Xəbəri "Tibb Müəssisələrində İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası" İctimai Birliyinin rəhbəri Əhməd Rəhmanov da təsdiqləyib.
Ə.Rəhmanov deyib ki, köçürülmə zamanı əlil və tənha insanların əşyalarını götürməsinə də şərait yaradılmayıb: "Avtobus gətirilib və aralarında əlil, qoca, tənha insanlar da olan 40 nəfər yola salınıb. Onlara deyiblər ki, sonra özünüz maşın gətirib əşyalarınızı götürərsiniz. Bu insanların yük daşımağa nə maddi imkanı, nə də fiziki gücü var. Onların bu pansionatda qalmaları qanunsuz ola bilər. Amma daha dustaqlar kimi köçürülmələrinə nə ehtiyac vardı?"
Birlik rəhbəri qeyd etdi ki, həmin şəxslərin əksəriyyəti Mərdəkan qəsəbəsində yerləşən "Göyərçin" sanatoriyasına köçürülüb: "Bir neçə nəfər isə Buzovnada yerləşən ruhi-əsəb problemləri olanlar üçün pansionata göndərilib. Rusiya vətəndaşı, I qrup Qarabağ əlili Yevgeni Mamo da bu pansionata yerləşdirilib. Halbuki onun psixi problemi yoxdur. Yevgeni Rusiyadan Qarabağda döyüşməyə gəlib, ailəsi onun sağ olduğunu bilmir. Azərbaycanı sevən Rusiya vətəndaşını - Qarabağ əlilini yerləşdirmək üçün daha rahat şəraiti olan bir yer tapılmayıb. O, özü ilə əşyalarını apara bilməyib. Psixoloji problemləri olanlar üçün pansionat qapalı müəssisədir, telefonla danışmağa icazə verilmir".
Qeyd edək ki, Bilgəhdəki müharibə və əmək əlilləri pansionatının direktori Qətibə Əsədova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı. Müəssisə rəhbəri zənglərə cavab vermədi. Lakin pansionatdan da bu xəbəri təsdiqlədilər. Özünü müəssisənin mühafizəçisi kimi təqdim edən şəxs adını söyləməkdən imtina etsə də deyilənlərin doğru olduğunu bildirdi: "Dünən nazir Səlim Müslümov pansionata gəlmişdi. Burada qanunsuz yaşayanlarla görüşdü və onların təcili köçürülməsini tapşırdı. Biz də nazirin əmrini yerinə yetirdik. Pansionatda qadınlar 60, kişilər isə 63 yaşından sonra qala bilərlər. Köçürülənlər isə cavanlar idi".
Mərdəkandakı sanatoriyadan isə dedilər ki, gələnlər üçün otaq ayrılıb: "Onlar yerlə təmin ediləcəklər. Heç kim küçəyə atılmayacaq".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən virtualaz.org saytına məsələ ilə bağlı artıq açıqlama yaydıqlarını dedilər. Nazirliyin yaydığı açıqlamada isə bildirilir ki, nazir Səlim Müslümov Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) dövlət himayəsində yaşayan tənha ahıl və əlillərin yaşayış şəraiti və onlara göstərilən xidmətin vəziyyəti ilə yerindəcə tanış olub: "Bilgəhdəki pansionatda hazırda 155 nəfər tənha ahıl və əlil dövlət himayəsində yaşayır. Pansionatda əsaslı təmir işləri aparılmaqla pansionat üçün ikinci korpus inşa edilib və prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Pansionatın sakinləri ilə görüşən Səlim Müslümov bu sosial xidmət müəssisəsində mövcud şəraitlə bağlı onların rəylərini öyrənib. Görüş zamanı ahıl yaşdan daha aşağı yaşda olan və pansionatın təyinat profilinə uyğun olmayan şəxslərin də əvvələrdə pansionata yerləşdirildiyi nazirin diqqətinə çatdırılıb. Müslümov problemlə tanış olduğunu, yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulan bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanların da məskunlaşdırıldığını qeyd edib. Halbuki həmin insanlar təyinatı üzrə müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməlidir.
Artıq pansionata yeni rəhbərin təyin edildiyini və əvvəllər yol verilmiş belə nöqsanların aradan qaldırılacağını, hər bir sosial xidmət müəssisəsinin öz təyinatı üzrə fəaliyyət göstərməli olduğunu deyən Səlim Müslümov pansionatın profilinə uyğun olmadan burada yerləşdirilən 16 nəfərin nazirliyin tabeliyində olan digər sosial xidmət müəssisələrində yerləşdiriləcəyini və onların hər birinin bundan sonrakı həyat şəraitlərinin diqqətdə saxlanılacağını, eyni zamanda onların arasında əlilliyi olan şəxslərin sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası mərkəzində peşə reabilitasiyasına cəlb olunacağını bildirib".
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20