Daxili bazar üçün həyəcan siqnalı
13:58 14-02-2014
CƏMİYYƏT
Daxili bazar üçün həyəcan siqnalı
Qusarda almalar, Göyçayda xurmalar çürüyür...
Neft gəlirlərinin tədricən azalması qeyri-neft sektoruna diqqətin daha da artırılmasını tələb edir. Başqa çıxış yolu da yoxdur. Çünki sənaye sektorunun lazımi səviyyədə və rəqabətə davamlı şəkildə inkişaf etdirilməsi üçün onilliklər tələb olunur. Dövlət büdcəsinin gəlirlər hissəsi isə “səbir” etmir.
Bununla belə görünən budur ki, qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafı ölkədəki müəyyən dairələrin marağında deyil. Belə ki Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Mehman Mehmanov prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsində investisiyalarla bağlı ciddi problemlərin olması barədə tənqidinə münasibət bildirərkən deyib: “Kənd Təsərrüfatı bu saat çox ağır, acınacaqlı vəziyyətdədir. Biz sadəcə problemi qaldıra bilirik. Kreditlərin uzunmüddətli verilməsi əksərən təmin olunmur”.
Konfedrasiya rəsmisi qeyd edib ki, fermerlər məhsul istehsal etsə də, onu satışa çıxara bilmir: “Qusarda almalar, Göyçayda xurmalar çürüyür, insanlara nə qədər ziyan dəyir”.
Bəs daxili bazarı mafiyalardan qorumaq üçün hansı tədbirlər görülməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Unikal”a dediyinə görə, “Respublikanın prezidenti yanvarın 16-da daxili bazarın tənzimlənməsi ilə bağlı sərəncam imzalayıb və bu sənəd çox önəmlidir. Lakin icra strukturları sənəddəki göstərişlərin icrası üçün effektli şəkildə işləyə bilmədiyindən və yaxud bunu istəmədiklərindən vəziyyət əvvəlki kimi qalır. Bazarın əksər seqmentlərində inhisarçılıq Azərbaycanda istehlak qiymətlərinin yüksək olmasının əsas səbəblərindən biridir”.
Hüseynovun sözlərinə görə, araşdırmalar istehlakçıların maraqlarının qorunması ilə bağlı hökumətin siyasətinin zəif olduğunu təsdiqləyib. Belə ki, istehlak bazarında qiymətlər süni şişirdilib. Bütün dünyada qlobal böhranın hökm sürdüyü dövrdə qiymətlər kəskin şəkildə aşağı düşüb, Azərbaycanda isə bu baş verməyib. Azərbaycanlı iş adamları "bu fərqdən" yaxşı qazanıblar.
Biznesmenlərdən qanunsuz pul yığılmasına toxunan Hüseynov qeyd edib ki, sahibkarların iki yolu var: ya öz hüquqları uğrunda mübarizə aparmalı, ya da rüşvət verməlidirlər. "Onlar ikincisini, daha əlverişli yolu seçirlər, lakin bu, malların qiymətlərinin artmasına aparır. Sonda istehlakçılar uduzur. Odur ki, istehsalçılar özləri fəal olmalı, öz hüquqlarını tələb etməlidirlər.
Hüseynov deyir ki, ölkəyə keyfiyyətsiz malların gətirilməsi faktına dövlət qurumlarının çevik reaksiya mexanizmi yoxdur: "Ticarət şəbəkəsindəki malların 80%-i sertifikatlaşdırılmayıb və ümumilikdə sənədləri yoxdur. Alıcıların aldadılması praktikası geniş yayılıb".
Hüseynov ölkə prezidentinin 31 may 2005-ci il tarixli fərmanının icra olunmadığını qeyd edib. Fərmana əsasən, malların gömrüyə qədərki və daxili bazardakı qiymətləri barədə məlumat verilməlidir. Yalnız bir dəfə bu məlumat açıqlanıb və məlum olub ki, malın ölkəyə gətirilməzdən əvvəlki qiyməti və bazarda satış qiyməti arasında fərq 6-7 dəfə artmış olur.
Gömrük problemləri üzrə ekspert Zaur Bağırovun “Unikal”a açıqlamasına görə, “Günü-gündən artan istehsal həcminin kontekstində daxili bazarın qorunmasında dövlətimizin tətbiq etdiyi tarif və qeyri-tarif tənzimlənməsi öz ağırlığını tarif tənzimlənməsinə verməlidir. Belə ki, bu, milli pul-kredit siyasətinin aparılmasına yardımçı olmaqla, valyuta nəzarəti işinə də dəstək olmuş olar. Əlavə olaraq dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasına xidmət etməklə yerli eyniadlı istehsal məhsullarının xarici analoji məhsulların dempinqindən qorumuş olmaqla, istehlakçının daha ucuz və daşınması, saxlanılması üçün heç bir vaxt sərf edilməyən yeni istehsal olunmuş yerli məhsullara yönəlməsinə səbəb olar. Qeyri-tarif tənzimlənməsinin azaldılması isə Ümumdünya Ticarət Təşkilatına üzvlük yolunda növbəti addım olmaqla, azad bazar iqtisadiyyatı kimi əhəmiyyətli yol tutan dövlətimiz üçün mühüm iqtisadi imic faktoru olar. Lakin bu, qeyri-tarif tənzimlənməsindən imtina üçün əsas olmazdı. Belə ki, dünya təsərrüfatına tam inteqrasiya proseslərini başa çatdırmadan, istehsal texnologiyalarını tam yeniləmədən, əhatəli və keyfiyyətli xarici iqtisadi əlaqələr qurmadan, mövcud əlaqələrin səviyyəsini artırmadan bu tənzimləmə metodundan imtina etmək olmaz. Əlavə olaraq daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişaf etdirilməsi, şaxələndirilməsi, yerli istehsalın artırılması da tam anlamında bir doğma xarakteri daşımamalı, bu istiqamətdə də prioritetlər müəyyən edilməli, onların ixrac qabiliyyətliliyi, rəqabət qabiliyətliliyi artırılması yönündə əlavə addımlar atılmalı, iqtisadi və inzibati təşviq sistemi yaradılaraq müəyyən olunmuş istehsal sahəsi iqtisadi inkişafın prioritet məhsulu, yaxud fəaliyyət sferası halına gətirilməlidir”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19