Milli rəngarəngliyin doğmalıq çalarları
14:00 14-02-2014
CƏMİYYƏT
Milli rəngarəngliyin doğmalıq çalarları
Millətlərarası münasibətlərin Azərbaycan modeli etalon kimi qəbul edilə bilər
Hazırda Azərbaycanda bütün xalqların və etnosların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, Azərbaycan dövlətinin, xalqının böyük nailliyyətidir, uğurudur. Bəzən bizə elə gəlir ki, bu hər yerdə, dünyanın hər bir guşəsində belədir, belə olmalıdır. Amma belə deyil, hər yerdə heç də bizdəki kimi deyil. Çox ölkələrdə dini və milli-etnik zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir. Azərbaycanda isə bütün dinlərin və millətlərin nümayəndələri qardaşlıq, mehribanlıq atmosferində yaşayıb birgə fəaliyyət göstərirlər. Artıq bütün bunlar mütləq tendensiyaya, gözəl bir ənənəyə çevrilib. Azərbaycan millətlər və dinlərarası münasibətlərdə o qədər həssas ölkədir ki, bütün baş verənlərə baxmayaraq, ölkəmizdə yaşayan xalqlara qarşı heç bir təzyiq və təhdid göstərmir, onların dinc, mehriban, qostluq və qardaşlıq şəraitində yaşamaları üçün bütün imkanları yaradır. Məhz buna görə də dünyada millətlərarası münasibətlərin Azərbaycan modeli etalon kimi qəbul olunmalıdır.
Tanınmış kinorejissor, Azərbaycan kinosunun korifeylərindən olan Şeyx Əbdül Mahmudbəyovun “Unikal”a söylədiyinə görə, “XX əsrin sonunda qanımız bahasına əldə etdiyimiz dövlət müstəqilliyimiz Azərbaycanda yaşayan bütün xalqların – türklərin, talışların, ləzgilərin, avarların, kürdlərin, ingiloyların, udinlərin, rusların, yəhudilərin ümumi sərvətidir. Bu gün dünya mədəniyyətləri içində öz yerini layiqli şəkildə tutmuş Azərbaycan musiqisi, ədəbiyyatı, kinosu, rəssamlığı, heykəltəraşlığı və ədəbiyyatı da bu xalqların ümumi sərvətidir. Dağlıq Qarabağ uğrunda gedən savaşlarda sadaladığım xalqların hamısı şəhidlər verib. Deməlıi, biz eyni taleyi yaşayırıq, eyni musiqiyə qulaq asırıq, eyni mətbəxin təamlarından dadırıq. Biz eyni bir xalq və eyni bir cəmiyyətin övladlarıyıq. Böləcək heç nəyimiz yoxdur və hər şeyimiz ümumidir. Ölkəmizdə tarixən bu xalqlarımızın arasında heç bir zəmində nifaq və yaxud qarşıdurma olmayıb və inşaalah, bundan sonra da olmayacaq”.
Kinorejissorun sözlərinə görə, “Sinaqoqumuzda ibadət edən yəhudimiz də, kilsəmizdə dua edən rus qardaşımız da, məsciddə namaz qılan ləzgimiz, kürdümüz, talışımız, türkümüz – hamısı sidq-ürəkdən Allaha sığınırsa, belə bir İlahi birliyi kim dağıda bilər? Yadellilər Azərbaycanın başı üzərində çox qara yellər əsdiriblər, başımıza çox müsibətlər gətiriblər. Lakin ölkəmizdə zaman-zaman məskunlaşmış bütün xalqlar birləşərək bu məşəqqətlərə sinə gəriblər. Bizi tariximiz, taleyimiz, inanclarımız və Vətənimiz birləşdirib, qaynaşıb qarışmışıq. Bir-birimizə qız verib qız almışıq. Bizi heç kim ayıra bilməz”.
Lakin bütün bunlara baxmayarq, Azərbaycandakı tolerantlığı, millətlər və dinlər arasındakı dözümlülüyü və həmrəyliyi gözü götürməyən qüvvələr də yox deyillər. Son zamanlar bəzi Avropa ölkələrində, ələlxüsus da Rusiyada baş verən proseslər bizi ciddi düşünməyə vadar edir. Bu ölkələrin maraqlarını nəzərə alaraq Azərbaycana yönəlik mənfi tendensiyalara həmin ölkələrdə yaşayan və əslən Azərbaycandan olan azsaylı xalqların nümayəndələrinin heç bir məntiqə sığmayan anti-Azarbaycan çıxışlarına heç cür haqq qazandırmaq mümkün deyil.
Vəhdət Partiyasının sədri Tahir Kərimli “Unikal”a açıqlamasında bildirdi ki, “Ölkədəki millətlərarsı münasibətləri şərh edərkən iki aspekti xüsusi vurğulamaq lazımdır. Birincisi ondan ibarətdir ki, bizdə həqiqətən də ənənəvi tolerantlıq mühiti var və dini-etnik azlıqların rəngarəngliyi həmişə qorunub saxlanıb. Məsələnin ikinci tərəfi isə budur ki, bəzən bu yöndə formal addımlar atılıb və yaxud proseslərin üstü örtülüb. Məsələn, Azərbaycandakı ermənilərin separatizmi barədə hətta sovet dövründə söhbətlər gəzib dolaşırdı, amma bu söhbətlər dərhal ört-basdır edilirdi. Ermənilər hələ sovetlərin dönəmində Bakıda terror aktları törətmişdilər. Azərbaycan dünyada yeganə dövlət idi ki, burada heç zaman məzhəblərarsı, millətlərarası ədavət baş verməmişdi. Bunu başlayan ermənilər oldu. 1912-ci ildə Azərbaycanın və Güney Qafqazın bütün bölgələrindən din təmsilçiləri Bakıya dəvət edilir və hər kəs əlini Qurani-Kərimə basıb and içir ki, ölkədə dini və milli zəmində qarşıdurmalara imkan verməyəcək. Sovetlərin zamanında Bakı keçmiş SSRİ-də ən beynəlmiləl şəhərlərdən biri sayılıb. Hətta “Bakı milləti” adlı bir ifadə də ortalığa çıxmışdı. 19923-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə ölkədə milli azlıqların hüquqlarının müdafiəsi barədə tədbirlər görülüb. Hazırkı konstitusiyamız və mərhum prezident Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası millətlərarası münasibətlərin tənzimlənməsində son dərəcə mühüm rol oynayır. Heç kim deyə bilməz ki, ölkədəki milli azlpıqlara qarşı repressiv metodlardan istifadə edilir və yaxud onlar sıxışdırılır. Lakin müəyyən beynəlxalq qüvvələrin Azərbaycana bu baxımdan bəzi yanaşmaları qəbuledilməzdir. Əgər Avropa Şurasında Dağlıq Qarabağ problemi müzakirə edilirsə, nə üçün bu tədbirə Azərbaycanda yaşamayan və Rusiya vətəndaşı olan talışlar da dəvət edilir? Görünür, Avropada bəzi güclər bizə yardım olmaq əvəzinə Azərbaycanda millətlərarası münasibtləri gərginləşdirməkdə daha çox maraqlı görünürlər”.
Ölkəmizdəki millətlərarası münasibətlərin ahəngdar durumu xalqımızın ümumi milli-mənəvi dəyərlərinə söykənməklə həm də gündəlik yaşam tərzinə çevrilib. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa “Unikal”a verdiyi açıqlamada bildirir ki, “Ölkədəki milli azlıqların hüqularının qorunması ilə bağlı ciddi problemlər yoxdur. Problem varsa, o da dinindən və milli mənsubluğundan asılı olmayaraq vətəndaşlarımızın sosial hüquqlarının təmin edilməsində müəyyən müşküllər və var və biz bunu dəfələrlə vurğulamışıq: ölkədə insan haqları problemi var. Bölgədən asılı olmayaraq hər bir vətəndaşımız məmurardan və yaxud hökumətin hansısa strukturundan narazılıq edə bilər və belə faktlar istənilən qədrdir. Lakin milli və yaxud etnik mənsibiyyətə görə diskriminasiya faktları qeydə alınmayıb. Milli zəmində yalnız və yalnız başqa ölkələrin yönləndirməsi ilə problemlər yarana bilər. Bu məqamda isə cəmiyyətimiz kifayət qədər diqqətli olmalıdır ki, təxribatlara uymasın”.
Millət vəkilinin sözlərinə görə, “Əyalətlərdə etniklərin mədəni hüquqlarının daha geniş şəkildə qorunması, doğma dillərində təhsil almaları üçün şərait yaradılmalıdır. Dünyada Azərbaycanla bağlı problemlər yaratmaq istəyən qüvvələr Avropa Şurasında talış məsələsini qaldırmğa cəhd göstərdilər. Amma bu təxribat ayaq tutub yeriməyəcək. Çünki Azərbaycanda talış xalqının bütövlükdə cəmiyyətimizlə elə bir inteqrasiyası var ki, bunu ayırmaq mümkün deyil. Bu istiqamətdə çalışanlar uğur qazana bilmirlər. Necə ki bir neçə il öncə yenə belə bir cəhd göstərdilər, amma baş tutmadı”.
Bu birt faktdır ki, dünyanın bütün millətləri XX-XXI əsrlrdə tam şəkildə özünüdərk və gerçəkləşdirmə mərhələsinə qədəm qoyublar. Bu mərhələnin ən xarakterik cəhəti milli kimliyin əlahiddə şəkildə deyil, digər xalqlarla üzvi bağlılıq halında dərk edilməsidir. Bu baxımdan yanaşarkən Azərbaycan modeli olduqca maraqlı nümunələr sərgiləyir. Dünyanın iudaizm, xristianlıq, İslam kimi böyük dinlərinin normal şəkildə yayıldığı və onlarla müxtəlif xalqın yanaşı güzəran keçirtdiyi Azərbaycandakı milli tolerantlıq spesifikliyi ilə diqqəti cəlb edir.
Millət vəkili İqbal Ağazadənin “Unikal”a söylədiyinə görə, “Azərbaycanda mövcud olan millətlərarası münsibətlər sistemi həm ümumən regionda, həm də daxil olduğumuz Avroatlantik məkanında ən yaxşılarından biridir. Qəti şəkildə bildirmək mümkündür ki, Azərbaycanda milli zəmində heç zaman problem olmayıb və olmayacaq da. Bir çox Avropa dövlətləri milli tolerantlıq baxımından Azərbaycandan nümunə götürə bilər. Bunu Avropadan, Asiyadan və Amerikadan ölkəmizə gələn diplomatlar və siyasətçilər, dövlət və hökumət başçıları da etiraf edirlər. Buna görə də bir sıra xarici kəşfiyyat qurumları müxtəlif yollarla Azərbaycandakı xalqlar aarsıənda nifaqlar törətməyə çalışsalar da, onların cəhdləri uğursuzluqla başa çatır.”
Millət vəkilinin sözlərinə görə, “Bununla belə, hesab edirəm ki, ölkəmizdəki xalqlara münasibətdə bir xətaya yol verilir. Bu da ölkədəki hər bir xalqın dəqiq sayı ilə bağlıdır. Bu məsələyə yanaşmada hər iki tərəfdən ifrat qütbləşmə müşahidə olunur. Separatçılığıa meylli olan birisi deyir ki, “Ölkədə bizim sayımız üç yüz və yaxud beş yüz mindir”. Bəzən bu rəqəmi bir milyona qaldıranlar da olur. Faktı rəsmi şəkildə olduğu kimi açıqlamaq lazımdır ki, heç kim bu zəmində spekulyasiyaya əl atmasın. Fakt dəqiq bilinsə, bundan nə ölkəyə ziyan gələr, nə də cəmiyyətə”.
Digər Xəbərlər
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27