20 milyon manatlıq "lift büdcəsi" necə xərclənir?
12:12 15-02-2014
İQTİSADİYYAT
20 milyon manatlıq "lift büdcəsi" necə xərclənir?
Absurd: liftlərin dəyişdirilməsinə ayrılan vəsait də artır, lift qəzaları da!
Azərbaycanda ardı-ardına liftlərdə ölüm barədə xəbərlər gəlməyə başlayıb. Məzmun da təxminən eynidir - bina sakini liftin şaxtasına düşərək dünyasını dəyişir. 2013-cü ildə Bakı sakinləri Sərdar Səlimov və Ceyhun Hacıyev də, 2012-ci ildə Gəncədə ticarət mərkəzinin liftində qəzaya uğramış 1 nəfər də həyatdan eyni ssenari ilə getmişdilər. Hər dəfə də rəsmilər qəzanın sakinlərin ehtiyatsızlığı və qaydalara əməl etməməsi üzündən baş verdiyini deyirlər.
Nə baş verir? Doğrudanmı, sakinlər yalnız 2012 və 2013-cü illərdə bütün ehtiyat qaydalarını unutmağa başladılar? Elədirsə, bundan əvvəlki qarışıq dövrlərdə, hətta 1990-cı illərin xaosunda niyə bu cür qəzalar baş vermirdi?
Məsələ bundadır ki, tipik layihəli sovet binalarında liftlər kütləvi şəkildə yalnız doqquz mərtəbəli panel evlərə qoyulmağa başlayıb və bu binaların gur tikintisi 1970-ci illərə təsadüf edib. Bakıda isə belə binalar 1970-ci illərin sonlarında -1980-ci illərin əvvəllərində tikilib. O vaxt binalara qoyulan sovet liftlərinin yararlılıq müddəti təxminən 25 ilə hesablanmışdı və artıq bir çox liftlərin çoxu 30 ildən artıqdır ki, istifadə edilir. Yəni nə qədər təmir edilməsinə, tros, mühərrik sarğısı, rele və s. dəyişdirilməsinə baxmayaraq, liftlərin fəaliyyəti sona çatır. Obrazlı şəkildə deyilsə, liftlər ölür və ölərkən insanları da öldürürlər.
Azərbaycanda minlərlə bu cür doqquz mərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya görə, Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Bu yetərincə yüksək rəqəmdir: statistikaya görə, Bakıda 470 min ailə təsərrüfatı qeydiyyatdadır. Yəni Bakıda yaşayan hər 3 ailədən 1-i lift təhlkəsi ilə üz-üzədir. Şəhərin mərkəz hissəsində isə risk göstəricisi xeyli yüksəlir.
Bakı liftləri o qədər köhnəlib ki, bəzən qorxu filmlərinin epizodlarını xatırladır - sakinlər itlərini liftlə aparıb gətirdiyindən, balaca uşaqların tərbiyəsizliyi üzündən əksər liftlərdə içəridən sidik iyisi gəlir, düymələri tərbiyəsiz gənclər siqaretlə yandırıblar və mərtəbə işarələri yoxdur, lampalar isə sınıq olduğundan adamlar, xüsusilə də qadınlar liftə tək minməyə üstünlük verirlər. Lift xarab olduqda isə müracət etməyə heç bir ünvan, telefon nömrəsi, çağırış düyməsi yoxdur, ümid yalnız pilləkənlə enib-qalxan adamların içəridən gələn haraylara göstərdiyi reaksiyaya qalıb. İndi adətən belə vəziyyətdə köməyə mobil telefon gəlir, adamlar qohum-əqrabalarına zəng edib yardım istəyirlər. Məsələn, keçən il liftdə qalmış Odessa sakini mobil telefonun yardımı ilə divarda kiminsə flamasterlə yazdığı nömrəyə zəng etmişdi və xoşbəxtlikdən həmin nömrə lift idarəsinin nömrəsi çıxmışdı.
Bakı liftlərində hər cür "divar ədəbiyyatına", cürbəcür "elan"lara çox rast gəlindiyindən liftdə qalanın hansısa nömrəyə zəng edib yardım ala biləcəyinə də ümid azdır. Buna görə də sakinlərin çoxu, xüsusilə də 4, 5 və 6-cı mərtəbələrdə yaşayanlar liftdən bir dəfəlik imtina ediblər.
Vəziyyətdən necə çıxmaq olar? Rəsmilər problemdən xəbərdar olduqlarını söyləyirlər və istismar vaxtlarının keçməyinə baxmayaraq, həmin liftlərin hamısının nəzarətdə olduğunu bildirirlər, iddia edirlər ki, köhnə liftlər ilbəil siyahıya salınaraq dəyişdirilir. Rəsmi rəqəmlərə görə, keçən il Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişidirilib. Liftlərin dəyişdirilməsi prosesi indi də davam edir və fevralın sonuna kimi 105 lift də tam dəyişdiriləcək. Bununla da ümumilikdə dəyişdirilmiş liftlərin sayı 1200-ə çatdırılır.
Təbii ki, liftlərin dövlət hesabına dəyişdirilməsi yetərincə müsbət və sosial yönümlü bir addımdır. Hər halda, mənzil fondunun əsas hissəsi yenilənib və sakinlər liftləri məhz özləri təmir etdirməlidirlər. Amma ölkə başçısı Bakı, Gəncə və Sumqayıtda liftlərin yenilənməsi üçün bir neçə dəfə sərəncam verib və bunun üçün 20 milyon manata yaxın vəsait ayırıb.
Amma burada diqqətdən qaçan bir məsələ var: yeni liftlərdə də əvvəlki sovet liftləri kimi əlil arabalarının hərəkəti nəzərə alınmayıb. Məsələ burasındadır ki, sovet liftlərinin qapısı 70 santimetr açılırdı ki, əlil arabalarının keçməsi üçünsə ən azı 75 santimetr lazımdır. O vaxt tipik binalar belə planlaşdırılırdı. Amma sovet lift standartları ilə maraqlandıqda görmək olur ki, eyni şaxtada cüzi konstruktiv dəyişiklik aparmaqla qapısı 80 santimetr açılan liftlər də qoymaq olur. Amma bu zaman liftin yükgötürmə qabiliyyəti aşağı düşür və lift 400 kiloqramdan (4 adamdan) artıq yük götürə bilmir. Sözügedən "Otis" firması da eni 1,6 metr olan şaxtalar üçün qapısı 0,7 metr və 0,8 metr olan iki variantda lift buraxır. Yəni Bakıda liftlərin yeniləşməsi məsələsində bəlkə də bunu nəzərə almaq olardı.
Bu çərçivədə paytaxtda həll olunmamış qalan başqa məsələ isə sovet 5 mərtəbəli binaları üçün liftlərin qurulması məsələsidir. Almaniya birləşdikdən sonra belə binaların əksəriyyətinə şüşə liftlər quraşdırdılar ki, bu zaman əlil arablarının da hərəkəti nəzərə alındı. Əgər hökumətin sosial siyasəti çərçivəsində bu layihə də gerçəkləşərsə, nə bilmək olar, bəlkə də əlil arabalarının hərəkətsizlikdən çıxarılması istiqamətində irəli çox önəmli bir addım atıla bilər.
Sonda isə bir sual açıq qalır: ölkə boyu liftlərə cavabdeh olanlar Azərbaycanda liftlərin dəyişdirilməsi üçün vəsaitlərin artması ilə lift qəzalarının da artması arasındakı təzadı necə izah edir? Görəsən bu təzad lift büdcəsinin xərclənməsi ilə bağlı ortada hər hansı qeyri-şəffaflığın olmasından xəbər vermir ki?
Yaxşı olar, məsul şəxslər bu suala da cavab versin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53