Stalin hansı kitabları oxuyurdu?
12:25 15-02-2014
CƏMİYYƏT
Stalin hansı kitabları oxuyurdu?
Nə qədər gərgin işləsə belə, o, kitab, qəzet və jurnallar oxumağa gündə ən azı 2-3 saatını ayırırdı.
(əvvəli çərşənbəgünki
"Qələmdan"da)
Hələ Karl Marks deyirmiş ki: "Kitablar - mənim qullarımdır" və buna görə də oxuduğu bütün kitabların səhifələrini qara-qura qeydlərlə doldururmuş, səhifələrin ətəyini qatlayırmış, gərəkli yerləri asan tapmaq üçün oraya nə isə qoyurmuş.
Stalin də eyni şəkildə davranırmış, buna görə də yüzlərlə kitabın səhifələrində onun qiraət prosesinin aşkar izlərinə rast gəlmək mümkündür.
1920-ci illərdə bir oxucu kimi Stalinin tərcihləri
Həm köhnə dövrə aid, həm də yeni nəşrlərdə, oçerklərdə Stalinin təhsil səviyyəsi və intellekti barədə şişirtmələrə vaxtaşırı rastlansa da, bir çox müəlliflər bu səviyyənin xeyli aşağı olduğunu vurğulamağa çalışırlar.
Heç şübhəsiz ki, 1920-ci illərdə Stalin daha çox cürbəcür sənədləri, şikayətləri və imzasız məktubları, Mərkəzi Komitənin və digər idarəetmə orqanlarının qərar layihələrini, plan və icmalları oxumağa məcbur idi.
Ölkədəki vəziyyətlə bağlı o, NKVD-dən vaxtaşırı və geniş şərhlər alırdı. Siyasi Büronun digər üzvləri də bu cür icmalarla tanış olurdular, lakin bunlardan bəziləri sadəcə bir nüsxədə tərtib edilməklə, yalnız Stalinə ötürülürdü.
Kommunist İnternasionalının İcraiyyə Komitəsindən də Stalinin ünvanına çoxlu sayda sənəd daxil olurdu. İmzalayacağı sənədlərlə Stalin böyük diqqətlə tanış olur, çox vaxt onlarda düzəlişlər edir, açıqlanan fikri dəqiqləşdirirdi. Bu dərəcədə məşğul olmasına rəğmən, o, kitab, qəzet və jurnallar oxumağa da gündə ən azı 2-3 saatını ayırırdı.
O, gündə bir neçə kitabı vərəqləyər, ya da oxuyardı. Yazı masasının üstündəki təzə kitablar bağlamasını ziyarətçilərinə göstərərək, bir neçə dəfə demişdi: "Gündə 500 səhifə - mənim üçün normaya çevrilib".
Bir ildə min kitab
Beləliklə, bir ildə o, minə yaxın kitabla tanış olurdu. Ona görə də kiçik bir məqalədə Stalinin bir oxucu kimi bütün maraqlarını araşdırmaq imkansızdır. Buna baxmayaraq, Baş katibin qiraət məsələlərində nələrə üstünlük tanıdığını qismən açıqlamaq mümkündür.
1920-ci illərdə Stalin daha çox başqa ölkələrdə baş verən inqilabların və inqilabi hərəkatların tarixi barədə, xüsusilə də Çinin tarixi və iqtisadiyyatı barədə kitablar oxuyurdu, çünki orada genişmiqyaslı və güclü fəhlə-kəndli inqilabı, demokratik inqilab baş vermişdi.
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının tarixinə dair bütün yeni araşdırmalarla tanış olurdu.
L.Spirinin apardığı hesablamalara görə, Stalinin kitabxanasındakı nəşrlərin yarısı hərb sənətinə və savaş tarixlərinə aid imiş.
1950-ci illərin ortalarında Sovet İttifaqı Kommunist Partiyası nəzdindəki Marksizm-Leninizm İnstitutunun özəl kitabxanasının müdiri işləyən və 1957-ci ildə Stalinin şəxsi kitabxanasındakı nəşrləri adıçəkilən İnstitutun fonduna qəbul edən Y.Şarapov deyirdi ki, qədim assuriyalılar, yunanlar və romalılarla bağlı inqilabdan əvvəl çap edilmiş kitabların səhifələrində Stalinin etdiyi saysız-hesabsız qeydlər var imiş. Onun kitabxanasına bu nəşrlər məhz 1920-ci illərdə daxil olubmuş.
Öz köməkçisi və kitabxanaçısı vasitəsiylə Stalin müvəqqəti istifadə üçün xeyli kitab və jurnal sifariş edirmiş, buna görə də Ümumittifaq Kommunist (bolşevik) Partiyasının kitabxanasından və əsas dövlət kitabxanalarından onun üçün Kremlə bağlamalarla kitablar daşınırmış.
Stalinin sifariş etdiyi bəzi kitabları bəzən uzun-uzadı axtarmaq lazım gəlirmiş.
Rəhbərin istifadəsinə verilən bütün kitablar, müvəqqəti istifadə olunanlar da daxil, Stalinin katibi tərəfindən qeydiyyatdan keçirilirmiş.
Bu cür siyahı və reyestrlər bəzən hədsiz uzun olurmuş. Müəlliflərin şəxsən göndərdiyi və nəşriyyatlardan kuryerlərin daşıdığı kitabların siyahısı isə ayrıca tutulurmuş.
Sözügedən reyestrlərin bəziləri hələ də qalmaqdadır və onlarla bağlı şərhlər Rusiyanın çağdaş solçu mətbuatında çap olunubdur.
Məsələn, tarixçi Mixail Vilçan arxivlərdən birində "1926-cı ilin aprel-dekabr aylarında İ.V.Stalinin mənzilinə göndərilən ədəbiyyatın reyestri"ni tapıb.
Bu siyahıda yüzlərlə nəşrin adı var. Tarix, sosiologiya və iqtisadiyyat, habelə bədii nəsr burada üstünlük təşkil edir. Həmin reyestrdə ruh və hipnoz, əsəb sistemi və zöhrəvi xəstəliklər, idman və cinayət aləmi, ölülərin dirildilməsi və dövlətin ölüm hökmü tətbiq etmək hüququ barədə kitablara rast gəlinir.
Hətta orada E.Brandt adlı bir müəllifin yəhudilərin dini ayin (mərasim) xarakterli cinayətləri barədə antisemit kitabçanın da adı var. Dəqiq elmlərə həsr olunmuş xüsusi ədəbiyyatı Stalin nə oxuyur, nə də sifariş verirdi, ancaq elmi-populyar kitablara böyük maraq duyur, onların qiraətinə xeyli vaxt ayırırdı. Belə kitablardan birini - B.Andreyevin "Təbiətin ram olunması" adlı əsəri Stalin nəinki oxumuş, hətta oğlu Yakova 20 yaşı münasibəti ilə hədiyyə edərkən, onu mütləq oxumasını məsləhət görmüşdü.
1930-cu illərin əvvəllərində də Stalin SSRİ-də nəşr olunan yeni bədii əsərlərin və qalın ədəbi jurnalların hamısını oxuyurdu. Buna görə yazıçıların özləriylə də vaxtaşırı görüşməyi uyğun bilirdi.
Bu cür görüşlər adətən ciddi şəkildə hazırlanır və Maksim Qorkinin Malaya Nikitskaya küçəsindəki mənzilində keçirilirdi. Bu iri malikanə tədbirlər üçün əlverişli idi və inqilabdan qabaq tacir Ryabuşinskiyə məxsus olmuşdu.
"Sakit Don" romanının üçüncü kitabının və "Oyanmış torpaq" romanının taleyini müzakirə eləmək üçün Stalin və Qorki 1932-ci ilin əvvəllərində Mixail Şoloxovla məhz bu malikanədə görüşmüşdü. Romanın ilk iki kitabını bəyəndiyini deyən Stalin bəzi məqamlarla bağlı iradlarını müəllifə açıqlamışdı. Halbuki həmin dövrdə Stalin Andrey Platonovun və Mixail Bulqakovun yeni əsərlərinin çapına yasaq qoymuşdu.
(sonu gələn çərşənbəgünki "Qələmdan"da)
Roy Aleksandroviç Medvedev
Çevirəni: Azad Yaşar
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19