Heydər Əsədov Hesablama Palatasının əli ilə KTN əməkdaşlarını “vurur”
10:47 18-02-2014
İQTİSADİYYAT
Heydər Əsədov Hesablama Palatasının əli ilə KTN əməkdaşlarını “vurur”
Yeni nazir İsmət Abbasovun nazirlikdəki bütün “izlərini” itirməyə çalışır
Hesablama Palatasının sabiq sədri, hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədov artıq rəhbərlik etdiyi nazirlikdə “təmizləmə əməliyyatına” girişib. Bununla bağlı “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, yeni nazir bəzi səbəblərdən açıq şəkildə üstünə gedə bilmədiyi KTN əməkdaşlarını məhz Hesablama Palatasının əli ilə sıxışdırmağa başlayıb.
Xatırladaq ki, Hesablama Palatasının yeni sədri Vüqar Gülməmmədov məhz KTN rəhbərinin kadrı kimi tanınır və onun həmin vəzifəyə təyinat almasında da Heydər Əsədovun böyük rol oynadığı bildirilir. İndi isə Heydər Əsədov malik olduğu bu üstünlükdən istifadə etmək və Hesablama Palatasının vasitəsilə arzuolunmaz saydığı şəxsləri sıradan çıxartmaq planını işə salıb. Onun əsas hədəfi isə rəhbərlik etdiyi nazirlikdə keçmiş nazir İsmət Abbasova yaxınlığı ilə seçilən rəhbər şəxsləri zərərsizləşdirməkdir. Bu siyahıda isə ilk yerlərdən birini məhz Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbərliyində yer alan şəxslərdir. Məlumat üçün qeyd edək ki, Baytarlıq Xidmətinin rəsidi Siyalə Rüstəmovadır və o həmin posta 2010-cu ildə o vaxtkı nazir İsmət Abbasov tərəfindən təyin olunub. Dünən Hesablama Palatasının yaydığı rəsmi məlumat isə hədəfin məhz Baytarlıq Xidməti olduğuna şübhə yeri qoymadı.
Belə ki, ötən gün Hesablama Palatasında kollegiya iclası keçirilib.
Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən dövlət büdcəsi vəsaiti hesabına maliyyə-təsərrüfat əməliyyatlarının, aktivlərinin uçotu, istifadəsi, saxlanılması və satışının, habelə vergi və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə” və “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri üzrə” Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib.
Kollegiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara külli miqdarda zərərin vurulması faktlarının auditlə müəyyən edildiyi nəzərə alınaraq və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq hər iki nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub.
Bütün bu kimi sərt tədbirlər isə əslində Siyalə Rüstəmovaya qarşı yönəlib. Çünki çıxan nəticə də budur ki, Baytarlıq Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri cinayət tərkibli əməllərə imza atırlarsa burada rəhbər kimi xidmət rəisinin də məsuliyyəti gündəmə gəlir. Mənbənin iddiasına görə, elə əsas məqsəd də budur və bü səbəbdən də yaxın zamanlarda Siyalə Rüstəmovaya qarşı hücumların daha da intensivləşəcəyini proqnozlaşdırmaq olar.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05