Ukrayna qan gölünə çevrilir
Ukrayna qan gölünə çevrilir

Rejim qüvvələrinin etirazçılara qanlı güc tətbiqi ölkəni vətəndaş müharibəsinə sürüklədi

Ukraynada xalqın Viktor Yanukoviç rejiminə qarşı mübarizəsi böyüyür. Srağagün axşamdan hakimiyyətin silahlı birləşmələrinin Maydana (etirazçıların toplaşdığı Kiyevin Müstəqillik Meydanı) qanlı hücumu hadisələri fərqli istiqamətə yönəldib.

Artıq dünyanın nüfuzlu KİV-ləri Ukraynada vətəndaş müharibəsinin başladığını, Yanukoviçin legitimliyini itirdiyini və prosesin önünə keçilməsə, daha dəhşətli sonuclara yol açacağını yazırlar.

Etirazçılar "Berkut"un burnunu ovdu

Dünən gecə radələrində Kiyevin Müstəqillik Meydanında etirazçılara qarşı həmləyə keçən xüsusi təyinatlılar Müstəqillik Stelasını mühasirəyə alıblar.
"UNİAN"ın verdiyi xəbərə görə, beləliklə, milis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala biliblər.
Səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.
"Azadlıq" partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta "Qlobus"un damından da etirazçılara hücuma keçib.
Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanır. Konservatoriyanın binasında da yanğının başladığı bildirilir.
Etirazçılar, buna cavab olaraq, avtomobil şinlərini yandırır, milis əməkdaşlarına daş və "Molotov kokteyli" atıblar. Maydanda quraşdırılmış səhnədə "Azadlıq" hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edib.

Ukraynada matəm
elan olundu

Ukrayna prezidenti Viktor Yanukoviç dünən sərəncam imzalayaraq fevralın 20-ni ümummilli matəm günü elan edib. Sərəncam həmin gün üçün ölkədə dövlət bayraqlarının endirilməsini, əyləncə mərasimləri və idman yarışlarının qadağan olunmasını nəzərdə tutur.
Fevralın 18-dən bəri paytaxt Kiyevdə radikal müxalifətlə hökumət qüvvələrinin toqquşmasında 25 nəfər həlak olub.
Dünən o da məlum olub ki, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Viktor Yanukoviçə zəng edib. Kremlin saytının verdiyi məlumata görə, Vladimir Putin deyib ki, Ukraynadakı kütləvi iğtişaşlara görə məsuliyyəti ekstremistlər daşyır. Rusiya prezidentinin fikrincə, baş verənləri dövlət çevrilişinə cəhd kimi də qiyməitləndirmək olar.

Yanukoviç müxalifət
liderlərinə yalvardı

Bu arada dövlət başçısı müxlifət liderlərinə çağrış edərərk onları danışıqlar masasına qayıtmağı təklif edib: "Hələ konflikti dayandırmaq üçün gec deyil. Düzdür biz ölənləri geri qaytara bilmərik. Biz hakimiyyətə can atanların ambisyalarına görə, yüksək məbləğ ödədik. Amma bu məbləğin daha da böyüməməsi üçün ayılmalıyıq. Danışıqlar masasına əyləşərək Ukraynanı xilas etməliyik. Baş verənləri gələcək nəsil bizə bağışlamayacaq".
Ukraynanın digər şəhərlərində də kütləvi aksiyalar keçirilməkdədir. Lvovda mitinqçilər prokurorluğu və hərbi hissəni ələ keçiriblər. Hərbçilərin razılığı ilə hissədəki silah-sursat qeydə alınıb və onlara toxunulmayıb.

Ukraynanın
İvano-Frankovsk
şəhərində etirazçılar dövlət binalarını
ələ keçirdi

Ukraynanın İvano-Frankovsk şəhərində etirazçılar vilayət prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binalarını ələ keçiriblər.
"RBK-Ukrayna"nın verdiyi məlumata görə, gecə saatlarında yüzlərlə şəxs prokurorluğun binasına daxil olub.
Bir müddət sonra onlar Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binasını ələ keçirməyə müvəffəq olublar.
Etirazçılar həmin binada qərargah yaradıblar.

Kiyevə giriş bağlandı, xalq meşələrlə əyalətdən paytaxta axışır

Ukraynanın paytaxtı Kiyevə giriş bağlanıb. "EuroMaydan"ın "Facebook" səhifəsinin məlumatına görə, səhər yerli vaxtla saat 8:50-dən etibarən Borispol trası ilə paytaxta giriş iki yerdən kəsilib.
Yalnız bir yol açıq saxlanılıb. Bu yolda da maşınlar yoxlanılır. Obuxovodan Kiyevə girişdə isə 3 ZTR, daş və qumla dolu maşınlar, yol polisləri durub. Onlar minik maşınları və marşrut avtobuslarını yoxladıqdan sonra paytaxta buraxırlar. Brovarı şossesindən girişdə də yalnız bir xətt açıqdır. Böyük yük maşınları hətta sənədləri qaydasında olsa belə, geri qaytarılır.

"Kiyevdəki qırğına
Putin rəhbərik edir"

"Kiyevdə baş verən qanlı hadisələr birbaşa Kremldən verilən göstərişlər əsasında həyata keçirlir". Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna TV-sinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putin Kiyev hakimiyyətinə ayırdığı 2 milyard dollarlıq növbəti pul tranşı ilə Yanukoviçi satın alıb.
"Putin bu pul müqabilində Yanukoviçdən vətəndaşalara qarşı qanlı müdaxiləsi üçün icazə əldə edib. Dinc və avropalaşmış Ukrayna Putinin sonu deməkdir"-deyə Saakaşvili bildirib.

Putinin mətbuat katibi: "Kreml Ukraynadakı
hadisələri
diqqətlə izləyir"

"Kreml Ukraynadakı hadisələri diqqətlə izləyir". Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, rəsmi Moskvanın Ukraynadakı hadisələri diqqətlə izlədiyini və qarışmamaq prinsipinə əməl etdiyini bildirib: "Biz mütləq orda baş verənlərə münasibətimizi bildirəcəyik. Lakin bu, bir qədər sonra olacaq. Əsas prinsip Kievdə baş verənlərə qarışmamaqdan ibarətdir. Bu barədə dəfələrlə deyilib və Kreml də bu xətti tutub".

Kiyev: Xəstəxanalar
dolub, qan çatışmır

Ukraynada xəstəxanaları yerli sakinlərə müraciət edib. Ukrayna KİV-nin məlumatına görə, paytaxtın xəstəxanaları yaralılarla doludur. Həkimlər imkanı olanlardan nisbətən yüngül xəsarət alanları evləri aparılmasını xahiş ediblər.
Başqa bir məlumata görə, xəstəxanalarda qan ehtiyatı tükənib. İnsanlarə təcili qan verməyə çağırırlar.

ABŞ-dan və
Avropadan Yanukoviç rejiminə sərt mesajlar

Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissiyasının sədri Ketrin Eşton Ukraynada cərəyan edən hadisələrlə bağlı narahatlığını ifadə edib.
Avstriyanın paytaxtı Vyanada çıxışı zamanı Eşton rəsmi Kiyevi zorakılıqlardan çəkinməyə çağırıb.
Eşton bildirib ki, hökumətin aksiyaların qarşısını güc tədbiq edərək alacağı bəyanatı arzuolunmaz nəticələr doğura bilər.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Ukraynadakı zorakılıqlara görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların Avropa Birliyi ölkələri tərəfindən təsdiqlənəcəyini gözləyir. Məlumatı Reuters agentliyi yayıb.
Qeyd edək ki, Avropa Birliyinin siyasət və təhlükəsizlik komitəsi Bğrüsseldə Ukraynadakı vəziyyətə müdaxilənin bütün mümkün variantlarını müzakirə edir.
Polşanın baş naziri Donald Tusk isə bəyan edib ki, Avropa Birliyindən Ukrayna hökumətinə qarşı saknsiyaların tətbiqini tələb edəcək.

Ukrayna üçün
beş ssenari

Bəs bütün bunlar nə ilə yekunlaşa bilər? Ukrayna ilə bağlı 5 mümkün ssenarini tədqim edirik:
Ssenari ¹ 1: Bu ssenarini ekspertlər daha inandırıcı sayırlar. Hakimiyyət müxalifətlə sövdələşir və nəticədə müxtəlif oyunçular üçün fərqli kvota nəzərdə tutan koalisiya hökuməti formalaşır. Müxalifət baş nazir və daha bir neçə nazir postuna yiyələnir.
Lakin Yanukoviç güc strukturlarını müxalifətin nəzarətinə verməz. O, təkid edəcək ki, konstitusiyanın qarantı kimi güc sferasını öz nəzarətində saxlamalıdır.
Bu ssenarini risk etmək istəməyən oliqarxlar da dəstəkləyir.
Bu variant Yanukoviç üçün digər ssenarilərdən daha əlverişli olsa da, güzəştlər onun mövqeyini xeyli zəiflədəcək. Amma müxalifət üçün də hər şey yaxşı keçməyəcək. Ekspertlərin fikrincə, baş nazir postu hazırda ən arzuolunmaz postdur. Baş nazir olan şəxs bir sıra iqtisadi və siyasi və maliyyə problemlərinin həlli üçün çox güman ki, qeyri-populyar siyasət yeritməyə məcbur olacaq. Bu baxımdan, Yanukoviçin Vitali Kliçkoya təklif etdiyi baş nazirin humanitar məsələlər üzrə müavini postu ən uyğun və təhlükəsiz postdur. Bu vəzifədə çalışaraq Kliçko prezident seçkilərinə qədər öz reytinqini daha asan qoruya bilər. Lakin müxalifətçi hələ ki, bu təklifdən imtina edib.
Ssenari ¹ 2: Əgər Ukrayna ölkədə prezident-parlament idarəetməsini nəzərdə tutan 2004-cü ilin konstitusiyasına qayıdarsa, hadisələr başqa ssenari ilə inkişaf edəcək. Yanukoviç prezident qalacaq, baş nazir postunu isə müxalifət nümayəndələrindən biri təyin olunacaq. Yeni konstitusiyaya əsasən onların səlahiyyətləri təxminən bərabər olduğuna görə, hakimiyyət uğrunda mübarizə başlayacaq.
Belə ssenaridə müxalifət çətin ki, Rusiya qarşısında götürülən öhdəlikləri (aviasiya və atom energetikası sahələrindəki ortaq proektlər) icra etsin və yaxınlarda əldə olunmuş bütün razılıqlar ləğv olunacaq.
Bu gün Ukrayna iqtisadiyyatının stabil qalmasının əsas təminatı Rusiyanın söz verdiyi 15 milyard dollarlıq kredit və qazın qiymətinə edəcəyi güzəştlərdir. Əgər yeni hökumət Rusiya ilə müqavilələri pozarsa, onda Ukraynanı siyasi böhranla yanaşı iqtisadi problemlər də gözləyir.
Ssenari ¹ 3: Əgər Qərb ölkələrinin planları uğur qazansa və ukraynalı oliqarxlar razılaşsa, onda ölkədə ikinci dəfə "narıncı" ssenari gerçəkləşəcək. Bu isə o deməkdir ki, Viktor Yanukoviç istefa verir və növbədənkənar seçkilər təyin olunur. Seçkiləri Vitali Kliçko qazanır. Lakin mütləq hakimiyyət olun əlində olmayacaq: Qərb Ukraynanın prezident-parlament respublikası olmağında maraqlıdır. Baş nazir postunu tutacaq Arseni Yaçenyuk Kliçkoya qarşı qoyulacaq.
Ssenari ¹ 4: Ukraynanın federativ quruluşa keçməsi. Hələ ki, bu ssenari hakimiyyət tərəfindən ciddiyə alınmır. Lakin əgər yeni hökumət situasiyanı nəzarətdə saxlaya bilməsə federasiya məsələsi yenidən qaldırılacaq. Bunun üçün Ukrayna elitasının hazır olmadığı təşkilatlanma işi aparmaq lazımdır. İndi federallaşma prosesi başlansa, onun üzərində nəzarəti itirmək ehtimalı var. Onda federalizm ölkənin dağılması üçün bir ad ola bilər.
Ssenari ¹ 5: Ukraynanın bir neçə hissəyə bölünməsi. Bu, ən pis variant olsa da, hakimiyyətin təklif etdiyi kompromis həll "Meydan" tərəfdarlarını razı salmasa bu mümkündür. Əgər bütün Ukraynanı "narıncı" eləmək alınmazsa, Qərb bu ssenariyə qarşı çıxmayacaq. Əksinə ölkəni parçalayacaq və Ukraynanın bir hissəsini özünə tərəf çəkib, digər hissəsini vətəndaş müharibəsi vəziyyəti çatdıracaq. Onlar üçün Ukraynanın bütövlüyü çox böyük önəm daşımır.
Ölkə 3 yerə - Qəbri Ukrayna, Şərqi Ukrayna və Krıma bölünə bilər.

Maydanda
azərbaycanlılar var?

"Maydanda azərbaycanlı tələbələr olmaması barədə yayılan xəbərlər cəfəngiyyatdır. Bu məlumatları verən şəxslərin özlərinin heç bir şeydən xəbərləri yoxdur". Bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.
O, qeyd edib ki, Maydanda azərbaycanılıların olmaması barədə kimsə reklam xarekterli məlumat veribsə, bu gülməli haldır: "Bundan heç kəs xəbər tuta bilməz. Belə məlumatlar Azərbaycana tez-tez ötürülür".
H.Cavadov qeyd edib ki, Kiyevdə olan soydaşlarımızdan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisinə tez-tez zənglər daxil olur. Vilayətlərdən gələn zənglərdə Kiyevə gələn azərbaycanlılar barəsində məlumat öyrənirlər.
Birləşmiş Diasporunun sədrinin sözlərinə görə, Maydana gedib araşdırma aparacaqlar. Ondan sonra hadisələr zamanı azərbaycanlılar arasında xəsarət alan və almayan soydaşlarımız barədə məlumat veriləcək: "İnsanların çox olduğu yerlərdə mobil telefonlar vasitəsi ilə əlaqə saxlamaq çox çətin məsələdir.İştişaşlar baş verən yerlərdə əksər hallarda mobil telefonlar çalışmır".
H.Cavadov Ukraynada baş verən iğtişaşlarla əlaqədar olaraq soydaşlarımıza xəbərdarlıq edildiyini də sözlərinə əlavə edib. O, bildirib ki, dəfələrlə Ukraynadakı Azərbaycan Səfirliyi və rəhbərlik etdiyi qurum tərəfindən soydaşlarımıza təhlükəsizlik qaydaları barədə məlumatlar verilib. "Maydanda da olan soydaşlarımız vaxtaşırı bizim ofisə gəlirlər və biz onlara lazımı köməkliyi göstəririk".

Kənan Rzaquliyev